Azərbaycanın beynəlxalq məsələlərdə müstəqil mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, hazırkı mürəkkəb tarixi mərhələdə beynəlxalq problemlərin həlli yolu yalnız beynəlxalq hüquqa əsaslanmalı və ədalətli olmalıdır:
“Hər nə qədər bu gün ikili standartlara söykənən hegemon aktorlar öz mənafelərinə uyğun gəldikdə öncə sülh, sonra ədalət prinsipi ilə məsələləri həll etməyə çalışsalar da həqiqiət budur ki, ədalət olmadan sülh yaratmaq mümkün deyil. Ədalətli olmayan və beynəlxalq hüquqa əsaslanmayan sülh əslində məcburetmədir və daimi ola bilməz. Qüds probleminin həllində də Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır. Azərbaycan hələ İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunub və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirib. Bu mövqeyini BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı təkrar edən Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüququn norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib. Bununla da bir daha özünün xarici siyasət prinsiplərinə və beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirib”.
H.Babaoğlunun sözlərinə görə, eyni zamanda hər kəsə aydın oldu ki, Azərbaycan islam həmrəyliyi çağırışının müəllifi kimi mənəvi-siyasi baxımdan buna layiqdir və islam həmrəyliyini həm də mədəniyyətlərarası dialoq vasitəsi kimi görür:
“Bəzi müsəlman, yaxud türk-müsəlman ölkələrinin çəkingən və ya qeyri-müəyyən mövqeyi kontekstində ölkəmizin belə prinsipial mövqe nümayiş etdirməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına və güclü dövlət kimi onunla hesablaşmağın zəruri olduğuna gətirib çıxaracaq. Bu həm də onun göstəricisidir ki, hər hansı problemin həllində, onun mövcud olduğu coğrafiyadan, yaxud dini, etnik mənsibiyyətindən asılı olmayaraq Azərbaycan bütün hallarda beynəlxalq hüququn təntənəsinin tərəfdarıdır. Heç sübhəsiz ki, ilk növbədə Dağlıq Qarabağ probleminin həllində də Azərbaycan beynəlxalq hüququn başlıca prinsipi olan dövlətlərin ərazi bütövlüyünün təmin olunmasını istəyir və tərəfdaş ölkələrdən də belə mövqe nümayiş etdirmələrini gözləyir”.