Teleqraf.com Speys TV-nin keçmiş rəhbəri, tanınmış jurnalist Etibar Babayevlə müsahibəni təqdim edir.
– Etibar müəllim, atanız Adil Babayev Azərbaycanın tanınmış şairidir. Adil müəllim yadınızda necə qalıb? Sadəcə, bir ata kimi, yoxsa dost kimi, şair kimi, ya necə?
– Son dərəcə zəhmətkeş, mənəviyyatca zəngin, işinə məsuliyyətlə yanaşan, sədaqətli, vəfalı, ailəcanlı adam kimi qəlbimdə qalıb mənim atam. Adil Babayev qırx ildir ki, dünyasını dəyişıb. Amma indiyə kimi, kütləvi informasiya vasitələrində onun şəxsi keyfiyyətləri, çoxşaxəli yaradıcılığı barədə müxtəlif səpkili yazılar dərc olunur, televiziya və radio verilişləri efirə verilir. Onun həyat və yaradıcılığın tətqiq edən alimlər fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.
– Onun şeirlərinə mahnılar da yazılıb...
– Bəli, Adil Babayevin sözlərinə yazılan mahnılar el şənliklərində, efirlərdə daim səslənir. Vəfatından sonra 12 kitabı nəşr olunub. Bu yaxınlarda “Yaşamağı bacarmıram” adlı şeirlər kitabı Təbrizdə çapdan çıxıb. “Azərbyacantelefilm”in istehsalı olan “Ata olsam belə, ata istərəm” adlı sənədli film AzTV-də yayınlanıb. Bununla demək isyətirəm ki, mənim atam tək mənim deyil, poeziyasevərlərin də yaddaşında qaldığı üçün bir oğul kimi qürur duyuram.
O, körpə vaxtlarından mincür çətinliklə, haqsızlıqla qarşılaşsa da, həyatda və yaradıcılığında son dərəcə nikbin, sağlam mövqe sahibi idi. Mən indi də vaxtaşırı onun şeirlərini, poemalarını, məqalələrini təkrar nəzərdən keçirəndə özüm üçün yeni, ibrətamiz fikirlər tapıram. Atam bu gün də mənə mənəvi dayaqdır. Əbədi dəyərlərin dəyərizləşdiyi, “daşqəlbli” insanların, biganəlik mərəzinə yoluxanların çevrəmizdə çoxaldığı kimsəyə sirr deyil. Belə məqamlarda ədiblərimizin sözlərinə, fikirlərinə, nəsihətlərinə ehtiyacı daha da artır. Mənim üçün bu cür mənbələrdən biri uşaq vaxtlarımdan şəxsi nümunəsi və yaradıcılığı ilə mənə ali hisslər aşılayan atam Adil Babayevin ədəbi irsidir. Repressiya zülmünə məruz qalan Babayevlər ailəsinin övladı kimi, Adil çox erkən ata nəvazişindən məhrum olub. Bəlkə bu səbəbdən mən dünyaya gələndən özünə nəsib olmayan ata sevincini mənə ikiqat yaşatmağa çalışıb.
– Maraqlıdır, çətinliklərdən ən çox sizi nə xilas eləyib - Adil Babayevin oğlu olmaq, öz ağlınız, istedadınız, savadınız, yoxsa nə?
– Mənə verilən düzgün ailə tərbiyəsi. Mənə aşılanan özünəgüvən hissi. Zəhmətə qatlaşmağın sevincini dadmaq qabiliyyəti. Ədalətin varlığına, həqiqətin əvəl-axır üzə çıxacağına inam yaratması. Mənə ilahi qüvvənin bəxş etdiyi istedad, yaradıcılıq qabiliyyəti, əldə edə bildiyim savad, bilik, iş və həyat təcrübəsi həmin zəmin üzərində formalaşdığından ayağımın altından torpaq heç vaxt qaçmayıb.
– Bəs hazırda nə işlə məşğulsunuz, ən çox nədir həyatı sizin üçün maraqlı və əhəmiyyətli eləyən?
– Bakı Slavyan Universitetində jurnalistika fakültəsinin professoruyam. Tələbələrlə görüşmək, bilik və təşrübəmi onlarla bölüşmək mənim üçün çox maraqlı, gərəkli və əhəmiyyətlidir. On beş illik pedaqoji fəaliyyətim həyatımda əhəmiyyətli mərhələdir. Hesab edirəm ki, mən auditoriyada təkcə dərs demirəm, həm də zamanın nəbzini doğru tuta bilməyi gənclərdən öyrənirəm. Auditoriya ilə əlaqə qarşılıqlı qurulmalıdır. Xoşbətlikdən tələbələrimlə birlikdə buna nail ola bilmişik.
– 2001-2006-cı illərdə " Speys" müstəqil teleradio şirkətinin prezidenti olmusunuz. Adınızın həmişə “Speys”lə yanaşı çəkilməsi sizə necə təsir edir, hansı hisləri keçirirsiniz?
– Yetmişinci illərin əvvəlindən mənim həyatım televiziya ilə sıx bağlıdır. 1975-ci idə Azərbaycan Dövlət Teleradio Komitəsində əmək fəaliyyətinə başlamışam. Müxtəlif illərdə Az.TV-də redaktor, baş redaktor, “Azərbaycantelefilm”in direktoru, sədr müavini vəzifələrində çalışmışam. Yüzlərlə teleradio verilişinin. Çoxsaylı sənədli filmlərin müəllifiyəm. Mən on bir il olar, “Speys” televiziyasından ayrılmışam. Həmin gündən bu günə kimi o şirkətin nə ərazisində, nə də efirində bir dəfə də məni görən olub. “Speys”dən sonra mən yenə də televiziya sahəsində məsul vəzifələrdə çalışmışam. Bugün də “Azad Azərbaycan” teleradio şirkətində rəhbər vəzifələrədn birini daşıyıram. Əgər hələ də, sizin dediyiniz kimi, mənim adım “Speys” ilə yanaşı çəkilirsə, buna görə qədirbilən insanlara minnətdaram. “Speys” mənim üçün həmişə doğma və əzizdir. Ən azından ona görə ki, vaxtilə bu şirkətin təməlini qoyanlardan biri mən olmuşam. “Space”in sahibinə isə hörmətim, hər zaman olduğu kimi tükənməzdir. Bizim aramızdakı çoxillik səmimi münasibət dünən də, bugün də necə varsa, elədir və əminəm ki, sabah da dəyişməz qalacaq.
– Vaqif Mustafayevin rəhbərlik fəaliyyətini necə dəyərləndirərsiniz?
– Vaqif Mustafayev çox istedadlı rejissordur. Bu, inkaredilməz həqiqətdir. Çəkdiyi filmlərə görə, əməyi dövlət tərəfindən yüksək qiymətlədirilib. Onun televiziya fəaliyyətini dəyərləndirmək isə mənim vəzifəm deyil. Bunu şirkətin sahibi, Milli Teleradio Şurası, kanalın daimi tamaşalıları, bir də onun rəhbərliyi altında çalışan yaradıcı və texniki işçilər bilər.
– Çoxlu kitablarınız işıq üzü görüb. “Düz söz əyri qulağa necə girər” kitabınızın adı diqqət çəkir. Mümkünsə bu barədə danışardınız... Kitab nədən bəhs edir?
– Kitaba günümüzün bəzi problem mövzularına toxunan məqalələr, bir də tarixi jurnalist araşdırmalarım daxildir. İcazənizlə həmin kitabın bir nüsxəsini sizə hədiyyə edərəm. Boş vaxtınız və həvəsiniz olsa, oxuyub nə demək istədiyimi öyrənmiş olarsız. Sizin təəssüratınızı eşitmək mənim üçün də faydalı olardı.
– Feysbukda Barış Manço ilə şəkilləriniz var. Maraqlıdır, Barışla necə görüşdünüz, görüşünüzü necə xatırlayırsınız?
– Barış Manço mənim tanıdığım ən maraqlı, ruhən mənə ən doğma olan insalardan biri idi. Onunla TRT-də “7-dən 77-yə” proqramının çəkilişləri gedərkən tanış olmuşam. Səhv etmirəmsə, 1989-cu il idi. Həmin günlərdə mən Ankarada “TRT-də bir gün” adlı müəllif proqramı hazırlayırdım. Bizi şirkətin dairə başqanı Yavuz bəy tanış etdi. Azərbaycandan gəldiyimi və Türkiyə televiziyası barədə proqram hazırladığımı eşidəndə yaman təəccübləndi. Dedi ki, bu məsələdə bizi qabaqladız. Mən dünyanı gəzib-dolaşsam da, qardaş Azərbaycana hələ də gələ bilməmişəm.
İlk tanışlıq sonralar Barışın dediyi kimi, “qırılmaz tellərlə” möhkəmləndi. Dəfələrlə o mənim, mən də onun verilişlərinə qonaq oldum. Tez-tez görüşərdik. Barış dəfələrlə Bakıya gəldi. Bakıda, Gəncədə bərabər çəkilişlərimiz oldu. Xatirələrim danışmaqla bitən deyil. Dünyanın yüzdən çox ölkəsindən proqram hazırlayan Barış Mançonun son televiziya proqramı Azərbaycanda çəkildi. Bu və digər maraqlı hadisələr barədə Azərbaycan və türk mətbuatında yazılarım dərc olub, televiziya və radio verilişlərində çıxış etmişəm. İstanbulda onun xatirəsinə həsr olunan tədbilərə dəvət almışam. Bu günlərdə “Mütərcim” nəşriyyatında “Barış körpüsü” adlı yeni kitabım çapdan çıxacaq. Kitabı türk dünyasının sönməz sənət ulduzunun 75 illiyinə həsr etmişəm.
– Görkəmli ictimai-siyasi xadimlərlə, elm, sənət aləminin, iş dünyasının tanınmış simaları ilə görüşüb, onlardan eksklüziv müsahibələr almısınız. Bu müsahibələr yazılı şəkildə hansısa kitabınızda toplanıbmı? Məncə, onları saytlarda yenidən yayımlasanız, gənc nəsil üçün maraqlı olar. Bunu niyə eləmirsiniz, həvəsiniz yoxdur?
– Bu illər ərzində mənim özümdən də sizin kimi, müsahibə alan, buna bənzər suallar verən çox olub. Həmin müsahibələrin bir qismini “Sözün varsa, danış” adlı kitabımda oxuculara təqdim etmişəm. Həmin kitaba yalnız 1990-2012-ci illərdə mətbuat səhifələrində və saytlarda olan müsahibələrin bir qismi daxil edilib. Aldığım müsahibələrin böyük əksəriyyəti vaxtilə teleradio verilişlərində yayımlanıb. Günün birində yəqin ki, onları da toplayııb ayrıca kitab şəklində çap etdirəcəm.
– Hazırda Azərbaycan kanallarında zövqünüzə uyğun verlişlər varmı? Hansılardır? Hansı aparıcıların adlarını çəkə bilərsiniz?
– Hər kanalda diqqətçəkən verilişlər də var, aparıcılar da. Bir tamaşaçı kimi, mənim xoşuma gələnlər də var, gəlməyənlər də. Xoşuma gələlərə vaxt ayırıb baxıram. Bəyənmədiklərimə isə sadəcə, zaman ayırmıram. Sizə də bunu tövsiyyə edirəm. Öz zövqünüzü, istəyinizi, mənəvi tələbatınızı ödəyə biləcək kanalı seçin. Bizim televiziyaların müasir tələblər səviyysinə çatması isə çox ciddi məsələdir. Bu yolda müəyyən uğurlarla yanaşı, bilinən və bilinməyən ciddi maneələr də mövcuddur. Televiziyaların səviyyəsini yüksəltmək istəyiriksə, məsələyə münasibət kökündən dəyişilməlidir. Bu barədə mənim öz mülahizələrim, fikirlərim, təkliflərim var. Amma onlar sizinlə səmimi müsahibə çərçivəsində həll olan məsələ deyil.