3 Yanvar 2018 14:05
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:49

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yanvarın 3-də Fövqəladə Hallar Nazirliyində (FHN) fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak edib.

Müşavirədə alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib və müvafiq göstərişlər verilib.

Qeyd olunub ki, son günlər meteoroloji şəraitin kəskin pisləşməsini (1,4 metrədək qarın yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) nəzərə alaraq axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə, lakin fasiləsiz aparılır.

FHN tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edirlər. Meteoroloji şəraitdən asılı olaraq Fövqəladə Hallar Nazirliyinin helikopteri əməliyyata cəlb olunur.

Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

***

Quba rayonu istiqamətində itkin düşmüş "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları dayandırılmayıb.

Bu barədə Trend-ə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib.

Onun sözlərinə görə, axtarışlar fasiləsiz aparılır: "Bir neçə istiqamətdə axtarışlar davam etdirilir. Hazırda bizim axtarış qrupumuz Qəbələ rayonu ərazisində axtarışlara başlayıb. Axtarışlar bir neçə qrup tərəfindən aparılır. İnanırıq ki, alpinistlərimizi sağ-salamat tapacağıq. Bir neçə gün əvvəl izlər aşkarlamışdıq. Lakin həmin izlərin bizim alpinistlərə məxsus olub-olmadığını hələ dəqiq deyə bilmərik".

Z.Qasımov itkin düşən alpinistlərin icazəsiz səfərə çıxması məsələsinə də münasibət bildirib. Klub rəhbəri deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Alpinistlər icazəli və plan üzrə səfərə çıxmasaydılar, onlar Xınalıqdakı Sərhəd Qoşunlarının postundan keçə bilməzdilər. Onların icazəsi var idi ki, postdan keçə biliblər".

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər