Ötən il penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 5214 nəfərə birdəfəlik müavinət ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müvafiq qanunvericiliyə uyğun olaraq, bu təbəqədən olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət verilir.
Ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilməsi ilə əlaqədar birdəfəlik müavinətin məbləği 12,06 faiz artırılaraq 520 manata çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə peşə hazırlığının təşkili işləri 2017-ci ildə də davam etdirilib. Ötən il ölkədə 10-dan çox penitensiar müəssisənin peşə tədrisi bazalarında əmək bazarının tələblərinə uyğun peşələr üzrə ümumilikdə 14 peşə hazırlığı kursu təşkil olunub. Həmin kurslara qeyd olunan müəssisələrdə cəza çəkmə müddəti başa çatmaqda olan 200 nəfər şəxs cəlb olunub.