Çeçenistan sakini 104 yaşlı qadın Azərbaycanın Goranboy rayonunda küçədə tapılıb.
Bu barədə Teleqraf.com-a açıqlamasında Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, 104 yaşlı qadını Goranboyda soyuqdan donmuş halda rayon Polis şöbəsinin işçiləri tapıb:
“Ona ilkin tibbi yardım göstərilib və bizim sığınacağa yerləşdirilib. Mədinə Əliyeva 1914-cü ildə doğulub, Çeçenistanda qeydiyyatdadır. Biz onunla söhbətləşən zaman Gədəbəyə necə gəldiyini xatırlamadı. Azərbaycan dilində sərbəst şəkildə danışır”.
Birliyin sədri qeyd edib ki, Mədinə Əliyevanın övladı yoxdur: “Məkkədə doğulub. Anası ilə Çeçenistana gedib, amma oradan sürgün edilib. Daha sonra ailə həyatı qurub. Həyat yoldaşı dünyasını dəyişəndən sonra alverlə məşğul olub. Azərbaycandan mal alıb Çeçenistanda satırmış. Bizim dili də elə alver edən zaman öyrənib. Dediklərinə görə, Çeçenistandan Kərbəla ziyarətinə getmək üçün yola çıxıb, amma 3 qadın onu aldadıb və Azərbaycana gətirilib. Sənədləri, 200 dollar pulu və qulağındakı qızıl sırğalar oğurlanıb.
Mehriban Zeynalova deyib ki, hazırda Mədinə Əliyeva Tereza Ana sığınacağına təhvil verilib:
“Ona baxmağa xüsusi xidmətçimiz yoxdur. Bunun üçün də həmin sığınacağa təhvil verdik”.