Bir müddət əvvəl ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayevin yeni telekanal açacağı ilə bağlı xəbər vermişdik. Özəl mənbələrdən əldə etdiyimiz məlumatda bildirilirdi ki, yeni telekanal üçün işçi yığımına start verilib, bir çox keçmiş ANS-çiyə təklif göndərilib.
Həmçinin qeyd edilirdi ki, kanal bir müddət internet üzərindən fəaliyyət göstərəcək. Texniki məsələlər həll olunandan sonra isə peyk yayımına başlayacaq.
Qaynarinfo xəbər verir ki, artıq telekanalın adı da müəyyənləşib. Belə ki, Mirşahin Ağayevin başçılıq edəcəyi kanal "Real TV" adlanacaq. Kanalda ANS-in bir çox tanınmış siması fəaliyyət göstərəcək. "Real TV" xəbəryönümlü kanal olacaq.