26 Yanvar 2018 14:00
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Prokurorluğun 11 əməkdaşı Baş prokuror və hərbi prokurorun əmrləri ilə intizam məsuliyyətinə cəlb edilib.

Bunu Azərbaycan Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2017-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokurorun müavini - Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

X.Vəliyev qeyd edib ki, ötən il hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb: "Hərbi Prokurorluğun xidməti vəzifələrini layiqincə yerinə yetirən 20 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib, Azərbaycan Baş prokurorunun və hərbi prokurorunun müvafiq əmrləri ilə 11 işçi vəzifədə irəli çəkilib. Xidməti fəaliyyətlərində fərqlənmiş 60 əməkdaş həvəsləndirilib, 12 işçi müxtəlif medallarla təltif olunub, 61 əməkdaşa rütbələr verilib".

Kollegiyada hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 11 əməkdaşı Baş prokuror və hərbi prokurorun əmrləri ilə intizam məsuliyyətinə cəlb edilib.

X.Vəliyev diqqətə çatdırıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2017-ci ildə korrupsiya və rüşvətxorluq faktları üzrə 146 şəxs barəsində 123 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə müvafiq hərbi məhkəmələrə göndərilib.

Ədliyyə general-leytenantı vurğulayıb ki, 2017-cı ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib: "Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, onların əməlləri nəticəsində dövlətə vurulmuş maddi ziyanın 86,8 faizi istintaq zamanı ödətdirilib".

X.Vəliyev bildirib ki, ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 36 nəfər tutularaq istintaqa cəlb edilib:

"Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 153 yoxlama keçirilməklə 2887 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 268 təqdimat verilib, 256 nəfərə xəbərdarlıq elan edilib, 28 cinayət işi başlanıb. Habelə təhqiqat orqanlarının icraatında olan işlər üzrə 119 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 670 qanunsuz qərar ləğv olunub. Onlardan 40-ı üzrə cinayət işi başlanıb"./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər