30 Yanvar 2018 19:40
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pensiya təyinatı və ödənişi üzrə ərizələrin qeydiyyata alınması, onlara baxılması və pensiya təyinatının aparılmasında bəzi nöqsanlara yol verilib.

Teleqraf.com bu barədə Hesablama Palatası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsində aparılmış auditin nəticələrinə istinadən xəbər verir.

Hesablama Palatasının Kollegiya iclasında 1 yanvar 2016-cı ildən 1 oktyabr 2017-ci ilədək olan dövrdə Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri üzrə hesabatı təsdiq edilib.

Araşdırma zamanı müəyyən edilib ki, 2016-cı ildə və 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə bütün təyinatlar ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmədən aparılıb, 2017-ci ilin aprel ayından başlayaraq qanunvericiliyə uyğun olaraq VEMTAS tərəfindən təyin edilmiş ünvanlı sosial yardım işləri üzrə Şöbə tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinə başlanılıb.

Auditin gedişində seçmə qaydada monitorinqlər təşkil edilib, nəticədə ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının, ailə üzvünün əmək haqqı gəlirlərinin VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib.

Təqdim edilmiş məlumatlara əsasən, 2016-cı ildə Fond tərəfindən 6593,0 min manat həcmində təsdiq edilmiş proqnoza qarşı 5780,0 min manat vəsait yığılıb, proqnoz 87,7% icra edilib.

Təyin olunan aylıq sosial müavinət, kompensasiya və təqaüd təyinatlarının seçmə üsulu ilə auditi nəticəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində, habelə həmin işlərin mərkəzləşdirilmiş xüsusi lokal proqram təminatına işlənilməsində bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, bir sıra hallarda “Sosial müavinətlər haqqında” qanuna və eyni zamanda, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na tam əməl edilməyib.

Hesablama Palatasının Kollegiyası Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə müvafiq təqdimat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə Kollegiya qərarının surəti göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər