Teleqraf.com Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla Rusiya-Amerika münasibətləri mövzusunda müsahibəni təqdim edir.
- Tofiq müəllim, şərti olaraq “Kremli hesabatı” adlanan ABŞ-ın Rusiyaya qarşı sanksiyalar paketi və bunun şimal qonşumuza mümkün təsirləri haqqında nə deyə bilərsiniz?
- Əvvəla, ABŞ-da Rusiyaya qarşı bu sənədin qəbul olunması qeyri-adi addımdır. Söhbət bir ölkənin digər bir ölkənin siyasi elitasını sanksiyalar siyahısına salmasından gedir. Doğrusu, mən oturub düşünürdüm ki, tarixdə buna bənzər hansısa nümunələr və ya misallar varmı?
İkincisi, siyahıda Rusiyanın yüksək çinli məmurlarının adı var. Hətta Xarici İşlər naziri Lavrov da bu sanksiyaya məruz qalıb. İki ölkə arasında əlaqələrin bu şəkildə davam etməsi böyük suallar doğurur. Bu əlaqələr necə qurulacaq və davam edəcək? Bu hadisənin mahiyyətini başa düşmək və tam anlamaq üçün fikrimcə, bir qədər vaxt keçməlidir. Siyahının tərtib edilməsi işin yarısıdır. Sanksiyaların icrası, ilkin addımlar hansı fəsadların yarana biləcəyini göstərə bilər. Odur ki, bunun icrasını gözləmək lazımdır. Amma siyahı çox genişdir və tarixdə buna bənzər bir misal xatırlamıram.
- Bu sanksiyalar siyasi xarakterlidir, yoxsa biz iqtisadi, maliyyə məsələsinə daha çox diqqət etməliyik?
- Mənim fikrimcə, bu, ilk növbədə siyasi hadisədir. Sözsüz ki, bunun iqtisadi mahiyyəti də var. Həm də indiki dövrdə iqtisadiyyatı siyasətdən ayırmaq olmaz. Qəribəsi odur ki, sanksiya siyahısı çox genişdir. İki fövqəldövlət arasındakı əlaqələr heç vaxt bu səviyyədə olmayıb.
- Bu müharibəyə gətirib çıxara bilərmi?
- Əlbəttə, bəziləri deyilər ki, bu vəziyyət tərəfləri müharibə həddinə gətirib çıxaracaq. Mən bu fikirlərlə şərik deyiləm və hesab etmirəm ki, müharibə olacaq. Amma uzun müddətli böhran prosesi yaşanacaq.
- Bu sanksiyalar real olaraq Rusiyaya hansı mənfi təsirlər göstərə bilər?
- Əslində Rusiyaya geniş şəkildə təsir edəcək. Sanksiyaların bir hissəsi yüksək vəzifə tutan məmurlara bağlıdır. İkincisi, siyahı uzunmüddətli işin nəticəsidir. Çünki ABŞ maliyyə kəşfiyyatı qurumları siyahıda olanların şəxsi mülkiyyətinin bir qismini ifşa ediblər. Həm də təşkilatlara və şirkətlərə aid sanksiyalar nəzərdə tutulur. Bu mənada deyirəm ki, bu siyahıların hazırlanmasının özü böyük bir işin nəticəsidir. Qəribəsi odur ki, bu hadisələr o dördə baş verir ki, Donald Tramp prezident seçilir və Rusiya da bunun eyforiyası müşahidə olunur. Düşünülürdü ki, Prezident Tramp Rusiya ilə əlaqələri yaxşılaşdıra bilər, onun Rusiya ilə əlaqələri var və s. Bu eyforiyadan sonra Amerikanın indiki addımı qeyri-adidir. İndilikdə isə sanksiyaların tətbiq edilməsi mexanizmini gözləmək lazımdır. Siyahı hazırlamaq işin bir tərəfidirsə, onun tətbiqi mexanizmi ikinci və daha vacib tərəfidir. Sözsüz ki, Rusiya və Amerika arasında konfrantasiya güclənəcək.
- Sanksiya siyahısına düşən şəxslərin, məsələn, nazir Lavrovun istədiyi zaman ABŞ-a gedib-gəlmək imkanı olacaq?
- Əslində Lavrovun Amerikaya gedib-gəlməsi maraqlı deyil. Məni daha vacib məsələ maraqlandırır. Bu proses Rusiya ilə əlaqəsi olan ölkələrə hansı formada təsir edəcək? Mənim üçün bu mənada təəccüblü fikir səsləndirilib. ABŞ-ın Özbəkistan və Ukraynadakı keçmiş səfiri hazırda analitik olaraq fəaliyyət göstərir. O, hansısa erməni saytının sualına cavab olaraq deyib ki, bu sanksiya Rusiya-Azərbaycan hərbi əməkdaşlığına təsir göstərməyəcək, amma Ermənistan-Rusiya hərbi əməkdaşlığına birbaşa təsir göstərəcək.
- Bu necə ola bilər?
- Mən özüm də bu fikirdən sonra bir qədər düşündüm. Və belə qənaətə gəldim ki, Azərbaycan hərbi əməkdaşlığa və silahların alınmasına özü maliyyə ayırır. Amma Rusiyadan kreditlə və ya hansısa proqramlar əsasında alınan silahlar çətinliyə düşəcək. Görünür, sanksiyaların tətbiq edilməsi bir növ Moskvanın iqtisadi və siyasi təsiri altında olan ölkələrə də ciddi təsir göstərə bilər. Ermənistan da bu tip ölkələrdən biridir.
- Məsələn, Türkiyə, Çin, Hindistan, Səudiyyə Ərəbistanı Rusiyadan silah almaq haqqında razılığa gəlib. Sanksiyaların bu ölkələrə təsiri ola bilərmi?
- Kreditlə silahların alınamsı və ya istehsalı çətin olacaq. Amma pul verib silah alan ölkələrə problem ola bilməz. Görünən odur ki, kreditlə və proqramla silah alanlar bir qədər çətinliyə düşəcək. Çünki Rusiyanın silah istehsalı ilə məşğul olan şirkətlərinin kreditlə təmin olunması vacibdir. Kreditlər əsasən, Qərb banklarından götürülürdü. Çoxları da hesab edir ki, sanksiyalar məhz bu sektora ciddi təsir göstərəcək. İqtisadi baxımından da bir çox proqramların ziyan görəcəyi qaçılmaz olacaq. Bir daha qeyd edirəm ki, Rusiya siyasətinin tərəfdarları və ondan maliyyə köməyi alan ölkələrə bu sanksiyaların təsiri olacaq.
- ABŞ-ın məlum sanksiyalar paketi Rusiyanın daxili ictimai-siyasi mühitinə necə təsir göstərəcək?
- Siz özünüz d bilirsiniz və müşahidəçilər də bu qənaətdədir ki, sanksiyaların əsas məqsədi Putinin ətrafında olan dairələrin indiki Rusiya siyasətindən narazılığını gücləndirməkdir. Rusiya müxalifəti də belə fikirlər səsləndirir. Əlbəttə, Rusiya daxilində nəyin baş verəcəyini demək çətindir. Mənim şəxsi qənaətimə görə, əslində iki nəticə mümükndür. Birincisi, ağır vəziyyətə düşən dairələr daha sıx birləşəcək. İkincisi, bu dairələrin bölünməsi baş verəcək. Bunun hansının olacağını indidən demək çətindir.
Hər halda Putin ətrafında narazılıq yaranacaq. Müşahidəçilər də bunu qeyd edirlər. Hər bir siyasətçinin fəaliyyətinin bir hissəsi də iqtisadi maraqlarla bağlı olur. İndiki halda zərbə bu iqtisadi maraqlara dəyməlidir. Sözsüz ki, şüurlu və ideologiya əsasında qurulan birlik başqa formatdır. Amma iqtiadiyyat kapital üzərində qurulub və əslində ideologiya, nəzəriyyə də bundan doğur. Təbii ki, iqtisadi maraqlara ziyan dəyərsə, buna heç kəs biganə qala bilməz.
- Sanksiyaların martda keçiriləcək prezident seçkilərinə təsiri ola bilərmi?
- Hesab edirəm ki, sanksiyaların məhz bu ərəfədə tətbiqinin məqsədlərindən biri də seçkilərə, seçki öncəsi kampaniyaya təsir etməkdir. Bildiyiniz kimi, Rusiyada müəyyən aksiyalar baş verib. Bu mənada narazılıq və qeyri-stabillik ola bilər. Nəzərə almaq lazımdır ki, bu sanksiyaların təsiri geniş olacaq.
- Rəsmi Moskva ABŞ-ın bu addımına qarşılıq olaraq liberal xətti seçəcək, yoxsa aqressiv siyasəti, ritorikanı daha da gücləndirəcək?
- Bunu demək çətindir. Bu sanksiyanın təsiro altına düşən siyasətçilər ya öz mövqelərini dəyişməli, ya da siyasi səhnədən getməlidir ki, yeni simalar Qərblə münasibətləri düzəltsinlər, əməkdaşlıq bərpa edilsin. Yeganə yol budur. Amma mən inanmıram ki, sanksiyaya düşən insanlar öz mövqelərini dəyişərək yeni siyasət təqdim etsinlər. Nəzərə almaq lazımdır ki, bu sanksiyalar Krıma, Ukraynaya və bu kimi bəzi hadisələrə cavab olaraq qəbul edilib. Siyahıda adı olanların əksəriyyəti Krımın anneksiyasını, Ukraynaya yönəlik siyasəti dəstəkləyiblər. İndi bu şəxslər çıxıb deməlidirlər ki, bu siyasət səhvir, ya da səhnədən getməlidirlər.
- Görünən odur ki, Rusiya-ABŞ arasında növbəti qarşıdurma raundu baş verəcək. Sizcə, bu qarşıdurmalar daha çox hansı nöqtələrdə yaşana bilər?
- Nəzərə almaq lazımdır ki, bu qarşıdurmalar dünyanın digər yerlərində müşahidə ediləcək. SSRİ Qərblə qarşıdurmada idi. Amma bu qarşıdurmanın açıq forrmsı özünü daha çox Veytanmda, Yaxın Şərqdə və ya Kubada göstərirdi. İndi də nüvə silahına malik olan iki föbqəldövlət sözsüz ki, birbaşa olaraq bir-birilə üz-üzə gəlməyəcək. Daha çox təsir regionlarında qarşıdurma özünü göstərəcək.