31 Yanvar 2018 11:23
19 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yolumuzu Nərimanov rayonunda yerləşən “Nə alsan 1 manat” mağazasına saldıq. Sorağını sosial şəbəkədən almışdıq, səhifəsini 92 mindən çox insan izləyir və deyirlər, qələmdən tutmuş uşaq paltarlarına kimi, nə alsan, bir manatdır.

Mağazanın sahibi də, satıcısı da Leyla xanımdır. O, mağazada satışa çıxarılan məhsulların dünyanın dörd bir tərəfindən gəldiyini deyir: “Əsasən də Türkiyə və İrandan... Sifariş veririk, gətirirlər, biz də ucuz qiymətə satırıq. Mağazada 1 manatdan 1 qəpik də yuxarı heç nə tapa bilməzsiz, amma daha ucuzları var”.

Satışda olan malların maya dəyəri nə qədər olur ki, alıcıya 1 manatdan təklif edilir?

Bu sualın cavabını Leyla xanım marketinq üsulları ilə əlaqələndirir:

“Mən özüm marketoloqam. Qazancım çoxmu, azmı – bu, mənim öz işimdir. Əsas qazanc deyil, insanlara xeyir verməkdir. Mən bu mağazanı qazanc əldə etmək üçün açmamışam.

Açmışam ki, hər adam öz balasına bir manata qələm, dəftər, geyim ala bilsin. Mağazalardan gəlib, məhsullardan satmaq üçün istəyirlər, amma mən onlara vermirəm. Bu işi 3 il qabaq qurmuşam. Azərbaycanda bunu ilk dəfə mən etmişəm. İndi görürəm ki, şəhərin neçə yerində eyni adlı mağaza fəaliyyət göstərir, amma girib soruşursan ki, filan məhsul neçəyədir, deyir, 2 manata, 3 manata... Halbuki vitrinə 1 manat yazıb vurub.

Elə bilirlər, bu mağazadan mən qaz vurub, qazan doldurmaq məqsədi güdürəm. Eyni tip mağazanı təzə açanlar gördülər ki, qazanmaq mümkün deyil, elədilər “nə alsan iki manat”. Təsəvvür edin, başqa mağazalarda 2-3 manata olan corabı, yaxud başqa yerdə 6 manata olan uşaq oturacağını biz 1 manata veririk.

Bizim heç yerdə filialımız yoxdur. Yalnız bu ünvanda fəaliyyət göstəririk. Eyni adda olanlar bizim adımızdan istifadə edir...”

Müsahibim bildirir ki, Yeni ildə yolka almağa imkanı çatmayan hər kəsi sevindiriblər:

“Təkcə yolka yox, onun oyuncaqları da qutu-qutu satıldı. Alanlar hamısı təşəkkür edirdi, təşəbbüsümüzü sevinclə qarşılayırdı. Hazırda mağazada yüzlərlə çeşiddə məhsul var”.

Satıcı uşaq paltarların göstərib bildirdi ki, hamısı Türkiyədən gəlib: “Keyfiyyətinə də baxa bilərsiz. Təmiz türk mallarıdır. Bunlardan əlavə kosmetika, albom, uşaq çantası, ev əşyaları... Hər şey var. Gündə nə qədər insan gəlib, buradan alış-veriş edir. Müştərilərimiz də ən çox uşaqlardır.

Çünki onlar burda istədikləri oyuncaqları valideynlərinin büdcəsinə uyğun tapa bilirlər. Həmçinin xanımlar üçün qayçıdan tutmuş darağa, dəsmala, yataq dəstinə, qab-qacağa, yuyucu vasitəyə, gül qabına kimi məişətdə lazım olan avadanlıqlar var”.

Söhbət əsnasında mağazanın dolub-boşaldığını görürük. İnsanların qiymətləri necə maraqla qarşıladığını, hətta gözlərinə inanmadıqlarının da şahidi olduq.

Satıcı xanım danışır ki, hər alıcı ən az 3 dəfə “Xanım, bu da bir manatdır” sualını verir:

“Artıq daimi müştərilərimiz var. Onlar hər gün, demək olar ki, alış-verişi buradan edirlər. Əhalinin heç olmasa müəyyən qismini almaq istədikləri ilə təmin edirik. Amma təəssüf ki, bəzi insanlar gəlib oğurluq edir. Burda çörək satılmır, həmin adama haqq qazandırasan ki, bəlkə acdır, bu yola əl atıb. Ən çox da kosmetika oğurlanır. Halbuki gəlib məndən istəsələr, inanın ki, mən onu havayı verərəm. Oğurluğa ehtiyac yoxdur.

Onsuz da biz onları fikirləşib, qiyməti belə ucuz qoyuruq. Elə adam gəlir ki, görürəm imkanı yoxdur, amma bir-iki nəsə alıb. Kömək məqsədi ilə ikisini də hədiyyə verirəm. Oğurluqdan əlavə, çox səliqəsiz davranırlar. Dağıdıb gedirlər. Bəzi müştərilər özləri xüsusi vərəqələr yazıb gətiriblər. Həmin vərəqlərdə xanımları səliqəli olmağa, götürdüklərini yerinə qoymağa dəvət edən elan var, amma xeyri olmur”.

Mağazanın daimi müştərisi Səkinə xanım bu mağazadan uzun zamandır alış-veriş etdiyini bildirir:

“Məhsulların keyfiyyəti də qane edir. Çay dəsmalı, qab-qacaq aldım, lap yaxşı çıxdı. Yaxşı olmasaydı, yenidən bura gəlməzdim”.

Satıcı Leyla xanım kosmetik vasitələrin keyfiyyətindən də söz açdı. Dedi ki, ölkəyə bütün kosmetikalar bir yerdən gəlir:

“Sadəcə başqa mağazalar faiz dərəcəsini çox qoyur. Yəni burda 1 manata aldığınızı, başqa mağazada 5 manata alsanız belə, keyfiyyət eynidir. Həmin mağaza sahibləri əhalinin kasıb təbəqəsini düşünmür.

Adi bir kosmetikanın maya dəyəri 95 qəpik, 1 manat, 1 manat 20 qəpik civarında olur ki, biz hamısını 1 manata satırıq. Başqa mağazalar isə üstünə nə qədər qoyur... Tez varlanmağı düşünürlər. İnsanları aldatmaq düz deyil. Belə insafsızlıq olmaz”.

Sonda biz də telefonumuz üçün aksesuarlar alıb, mağazanı tərk edirik.


Müəllif: Elçin Murad, Şəfiqə Nazimqızı

Oxşar xəbərlər