1 Fevral 2018 10:07
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ehtiyatsızlıqdan 2017-ci ildə Bakı şəhərində 646 yol-qəza hadisəsi qeydə alınıb, nəticədə 207 nəfər insan tələfatı baş verib.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hadisələrdə 552 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Həmin şəxs ömür boyu düşdüyü hadisəni, yaxud bais olduğu qəzanın izlərini daşıyır. Təqsirli olaraq, ehtiyatsızlıqdan törədilən ölümlə nəticələnən nəqliyyat hadisələri üzrə 2013-cü ildən dövlət tərəfindən həyata keçirilən sistemli və qabaqlayıcı profilaktik tədbirlər göstərir ki, hərəkət iştirakçılarının təhlükəsizliyinin mühafizəsi səmərəli olub. Xüsusilə, ölən və yaralananların statistikasını son 5 illə müqayisə etsək görərik ki, onların sayında azalma müşahidə olunur”.

Vaqif Əsədov bildirib ki, yol qəzalarının ağırlıq səviyyəsindən asılı olmayaraq, başlıca səbəb ehtiyatsızlıqdır: “674 min avtomobilin istifadə olunduğu, 655 yol ayrıcı, 70 piyada keçidinin, svetoforla tənzimlənən 319 yol, 83 dəmiryolu ilə avtomobil yolunun kəsişməsinin, 69 tunel və körpünün mövcud olduğu paytaxt Bakıda insanlar hüquq və vəzifələrinə diqqətli yanaşmalıdır. Paytaxtın 2244 km məsafədə olan yol şəbəkəsinin son beş ildə hadisələr üzrə təhlili göstərir ki, yol qəzalarının ağırlıq səviyyəsindən asılı olmayaraq, başlıca səbəb ehtiyatsızlıqdır".

Bölmə rəisi qeyd edib ki, 2013-cü ildə 1011 yol-nəqliyyat hadisəsində 342 nəfər insan tələfatı olub, 1000 nəfər yaralanıb: “Yəni, beş il əvvəlki ilə müqayisədə hadisələrin sayı, ölüm və xəsarət faktları azalıb. Beş il əvvəl Bakıda 520 min qeydiyyatda olan avtomobilin hərəkət etdiyi yolların uzunluğu 2100 km, 640 yol ayrıcı, 60 yeraltı və yerüstü piyada keçidi, svetoforla tənzimlənən 282, 62 dəmiryolu ilə avtomobil yolunun kəsişməsi, 67 tunel və körpü ilə əhatə olunurdu.

Daxili İşlər Nazirliyində, yol polisində aparılan ümumiləşdirmələrdən çıxan nəticə, məhkəmə təcrübəsi ilə yekunlaşan qərar və hökmlər də sübut edir ki, avtomobil yollarında hərəkət iştirakçılarının əsas təqsiri ehtiyatsızlıqdır ki, istər sürücü olsun, istərsə də piyada ictimai qaydaya diqqətli yanaşmalıdır”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər