14 Fevral 2018 13:41
4 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:46

Respublikada asayişin qorunmasında və sabitliyin təmin edilməsində polis orqanlarının müstəsna xidmətlərini qeyd etməmək olmaz. Azərbaycan polisinin fəaliyyəti nəticəsində əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə irəliləyərək 137 ölkə arasında 54-cü yerə çıxmışdır. Ötən il daxili işlər orqanları tərəfindən 1028 cinayətkar qrup zərərsizləşdirilmiş, 944,5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılmış, 175 tona yaxın qanunsuz əkilmiş çətənə və xaş-xaş kolu məhv edilmişdir. Vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi 14,5 faiz artaraq 84,9 faiz təşkil etmişdir. Cinayətlərin ümumi sayı 2,7 faiz, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalıb.

Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

O, bununla yanaşı bildirib ki, polis orqanlarının fəaliyyəti ilə əlaqədar müraciətlər az deyil: “İstintaqın aparılması, təhlükəsizliyin və ictimai asayişin qorunması, yol polisinin fəaliyyəti, pasport qeydiyyatı, şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı daxil olan müraciətlərin sayı Bakı şəhərinin Xətai, Xəzər, Nərimanov, Nizami, Pirallahı, Suraxanı rayonlarından, Gəncə, Lənkəran, Yevlax, Ağcabədi, Ağdam, Cəlilabad, Göygöl, Qəbələ, Oğuz, Saatlı, Siyəzən, Şabran, digər şəhər və rayonlardan nisbətən çox olub”.

Azərbaycan Prezident Administrasiyasına barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin də adları açıqlanıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov həmin şirlkətlərdən “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013", “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK-nın adını çəkib: "Həmin mövzuda respublikanın başqa rayonlarından da müraciətlər daxil olmuşdur və onların müəllifləri əsasən Bakı şəhərində həmin binalardan mənzil almış vətəndaşlardır.

Bundan əlavə, bir sıra müraciətlərdə artıq tikintini başa çatdırmış, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar.

Burada adı çəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılmış, vətəndaşların etibarından sui-istifadə edərək əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb edilmişlər. Bunlardan cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olmuş “Əzizbəy-KM”, “Hasil”, “Birlik-İnşaat” və başqa MMC-ləri göstərmək olar. “Əzizbəy-KM” MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 milyon 627 min 717 manat zərər vurduğu sübut edilmiş, bu ziyanın 360361 manatının ödənilməsi təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılmışdır. Həmçinin qeyd etməliyik ki, bəzi hallarda belə cinayət törətmiş şəxslərə qarşı məhkəmələrin qəbul etdiyi qərarlar vətəndaşları qətiyyən qane etmir. Məsələn, “Hasil” və “Birlik-İnşaat” MMC-lərin rəhbərinə vətəndaşlara vurduğu ziyana görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2014-cü il mayın 30-da verilmiş 15 il azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2017-ci il dekabrın 12-də 6 ilə endirilmiş, vətəndaşlara dəyən maddi zərərin ödənilməsi təmin edilməmişdir.

Şöbə müdiri qeyd edib ki, ümumiyyətlə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilmiş, 300-dək şəxs zərərçəkmiş qismində tanınmışdır. Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar.

Əhalinin haqlı narazılığına səbəb olan bu problemlərin, o cümlədən tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və Qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq".

***

12:47

Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından da narazılıq bildirilib və kömək istənilib.

S.İsmayılov qeyd edib ki, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildiriblər: ““Yanar Dağ” QSC, “Telko Qafqaz”, “Metals LTD”, “N-Link İNTELLİGENT SOLUTİONS”, “Qlobal Finans”, “Qartal-A”, “İnter Qarden”, “Relax” MMC-lərin, “İnkomservis” firmasının rəhbərləri və başqaları məhz Vergilər Nazirliyinin onların fəaliyyətinə mane olduğunu yazıb, bir çox kiçik sahibkarlar, həmçinin bəzi vətəndaşlar nazirliyin Gəncə, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Göyçay idarə və departamentləri işçilərinin onlara qarşı əsassız təzyiqlərindən şikayətləniblər”.

***

Təhsil məsələləri barədə Prezident Administrasiyasına müraciətlərin artmasının səbəbini müəyyən dərəcədə 2014-cü ildən başlayaraq, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi və buna müvafiq olaraq müəllimlərin dərs yükünün və əməkhaqqının müəyyən edilməsi sahəsində görülən işlərlə əlaqələndirmək olar.

Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

O qeyd edib ki, 2017-ci ildə bütövlükdə 41905 müəllimin diaqnostik qiymətləndirilməsi aparılıb, onların 1,3 faizi lazımi nəticə göstərə bilməyib: “Təhsil sahəsində çalışanların, demək olar ki, hamısını əhatə edən bu qiymətləndirmə nəticələri müəllimlərin dərs yükünə və əməkhaqqına təsir göstərdiyinə görə müraciətlərin də sayı artıb. Bunun yaxşı cəhəti odur ki, qiymətləndirmə stimullaşdırıcı xarakter daşıyıb və müəllimlərin öz üzərində daha ciddi çalışmasına, bütövlükdə təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir edib”.

***

Azərbaycanda şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti barədə müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə xeyli azalıb.

Süleyman İsmayılov bildirib ki, azalma əsasən Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şirvan, Yevlax, Ağdam, Ağsu, Astara, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Goranboy, Xaçmaz, Xocalı, Qaradağ, Qəbələ, Qusar, Lerik, Masallı, Nəsimi, Saatlı, Samux, Səbail, Suraxanı, Şabran, digər şəhər və rayonlarda müşahidə olunub: “Buna baxmayaraq, bu mövzuda Balakən, Beyləqan, Binəqədi, Göyçay, Xəzər, İmişli, Qazax, Laçın, Sabunçu, Şamaxı, Tərtər, Tovuz, Ucar, Yasamal, Zaqatala və digər rayonlarda artım olub. Bələdiyyələrin fəaliyyəti vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsində mühüm rol oynayır. Təəssüf ki, bələdiyyələr öz işlərini heç də həmişə lazımi səviyyədə qura bilmirlər”.

Şöbə müdiri xatırladıb ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanları tərəfindən 67 mindən çox bələdiyyə aktı yoxlanılıb, qanunsuz qərarlar ləğv etdirilib, cinayət xarakterli pozuntularla bağlı 23 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış minlərlə hektar torpaq sahəsi geri qaytarılıb./Report/


Müəllif: Teleqraf.com