Teleqraf.com-un “Portret” layihəsində APA TV-nin baş direktoru Vüqar Hüseynov mərhum dostu Natiq Qədimov haqqında danışır.
– Vüqar bəy, Natiq Qədimovla iş yoldaşı olmusunuz. Amma yəqin, onu daha əvvəl də tanıyırdınız... Elə?
– Təbii, əvvəllər hamı kimi mən də onu qiyabi tanıyırdım. APA TV açılmamışdan, təxminən, bir il əvvəl Natiq lent.az saytına gəlmişdi. İlk dəfə onu dəhlizdə gördüm və digər insanlar kimi məni də ən çox Natiqin qaşları cəlb elədi. Bilirsiniz ki, Natiqin çox qalın qaşları vardı və sifətinə qəribə görkəm verirdi. Beləcə tez-tez dəhlizdə qarşılaşır, salamlaşırdıq. Bir dəfə elə dəhlizdə məndən soruşdu ki, siz Vüqar bəysiniz? Dedim, bəli. Qayıtdı ki, uşaqlar sizə salam deyir. Soruşdum ki, uşaqlar kimdir? Natiq “Ayna Zerkalo”da işlədiyini o zaman bildim. “Ayna Zerkalo”nun işçilərinin böyük əksəriyyəti ilə çoxdanın dostlarıyıq, bir yerdə işləmişik. Natiq isə mənə elə adamların salamını çatdırdı, hansı ki, illər əvvəl onlarla birlikdə işə başlamışdıq. Natiqlə ilk tanışlığımız bu cür yaranıb.
Sonra mən APA TV-yə baş redaktor təyin olunandan sonra ilk iclas keçirdim. Onu da deyim ki, mən iclaspərəst deyiləm, əməkdaşlara iclasda deyiləcək sözləri dəhlizdə, çay içə-içə, yolda görəndə çatdırmağı daha çox sevirəm. İclas vaxtı əməkdaşlardan soruşdum ki, oğlanlardan siqaret çəkən kimlərdir? Natiq güldü və dedi ki, aşağı düşüb siqaret çəkib söhbət edərik. O aşağı düşən, bu düşən, biz bir-birimizlə yaxın ünsiyyətdə olmağa başladıq. Bəlkə də düzgün örnək deyil, amma Natiq və daha bir neçə dostlar-əməkdaşlarla vacib məsələlərimizi məhz aşağıda, siqaret çəkə-çəkə müzakirə edirdik. Mən nadirən insanlara, adamlara yovuşan adamam, ancaq necə oldusa, Natiqlə bizim münasibətimiz ildırım sürəti ilə başladı. Necə başaldı, heç onu da deyə bilmərəm. Natiq yaxşı həmdərd idi. Və onda belə bir xasiyyət də vardı ki, daim bölüşməyə adam axtarırdı. Demirəm problemləri vardı və ya yox idi, ancaq o, həmişə fikirlərini bölüşməyə və haqlı olduğunu kiminsə dilindən eşitməyə ehtiyac duyurdu.
– Bəs nə idi onu narahat eləyən şeylər?
– Onun problemi ailə-məişət məsələlərindən ibarət deyildi ki, bölüşməyə ehtiyac duysun. Məsələn, bilmək istəyirdi ki, dostları “Qalatasaray”çı, yoxsa “Fənərbaxça” azarkeşidir. Biz aşağı düşüb siqaret çəkəndə deyirdi ki, sənin Türkiyə futbolundan başın çıxır. Mən “Beşiktaş” klubuna azarkeşlik edirəm, sən niyə o klubu sevmirsən? Mən də deyirdim, ona görə ki, “Beşiktaş”ın Çarşı qrupunun rəhbəri ermənidir. O də mənə baxıb dedi ki, bunun məsələyə heç bir dəxli yoxdur. Yəni Natiq ən adi məsələləri araşdırmaq, müəyyənləşdirmək istəyən bir adam idi.
Mediada rəhbərlə jurnalist arasında belə bir məsələ var ki, bəzən danışmasalar belə, bir-birini sözsüz başa düşə bilirlər. Bizdə də belə idi. Bir də görürdüm ki, Natiq filan yerdən xəbər gətirirdi ki, filan-filan hadisələr olub. Mən də deyirdim ki, Natiq, sən dur mənim yanımda danış, mən bu xəbəri yazım. Natiq kriminal xəbərlər hazırlayırdı, bəzən onu yanımda saxlayıb hadisələri dəqiqliyi ilə soruşub xəbəri iki dəqiqəyə özüm hazırlayırdım. Halbuki, Natiq gedib onu yazacaqdı, sonra mən və ya Cavid redaktə edəcəkdi, iş də uzanacaqdı...
Aramızda əsas müzakirələrdən biri də bu olurdu ki, hansımız xəbərə daha maraqlı başlıq verə bilər. Natiq gecələr mənə bu məsələdən ötrü çox zəng vururdu. Bilmirəm, təkmi qalırdı, nəyisə bölüşməkmi istəyirdi, xarakterindənmi irəli gəlirdi. Dəfələrlə zəng edib məni yuxudan oyadırdı, deyirdi ki, sən seçdiyin başlıqdakı xəbər 6000 dəfə oxunub. Mən də deyirdim ki, Natiq, buna görəmi məni yuxudan oyatdın? Tanıdığım uşaqlar içərisində də montajı ən gözəl bacaran Natiq idi. İstənilən çətin material üçün ona arxayın idim.
– Krminal verilişləri üçün səsi, diksiyası da çox gözəl idi...
– Bəli, səsi də yaxşı idi. Hətta onunla bağlı çoxlu zarafatlarımız da olub. Müəyyən sözələr vardı ki, Natiq dəhşətli ləhcədə danışırdı. Bir neçə dəfə olmuşdu ki, rəsmi xəbərlər hazırlanması zamanı səsləndirməni Nəsimi efirdə olduğu üçün Natiqə tapşırırdıq, o da bunu qaçaraq edirdi. Xəbər sayta yerləşdirildikdən sonra qulaq asırdım ki, Natiq əməlli-başlı ləhcə ilə danışıb. (gülür)
– Bəzən müdirlə yaxın dost olmaq insanda işə qarşı məsuliyyətsizlik yaradır. Belə bir xüsusiyyət Natiqdə də vardımı?
– Bu şeylər insanın xarakterindən irəli gəlir. Amma Natiqdə belə bir cəhət yox idi. Həm də mən əməkdaşlarımızla müdir-işçi münasibətində olmamışam. İş əmsalını artırmaq üçün insanlarla dost olmağı bacarmaq lazımdır. Təbii ki, müəyyən baryerlər də olmalıdır. Montaj mürəkkəb, yorucu işdir, buna görə Natiqi çox yükləmirdim. İş bitəndən sonra ona təklif edirdim ki, gedək yemək yeyək, çay içək. Daha çox bizim evdə otururduq. Yaxşı xas yeməyi xoşlayırdı. Qaçaraq yeməklə arası yox idi. Bir də görürdün işin gərgin və aşıb-daşan vaxtında gəlirdi ki, könlümə aş düşüb. Eyni zmanada təmizkar adam idi. Geyimdən tutmuş hər şeyə qədər özünə ciddi fikir verirdi.
– Pal-paltarına və zahiri görkəminə bu qədər diqqət yetirən adam görəsən, öz ürəyinə niyə etinasız yanaşdı?
– Natiqin vəfatı dəhşətli bir şey oldu. Üç aya yaxın vaxt keçib, hələ də o şokdan çıxa bilməmişik. Biz saatlarla söhbətləşmişik, illərlə bir yerdə olmuşuq, amma heç vaxt onun səhhətində problem hiss etməmişik. Deyim ki, heç o qrip də olmurdu. Amma qrip olmasa da, asqırmağa başlayanda səkkizini, onunu birdən vururdu, biz də zarafatlaşır, onları sayır, tək, cüt bitəcəyini gözləyirdik.
– Bəs deyirlər ki, axır vaxtlar ağrıyırmış...
– Təxminən, bir il əvvəl gəldi ki, sol əlinin şəhadət barmağını qatlaya bilmir. Mən də baxan kimi dedim bu, sinir problemidir. O da dedi ki, qorxuram. Atam nervopatoloqdur, ona zəng edib soruşduq. Atam da dedi ki, qorxmayın, dirsək siniri problemidir. Bəzi dərmanlar yazdı ki, 10-15 gün qəbul etsin. Bir də qrija problemi deyilən bir şey var. Mən özüm 20 il bu problemdən əziyyət çəkmişəm, artıq adamlara baxanda yerişindən bilirəm ki, onlarda onurğa problemi var və ya yoxdur. Natiqdə də eyni problem yaşanmışdı. Gəlib dedi ki, nə edim. Dedim, bir-iki dərman var, onu qəbul elə, bir də vaxtaşırı idman et, keçib gedəcək. Dediyim iynədən vurdurdu, gəldi ki, ağrım daha yoxdur.
Bu ağrıları çıxmaqla Natiqin səhhətində heç bir problem olmayıb. Bir dəfə iclas vaxtı idi, Natiq tədbirə getmişdi. Qəfildən qapı açıldı, Natiq gəlib bizimlə görüşüb dedi ki, sözünüzü kəsirəm, bağışlayın, mənim sol ayağımla sol qolum keyiyir, ağrıyır. Məndən iynə soruşdu, siyirməyə baxdım, yox idi. Dedim, iynə vurdursan, keçib gedəcək. Sonra aptekə getdi. Otaqdan gülə-gülə çıxdı. Bir saatdan sonra isə səsini eşitdim, otağında qəhqəhə çəkib gülürdü. Mən də Ülkərdən soruşdum ki, ona nə verdin? Dedi, korvalol.
– Son günü idi?
– Bəli... Həmin gün onunla sonuncu zarafatımı etdim, dedim ki, Natiq, sən nə vaxta qədər tibb bacılarının sözünə qulaq asacaqsan, vəziyyətin yaxşı olmayacaq. Uşaqlar da hamısı gülüşdülər. Dedi, ağrı gedib, amma bir az qolumda qalıb. Həmin gün “Qarabağ” - “Çelsi” oyunu vardı. Gəlib dedi ki, futbola baxmağa gedəcəksən? Dedim, bu soyuqda məni heç kim nəinki stadiona, heç çölə də çıxara bilməz. Həmin gün evə bir az tez getdim. O da işdən çıxanda normal qaydada hamı ilə görüşüb gedib.
Axşam evdə işlərim vardı, futbola baxa bilmədim. Adətən gec yatıram, amma o gün saat 11-də təzəcə yatmışdım. Bizim işin gecə növbətçisi Sərxan zəng etdi. Mən də yuxulu idim deyə telefonun səsini aldım. Adətən, belə olanda sonra özümə gəlib zəng edirəm. Bu dəfə gördüm yox, dayanmadan zəng edir. Telefonu bir də söndürdüm. Uşaqlar da yatırdılar. Bu vaxt yoldaşımın telefonuna zəng gəldi. Baxdı ki, zəng edən bizim Caviddir. Sonra həyat yoldaşım baxdı ki, iş yoldaşları Votspada Natiqin ölüm xəbərini yazıblar. İndi də o anı düşünəndə həm dəhşətə gəlirəm, həm də o hisləri təzədən yaşayıram. Yoldaşım qışqırdı, dedi ki, Natiq ölüb. Bunu deyəndə bir anlıq dondum, düşündüm ki, Natiq kimdir? Yoldaşım dedi, bizim Natiq. Bu proses o qədər ani oldu ki, düşünməyə də vaxt qalmamışdı.
Allah ömür versin, bizdə başqa bir Natiq də işləyirdi, montajçı idi. Natiq deyəndə ağlıma birinci o gəldi. Artıq onun ölümünə köklənmişdim. Çox qəribədir ki, o biri uşaqlar da bu xəbəri eşidəndə ağıllarına birinci o Natiq gəlib. Ancaq deyiləndə ki, dünyasını dəyişən Natiq Qədimovdur, beynim bu informasiyanı qəbul edə bilmədi. İnanın, o xəbəri alandan sonrakı 15-20 dəqiqəni xatırlaya bilmirəm. Bir onu bilirəm ki, təzədən Sərxana zəng edib soruşdum ki, necə yəni Natiq rəhmətə gedib. Ağlıma ilk gələn o oldu ki, yəqin, Natiq avtomobil qəzası eləyib. Amma Sərxan dedi, ürəyindəndir, infarkt olub.
Özümə gələndən sonra Cavidlə danışdım. Ani olaraq ağlımdan keçdi ki, bəlkə 1 apreldir, kimsə zarafat edir. Sonra fikirləşdim ki, kim belə zarafat eləyə bilər? Həmin gün ona demişdim ki, Natiq, bu havada məni nəinki statdiona, heç kim çölə də çıxara bilməz. Amma Natiq məni çıxardı. Saat 12-nin yarısı idi, Bakıda sulu qar yağmağa başlamışdı, uşaqlara zəng etdim. Natiqin evinə getdik, gördük keçmiş iş yoldaşları da ordadır. Hamımız binanın önünə yığışmışdıq, içəri girməyə ürək eləmirdik. Amma içimdə bir ümid, bir inam hissi vardı ki, Natiq hələ də yaşayır. Nəsimiyə dedim ki, gəl qalxaq yuxarı. Otağın birində ağlaşmaydı, nə qədər elədim, bu otaqdan o birisinə keçə bilmədim, Nəsimi girdi. Natiqi çiynimizə aldıq, aşağı düşürtdük. Sonradan uşaqlarla danışanda məlum oldu ki, hamımız eyni hisləri keçirmişik: bəlkə Natiq həyatdadır. Yalnız cənazə namazı qılınanda anladıq ki, dostumuz rəhmətə gedib. Həyatda hər cür ağrılı itkilər olur, amma son illər ərzində bu qədər içimi yandıran bir itkim olmamışdı.
– Sizə deyəndə ki, qolum ağrıyır, həmin vaxt təcili xəstəxanaya aparılsaydı, görəsən, yaşayardımı, xilas ola bilərdimi?
– Dəfnin səhərisi işə gəldik. Uşaqlar hamısı şokda idilər, dedim ki, xəbər hazırlamaq lazım deyil, özünüzə gəlin. Aytənə dedim ki, verilişə bir kardeoloq çağır, infarktın əlamətləri nədir, ondan danışsın. Bu adamın gözümüzün qabağında nədən getdiyini bilək. Sabah analoji bir situasiya yarana bilər. Veriliş də baş tutdu. Verilişdən sonra həkimdən soruşdum ki, Natiq deyirdi ki, qolum, ayağım ağrıyır, korvalol vermişdilər, demişdi ki, sakitləşmişəm. Həkim dedi ki, əgər korvalol onu sakitləşdirmişdisə, bilən adam anlayardı ki, artıq o, mikroinfarkt keçirib. Soruşdum ki, biz onu həkimə aparsaydıq, infarkt keçirdiyini təyin etsəydik, daha böyük risk olmaması üçün müdaxilə edə bilərdikmi? Dedi ki, mikroinfarktdan sonra 6-10 saata qədər ürək işləyir. Bu vaxt ərzində əlbəttə, müdaxilə eləyib, hətta əməliyyat eləyib Natiqi həyata qaytarmaq olardı. Bu da Allahın işidir, bilmirəm... Natiq yaxın adamlara hər şeyini danışırdı. Onunla saatlarla yox, günlərlə söhbət etmişik. Heç vaxt ağrıdan danışmamışdı.
– Vüqar bəy, Natiqin mediamızdakı yerindən danışaq. Dost kimi aydındır ki, ürəyinizdə hər zaman yaşayacaq. Bəs onun mediamızda da yeri görünəcəkmi?
– Azərbaycan mediasında profillər üzrə kadr çatışmazlığı var, məhz kriminal sahədə müxbirlərimiz çox azdır. Natiq kriminalın kralı idi. Həmişə onun bir xüsusiyyətinə həsəd aparmışdım, onun klişeyə çevrilmiş bir fikri vardı. Nədən danışırdın, deyirdi, nə problem var ki? Bu sual onun həyatının simvolu idi. Hər şeyə müsbət yanaşırdı. Saatlarla probelmdən danışırdın, deyirdi, nə problem var ki? Sonradan görürdün ki, həqiqətən də probelm yox imiş. Natiq məsələni iki dəqiqədə düzüb-qoşurdu, həll edirdi. Əvəzsiz, qarşılıq gözləmədən yardım etməyi sevən adam idi.
– Natiq özünü krminal muxbir kimi artıq ANS-də təsdiq etmişdi.
– Bəli... Polis və hüquq mühafizə orqanları əməkdaşlarının əksəriyyəti Natiqi şəxsən tanıyırdı və çox yaxşı münasibətləri vardı. Natiqin hesabına onların bir çoxu ilə də mənim əlaqəm yaranmışdı. Rəhmətə gedən günü səhəri telefonu açdım, bir-bir o dostların hamısına Natiqin ölüm xəbərini verdim. Hamısının cavabı eyni olurdu: nə danışırsan? İndiki jurnalistlərin ən böyük problemi tənbəllikdir və bu da Natiqdə yox idi. O, doğrudan da, tənbəl deyildi.
– Natiqin öz evi vardımı?
– Vardı.
– Toyu da təzə olmuşdu... Toydan bir video paylaşmışdılar, Nəsimi yaxşı rəqs eləyirdi.
– Hə, orda təkcə Nəsimi deyildi. Namiq, mən, rəhmətlik Natiq və Nəsimi idi. Natiqin də çox yaxşı rəqs etməyi vardı.
– Səhv eləmirəmsə, toyunu anasının doğum günü ilə bir yerə salmışdı...
– Hə... Mən də təzə öyrənmişdim. Oturub yemək yeyirdik, Natiq dedi ki, Vüqar, belə bir fikrim var, ailə qurmaq istəyirəm, nə deyirsən? Mən də dedim ki, bu elə bir şeydir ki, məsləhət vermək düzgün deyil. Ağıllı adamsan, özün fikirləş. Dedi, vaxtın da təyin etmişik, anamın ad gününə düşür. Qayıtdım ki, rəhmətliyin oğlu, vaxtın da təyin eləmisən, gəlib məndən məsləhət alırsan? (gülür) Çox gözəl toy oldu, yaddaqalan idi. Ümumiyyətlə, Natiqlə çox gözəl xatirələrimiz var.
– Mümkünsə, xatirələrinizdən danışın...
– Yadıma gəlir, Nəsimi Nəbizadəyə “Əməkdar jurnalist” adı verilmişdi. Nəsimidən xəbərsiz işdə 11 nəfər yığışdıq ki, ona sürpriz kimi yığışıb Qəbələyə və ya başqa rayona gedib istirahət edək, Nəsiminin fəxri adını qeyd edək. Hər şeyi hazırlamışdıq. Natiq dedi ki, maşın məsələsi mənlikdir. Natiqin vaxtla bağlı problemi vardı, həmişə gecikirdi. Yenə gecikmişdi, yığışıb Natiqi gözləyirdik. Bir də gördük gəldi. Cəmi 8 nəfərlik maşını gətirmişdi, özü də qabaqda oturmuşdu. Dedim, Natiq, bu nə maşındır, biz axı çoxuq. O boyda yolu bu maşınla necə gedəcəyik? Dedi, birtəhər gedərik. Demək olar ki, qucaqlaşıb getmişdik yolu. Hətta o aralar nəsə yığışıb iş görmək istəyəndə də zarafatla deyirdik ki, nə ediriksə edək, Natiqə tapşırmayaq.
Natiqin faciəsindən bir neçə gün qabaq uşqalar dedilər ki, kollektiv yığışıb yanvar ayının 1-də yeni ili qeyd edək. “Oazis” restoranının rəhbəri Natiqin yaxın dostu idi. Qərar aldıq ki, Natiq tapşırsın, “Oazis”ə gedək. Natiqə dedik, yenə qayıtdı ki, problem deyil. Artıq pul yığmaq haqda danışırdıq. Və ən qəribəsi də odur ki, Natiqin qırxı günü gəlib yanvar ayının 1-nə düşdü, yeni il bayramımızı planlaşdırdığımız günə.
Bir də ölümündən sonra Natiqlə bağlı qəribə rəqəm məsələsi ortaya çıxdı. Onun maşınının nömrəsi 322 idi, ayın da 22-də rəhmətə getdi. Ayın axırı idi, maaş cədvəli yazırdım. Baxdım ki, Natiqin maaş cədvəlindəki sıra nömrəsi də 22-dir. Nəsimini çağırdım, dedim, bax.
– Maraqlıdır, niyə ona əmi deyirdilər?
– Hamımızın dilinə düşmüşdü. Onun yanında həmişə gənc kadrlar çalışıb. Natiq də özünü onların yanında bir əmi kimi aparırdı. Çox qayğıkeş və mədəni insan idi. Məhz özünü böyük kimi aparırdı deyə nə vaxtsa kimsə ona əmi demişdi, beləcə də bu müraciət Natiqə yapışıb qalmışdı.