4 Mart 2018 10:13
4 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səməd bəy Ağaoğlunu Türkiyədə təkcə Əhməd bəy Ağaoğlunun oğlu kimi tanımırlar. Bir zamanların məşhur siyasi xadimi olan Səməd bəy Demokrat Partiya hökumətlərində ticarət, əmək naziri olub. Bir müddət baş nazirin müavini vəzifəsində də çalışıb. Siyasətdən uzaqlaşdıqdan sonra özünü yazmağa həsr edən Səməd bəyin iyirmiyə yaxın kitabı çap edilib. Onun müəllifi olduğu “Atamın dostları” (Babamın arkadaşları) kitabından Əli bəy Hüseynzadə ilə bağlı hissəni oxuculara təqdim edirəm:

Atamın dostu, ağ saqqallı, gözəl gözlü şair, rəssam, musiqişünas, filosof, jurnalist, tərcüməçi, professor, həkim…

Səhərləri üzünü yumağı bir saat, geyinməyi iki saat çəkirdi. Danışmağa başlayanda hekayələri, xatirələri, lətifələri, iynəli zarafatları ilə müsahibini heç yormazdı. “İttihad və tərəqqi”nin qurucularından idi. Türkiyə Höteni, Şilleri onun qələmi ilə tanımışdı. Bir tərəfdən Dantenin “Cəhənnəm”ini, o biri tərəfdən də isə Adam Smitin məşhur əsərini çevirmişdi. Türkiyəyə əsl humanizm cərəyanını o gətirmişdi. İstiqlal Məhkəmələrində ölümlə üzbəüz dayanmışdı. Onun sərgüzəştlərlə dolu həyat hekayəsindən neçə adam xəbərdardır ki?

Atamla onunku necə tuturdu? Atam əsəbi, sərt, tələskən bir adam idi. O isə sakit, soyuqqanlı. Bu fərqlərinə baxmayaraq, onlar bir yerdə qəzet çıxardılar, inqilablara qoşuldular, gizli təşkilatlar qurdular.

Türkiyənin böyük mürşidi Ziya Göyalp “İslam ümməti, Qərb mədəniyyəti, Türk milləti” tezisini irəli sürərkən ondan ilhamlanmışdı. Osmanlı imperiyası ümmətçiliklə xilas ola bilməyəcəyini görəndə Turan yolunu o göstərmişdi. Bunlar mübaliğə deyil, atamın dostu bütöv bir dövrün gizli siması olmuşdu.

Atamın ölümündən sonra onun göz yaşları ağ saqqalına süzülərkən bizə danışdığı əhvalatları var:

“Əhməd bəylə Batumidə idik. Osmanlı dövləti müharibəni uduzmuşdu. Biz eyni otaqda qalırdıq. Əhməd bəy məndən Hafizin kitabını soruşdu. Nəyə görə istədiyini xəbər aldım. Fala baxmaq istəyirdi. “Tasonun “Xilas edilmiş Qüds kitabı var, onunla baxaq”, - dedim. Kitabı götürdüm. Əhməd bəydən soruşdum:

- Nəyin falına baxmaq istəyirsən?

- Millətin gələcəyi necə olacaq?

Kitabın təsadüfi bir səhifəsini açıb oxumağa başladım:

- Ey məndən millətin gələcəyini soruşan adam. İnsanlar bunu bilməyə qadir deyillər. Fəqət keçmişlərə baxıb deyə bilərəm ki, Şərqin ən ağır günlərində sarı saçlı bir qəhrəman gələcək. Milləti zəfərə və azadlığa aparacaq.

Əhməd bəy inanmadı:

- Zarafat edirsən?

Mən kitabı ona göstərdim. Sonralar hər şey faldakı kimi çıxdı”.

Başqa bir xatirə də danışmışdı.

“Əhməd bəylə qəzet çıxardırdıq. Yazımı hazır eləməmişdim. Bir az da əsəbi idim. Əhməd bəy yazını soruşdu. Sərt cavab verdim. O da əsəbiləşdi, ikimiz də səsimi ucaltdıq. Axırda mən stulu götürüb onun üstünə yeridim. Onun da məni vurmaq üçün nəsə götürəcəyini düşünürdüm. Amam o sürətlə mənim yanıma gəldi, üzbəüz dayandıq. Mənə dedi ki, stulu başıma vur, amma yazını da ver”.

Bir də çox qəribə saflığı vardı. İstiqlal Məhkəməsinə verilmişdi. Silahlı əsgərlər onu məhkəməyə gətirdi. Bir az həzin, bir az da gülünc bir inamla boynunu bükmüşdü. Ondan Qara Kamalla (Osmanlının ictimai iaşə naziri, “İttihad və tərəqqi”nin liderlərindən biri. Atatürk dövründə ölümə məhkum edilib. - Q.T.) münasibəti haqqında soruşdular. “Mənə çox maddi köməyi dəyib”, - dedi. O, bütün dostlarını səmimiyyətlə sevirdi. Üç kiçik uşağı, özündən çox gənc arvadı, qayınanası və baldızı ilə yaşayan və maddi vəziyyəti ağır olan Əli bəyə Qara Kamal maddi yardım etmişdi. Onun bu səmimiyyəti məhkəmə hakimlərinin gərgin sifətinə də təbəssüm qondurdu. Məhkum edilməsi üçün heç bir əsas yox idi. Amma bəlkə də onu məhkəmədən bu səmimiyyəti xilas etmişdi.

Nadir hallarda əsəbiləşən, çox az heyrətlənən bu soyuqqanlı insanın həyatda düşdüyü ən heyrətamiz vəziyyət də elə istiqlal Məhkəməsində olmuşdu.

Məhkəmə hakimi qəzəblənmiş və onun üzünə “Səndən şiəlik iyi gəlir” demişdi. O bu sözləri eşidəndə əvvəlcə qulaqlarına inanmadı, sonra gözləri böyüdü, “Mən? Mən?” deyə kəkələdi. Hər cür ittihamı gözləyə bilərdi. Fəqət bunu əsla! Hər şeydən əvvəl şiə deyildi. Bir də dövrünün məşhur ateisti olan Abdullah Cövdətin yeganə dostu idi.

Mənə danışdığı bir əhvalata isə hələ də gülürəm:

“Evdə arvadım və baldızımın nəyə görəsə mənimlə sözləri düz gəlmədi. Mən də onlara bu hədisi dedim: “Arvadlar ərləri və başqa kişilərlə söz güləşdirdikləri gün göydən daş yağacaq. Sözümü qurtarmamış birdən top, tüfəng, bomba səsləri eşidilməyə başladı. İngilis təyyarələri də basqına qoşuldu. Arvadım və baldızım qorxaraq mənim əlimdən yapışdılar”.


Müəllif: Qan Turalı

Oxşar xəbərlər