“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə Regional Hüquqi və İqtisadi Maarifləndirici İctimai Birliyinin sədri Arzu Bağırova, deputatlar Qənirə Paşayeva, Rafael Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Qəhrəmanların ailə üzvləri, aprel döyüşlərində şəhid olan hərbçilərin xanımları, ziyalılar, media nümayəndələri, ölkənin ictimai-siyasi həyatında aktiv olan qadınlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Regional Hüquqi və İqtisadi Maarifləndirici İctimai Birliyinin sədri Arzu Bağırova bildirib ki, yeni QHT-nin təsis olunmasında əsas məqsəd qadınlara dəstək olub onları maarifləndirməkdir. 1918-ci ildə müsəlman Şərqində ilk dəfə qadınlara Azərbaycan Cümhuriyyətində seçki hüququ verildiyini deyən Birlik sədri vurğulayıb ki, bu, fəxr olunası tarixi hadisədir: “Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdikdən sonra qadınlarımız ictimai həyatda fəal iştirak edirlər. Onlar siyasi və biznes fəaliyyəti ilə aktiv məşğuldurlar. Məqsədimiz regiondakı qadınlarımız da daxil olmaqla xanımlarımıza bu yolda yardım etmək, hüquq və iqtisadi maarifləndirmə işini aparmaqdır”.
Onun sözlərinə görə, eyni zamanda hüquq və iqtisadi sahələrlə bağlı həyata keçirilən layihələrə dəstək veriləcək. Arzu Bağırova göstərdiyi mənəvi dəstəyə görə deputat Qənirə Paşayevaya təşəkkür edib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərin valideynləri və həyat yoldaşlarının tədbirdə iştirak etdiyinə diqqət çəkərək qadınları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Deputat qeyd edib ki, Azərbaycan qadınları həmişə Azərbaycan dövlətinin yanında olduğunu nümayiş etdirir: “Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Xanımlarımızın ictimaiyyətdə rolu böyük və danılmazdır. Prezidentimiz İlham Əliyev qadınlarımıza hər zaman dəstək olub. Biz qadınlar da cənab prezident İlham Əliyevin ətrafında sıx birləşəcəyik. I vitse-prezidentimiz Mehriban Əliyevanın qadınlarımızın cəmiyyətdə rolunun genişlənməsində böyük dəstəyi var. Ən böyük hədəfimiz torpaqlarımızın işğaldan azad olunması, qadınlar gününün Cıdır düzü, Xocalıda qeyd olunmasıdır. Ümid edirəm ki, Arzu xanımın təşkilatı öz fəallığı ilə seçiləcək, vətəndaşlarımızın hüquqi və iqtisadi maariflənməsinə mühüm töhfələr verəcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, Azərbaycan qadınlarına seçib-seçilmək hüququnun verilməsi məsələsi hələ 1917-ci ildə Rusiya Dumasında müzakirə olunub: “Azərbaycan Xalq Cümhuriyyəti dövründən xanımlarımızın ictimaiyyətdə rolu böyük olub. Onlara həmin dövrdən səsvermə imkanı yaradılıb. Hazırda Azərbaycan xanımı ulu öndərin və Prezident İlham Əliyevin sayəsində hər yerdə sözünü deyə bilir. Aprelin 11-də prezident seçkilərində səsimizi İlham Əliyevə verəcəyik. Bu gün Azərbaycan qadınının səsi daha yüksəklərdən gəlir, ölkəmizin ən müxtəlif regionlarında qadınlarımız öz fəallığı ilə seçilirlər. Hansı bölgəyə getsək, hətta ucqar Lerik, Yardımlı, Daşkəsəndəə belə qadınlarımızın inkişafını, aktivliyini görüb özümüzü xoşbəxt hiss edirik”.
Tədbir xalq artisti Məsum İbrahimovun, opera ifaçısı Oya Ergünün ifaları ilə davam edib.