12 Mart 2018 12:43
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, sosial şəbəkələr zibilliyə çevrilib. Artıq özünə hörmət edən adam orada qalmaq istəmir. Belə şəxslərdən biri də mənəm. Sosial şəbəkədəyəm, amma o qədər iyrənc vəziyyət yaranıb ki, təsəvvür etməzsiniz.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Musa Quliyev son vaxtlar sosial şəbəkələrdə müşahidə edilən qeyri-etik, əxlaq çərçivələrini aşan açıqlamalar, Azərbaycan ziyalıları, ictimaiyyət xadimləri və dövlət məmurlarının təhqir edilməsi hallarına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Azərbaycan düşmənlərinin yönəltdiyi insanlar var və onlar bilərəkdən sosial şəbəkələrdə təhqirlərdən istifadə edirlər:

“Buna hər hansı bir şübhə yoxdur. Eyni zamanda səviyyəsiz şəkildə də müzakirələr olur. Baxanda görürsən ki, bu müzakirələrdə nə elmi əsaslandırma var, nə mədəniyyətə, nə də mənəvi dəyərlərə uyğundur. Sosial şəbəkələr məni ciddi narahat edir. Doğurdanmı, bizim fəal insanların siması budur? Hesab edirəm ki, ictimaiyyət olaraq sosial şəbəkələrlə bağlı ciddi müzakirələr aparmalı və tədbirlər görməliyik. Sözsüz ki, sosial şəbəkələrdə belə hallar Azərbaycan xalqının milli əxlaqını ifadə etmir. Xalq bundan çox yüksəkdədir. Amma görüntü belədir: görün, Azərbaycanın sosial fəal insanlarının müzakirə obyekti, mövzuları nədən ibarətdir. Bu, işin bir tərəfidir.

Digər tərəfdən, siyasi mübarizəni sosial şəbəkələrdə təhqir müstəvisinə keçirmək çox ağrılı və narahatedici məsələdir. Əslində bunda cinayət elementi var. Bu təkcə tuşlandığı hədəfi təhqir etmir, eyni zamanda minlərlə insan təhqir olunur. Çünki minlərlə insan bu yazıları oxuyur, paylaşımları görür, videolara baxırlar. Azərbaycanın tanınmış insanlarını, ziyalıları, tarixi, milli qəhrəmanları, dövlətçilik və mübarizə tarixində rolu olan şəxsləri, Azərbaycan mədəniyyətinə və incəsənətinə tarixi xidmətlər göstərən insanları təhqir etmək, aşağılamaq, bilərəkdən təftiş aparmaq təsadüfi məsələ deyil. Əksinə, bunların hamısı Azərbaycan düşmənlərinin ölkədən kənarda hazırladığı modellərdir və bu modellərin bəziləri bizim milli satqınlar tərəfindən pul qarşılığında həyata keçirilir. Əlbəttə, bəziləri kor-koranə olaraq onların toruna düşürlər. Və başlayırlar “aktiv” olmağa”.

Musa Quliyev hesab edir ki, bu məsələlər Milli Məclis səviyyəsində müzakirə edilməlidir:

“Sosial şəbəkələr haradasa KİV-in bir növüdür, informasiya mənbəyidir. Bura yazılan təhqirlərlə bağlı ölçü götürmək barədə düşünməliyik. Mən düşünürəm ki, hər kəs rəsmi adı ilə sosial şəbəkələrə daxil olmalıdır. Ölkədən kənarda olanları isə bloklamaq lazımdır. Bu, rahat işdir. Əgər həmin istifadəçidən təhqir varsa, ona xəbərdarlıq etmək və sonra ölkəyə girişini bloklamaq mümkündür. Bir çox ölkələr bu üsuldan istifadə edir və hesab edirəm ki, biz də bundan istifadə etməliyik. Sosial şəbəkədə bu ənənənin yayılması cəmiyyətdə mənəvi aşınmaya, deqradasiyaya gətirib çıxarır. Bu da təhlükəli prosesdir. Bir nəsil bunu davam etdirirsə, ondan sonra gələn nəsil bütün milli mənəvi dəyərləri, əxlaq davranışlarını unudacaq.

Konstitusiya ilə dövlət simvolları və atributlarının qorunması Ədliyyə Nazirliyinə həvalə olunub. Hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməlidir. Xaricdəki satqınların məlum təhqirləri Azərbaycan cəmiyyətində hiddətlə qarşılanır, onlara cavab da verilir. Hesab edirəm ki, hüquq müstəvisində bu addımlara cavab verilməli, təhqir yolunu seçən şəxslər cəzalandırılmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər