Seçki prosesinin düzgün işıqlandırılmasında Kütləvi İnformasiya Vasitələrinin rolu önəmlidir. Daim KİV-lə birlikdəyəm. Mərkəzi Seçki Komissiyası Azərbaycan KİV-dən tam əminidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkilərdə Kütləvi İnformasiya Vasitələrinin rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
M.Pənahov Azərbaycan KİV nümayəndələrinin seçkilərin işıqlandırılmasında peşəkarlığına şübhə etmədiyini deyib:
“Bu vaxta qədər KİV-lərimiz hər zaman işinin öhdəsindən layiqincə gəlibr. Bu seçkilərdə də jurnalistlərimizin eyni peşəkarlığı nümayiş etdirəcəklərinə inanıram”.
MSK sədri bildirib ki, bu gündən namizədlərin təbliğata başlayır:
“Seçkidə artıq finiş xəttinə çatmışıq, bu gündən İctimai televiziyanın efirində namizədlərin çıxışları başlanacaq. Namizədlərin arzuları nəzərə alınaraq, radiodakı veriliş televiziyadan əvvəl keçiriləcək. Bununla bağlı qərar veriləcək. Debatlar radioda saat 19, televiziyada saat 22 radələrində yayımlanacaq. Seçicilərin sayı 5 milyon 300 min nəfərdən çoxdur. Bura Azərbaycan və onun hüdudlarından kənarda - xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə qeydiyyatda olanlar daxildir. Seçkidə nəzarət məqsədilə 115 beynəlxalq müşahidəçi qeydə alınıb. Demokratik seçki keçirmək üçün Seçki Məcəlləsi dünyada qəbul olunmuş prinsiplərə əsaslanmalıdır. Seçkilərdə şəffaflığın əsas şərtlərindən biri seçki məntəqələrində veb-kameraların olmasıdır. Növbəti əsas şərt işə ölkə rəhbərliyinin seçkidə iradəsinin olmasıdır. Məntəqələrin 20 faizini kənardan müşahidə etmək mümkün olacaq. Bu artıq Azərbaycan təcrübəsi kimi dünyada qəbul edilir. Bu bir vaxtlar ölkə Prezidentinin təşəbbüsü olub, bu dəfə də seçkidə tətbiq ediləcək”.
***
Bəzən seçki ərəfəsində təbliğat üçün namizədlərin telekanallara ödədikləri vəsait, mal və xidmətlərin reklamı zamanı ödənilən vəsaitdən az olur. Telekanal rəhbərləri də çox zaman bundan şikayətlənirlər.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli "Seçkilərdə KİV-in rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
MTRŞ sədri ödənişli təbliğat üçün heç bir telekanalda problem olmadığını vurğulayıb: “Lakin bu təbliğat reklam qanunvericiliyinə uyğun olmalıdır. Telekanallar namizədlərdən birinin ölkə prezidenti olmasını nəzərə almalıdır. Hər bir telekanal Prezidentin fəaliyyətini işıqlandırarkən, onun namizəd olduğunu nəzərə alaraq, xüsusi həssaslıq göstərməlidir. Onu da qeyd edim ki, təbliğat zamanı efirdə xüsusi işarələr olacaq. Telekanal rəhbərlərindən təbliğat məsələsinə xüsusi həssaslıq göstərmələrini xahiş edirəm”.
N.Məhərrəmli onu da vurğulayıb ki, Milli Televiziya və Radio Şurasına hər hansı namizəd tərəfindən şikayət daxil olmayıb.