25 Mart 2018 10:40
6 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycanda cümhuriyyətin elan edilməsinin yüzüncü ildönümüdür. Bununla bağlı dövlət başçısı tərəfindən sərəncam imzalanıb, tədqiqatçılar tərəfindən müxtəlif kitablar, elmi məqalələr təqdim olunub.

Amma tədqiqatçılar arasında birmənalı qəbul edilməyən məsələ var: o zamankı dövlətimizin rəsmi adı. Bəzi tədqiqatçılar Azərbaycan Xalq Cümhuriyyəti, bəziləri isə Azərbaycan Cümhuriyyəti yazılmasını doğru hesab edirlər. Bəs, həqiqət necədir?

Qeyd edək ki, dövlətin rəsmi adının Azərbaycan Cümhuriyyəti olduğunun ən qızğın tərəfdarı professor Ədalət Tahirzadədir. Bu yaxınlarda elmi nəşrlərin birində onun "Niyə Azərbaycan Cümhuriyyəti?" adlı geniş həcmli məqaləsi də yayımlanıb.

Məqaləsində Ə.Tahirzadə fikrinin sübutu kimi bunları göstərir: dövlət möhürləri, dövlət ştamp və blankları, Cümhuriyyətin pulları, Cümhuriyyətin poçt markaları, dövlətin xarici pasportu, rəsmi sənədlər, rəsmi nəşrlər, əsərlər və başqaları.

Onun fikrincə, ən önəmli sənəd möhürlərdir:

"Cümhuriyyətin mövcud olduğu 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək bütün dövlət möhürlərində yalnız "Azərbaycan Cümhuriyyəti" (bəzən də "Azərbaycan Hökuməti-Cümhuriyyəsi", yəni "Azərbaycan Cümhuriyyəti Hökuməti") işlədilib. Bir sıra möhürlərdə dövlət qurumunun adı rus və fransız dillərində də verilib. Rusca yalnız "Азербайджанская Республика", fransızca isə "Republique d’Azerbaidjan" yazılıb. Məsələn:

"Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı"

"Azərbaycan Hökuməti-Cümhuriyyəsi"

"Azərbaycan Cümhuriyyəti Xariciyyə Nəzarəti"

"Azərbaycan Cümhuriyyəti Daxiliyyə Nəzarəti"

"Azərbaycan Cümhuriyyəti Ədliyyə Nəzarəti"

"Azərbaycan Cümhuriyyəti Maarif Nəzarəti",

"Azərbaycan Cümhuriyyəti Təriq və Məabir Nəzarəti"

"Azərbaycan Cümhuriyyəti Ümuri-Xeyriyyə Nəzarəti"

"Azərbaycan Cümhuriyyəti könüllü birinci alayı birinci tabur komandanlığı",

"Azərbaycan Cümhuriyyəti hökumət xəstəxanası",

"Azərbaycan Cümhuriyyəti. Gürcüstan Cümhuriyyətində siyasi vəkil",

"Azərbaycan Cümhuriyyəti Zaqatala vilayəti xalq məhkəmeyi-şəriyyəsi" və b".

Ə.Tahirzadə digər mühüm mənbə kimi Cümhuriyyət dönəmində çap edilən pulları göstərir:

"Dövlətin rəsmi adının göstərildiyi ən inanmalı tutarqalar içində pul və poçt markaları da önəmli yer tutur. İlk Cümhuriyyətimiz çağında buraxılmış bütün əskinas və poçt markaları üzərində ana dilimizdə (ərəb qrafikasında) "Azərbaycan Cümhuriyyəti" (lap ilk pullarda bəzən: "Azərbaycan Hökuməti-Cümhuriyyəsi", yəni "Azərbaycan Cümhuriyyəti Hökuməti"), rusca "Азербайджанская Республика", fransızca "Republique d’Azerbaidjan" oxuyuruq".

Ə.Tahirzadə digər bir sübut kimi dövlətin verdiyi rəsmi pasportu göstərir: "Cümhuriyyətin xarici pasportlarının üstündə dövlətin adı "Azərbaycan Cümhuriyyəti" yazılıb. Örnək üçün Əli Məşədi Xaspulat oğlu Kərimovun 11.12.1919-cu il tarixli xarici pasportunu götürək. Burada oxuyuruq: "Azərbaycan Cümhuriyyəti. Xarici təzkərə" / "Азербайджанская Республика. Заграничный паспорт...

Dövlətin rəsmi nəşrlərindəki bütün sənədlərdə də, təbii ki, yalnız "Azərbaycan Cümhuriyyəti" (rusca: "Азербайджанская Республика") qeyd olunub... Qəti şəkildə bəyan edirik: ilk dövlətimizin rəsmi adı 1918-1920-ci illərdə ana dilimizdə yalnız "Azərbaycan Cümhuriyyəti", rusca "Азербайджанская Республика" və fransızca "République d'Azerbaidjan" kimi işlədilib (yalnız Cümhuriyyətin ilk çağlarındakı "Azərbaycan", "Azərbaycan hökuməti", "Azərbaycan Hökuməti-Cümhuriyyəsi" istisnadır). Bunlardan başqa hər hansı bir ad işlədilmiş o dönəmin bircə rəsmi dövlət sənədi bizə təqdim edilərsə, bütün diplomlarımızı yandırmağa hazırıq!!!"

Tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov isə mövzu ilə bağlı Teleqraf.com-a bunları açıqladı:

"Dövlətin adı rəsmi olaraq Azərbaycan Cümhuriyyətidir. Bütün dövlət blanklarında, möhürlərində, pulun üzərində və s. yerlərdə Azərbaycan Cümhuriyyəti gedib. Cümhuriyyətlə bağlı əlimdə on minlərlə səhifəlik arxiv sənədi var. Bunların içərisində İstiqlal Bəyannaməsindən başqa heç bir sənəddə AXC qavramı yoxdur. İstiqlal Bəyannaməsinə də bu qavram necə, hansı şəkildə düşüb, Milli Şura üzvlərinin onlara yad olan bu qavramın altına niyə imza atdıqlarını tezliklə geniş ictimaiyyətə açıqlayacağam".

Tarixçi Firdovsiyyə Əhmədova bu mövzu ilə bağlı mətbuata verdiyi açıqlamada AXC yazılışının tarixi ilə bağlı bunları bölüşüb:

"Düzgün vаriаnt Azərbаycаn Cümhuriyyətidir. Çünki bütün dövlət sənədlərində, hökumət yаzışmаlаrındа, dövlətin möhürlərində, dövlət pullаrındа, birmənаlı olаrаq, Azərbаycаn dilində "Azərbаycаn Cümhuriyyəti", rus dilində isə "Azerbаycаnskаyа Respublikа" yаzılıb. Yаlnız İstiqlаl Bəyаnnаməsində Azərbаycаn Xаlq Cümhuriyyəti yаzılıb. Onun dа o vаxt mərhum prezident Heydər Əliyevin rəhbərliyi ilə çox geniş müzаkirəsi keçirildi. Heydər Əliyevin bаşçılığı ilə keçirilən müzаkirədə qərаrа gəlindi ki, dövlətin аdı Azərbаycаn Xаlq Cumhuriyyəti kimi işlənsin. Yəni bizim müаsir Azərbаycаndа rəsmi qəbul olunmuş аd kimi Azərbаycаn Xаlq Cumhuriyyəti işlənir. Ammа o dövrün rəsmi sənədlərində dövlətin аdındа nə "xаlq", nə də "demokrаtik" sözü olub, аdı elə Azərbаycаn Cümhuriyyəti olub".

Yazımızın ikinci hissəsində digər tarixçi və tədqiqatçıların fikirlərini diqqətinizə çatdıracağıq. Teleqraf.com bütün tədqiqatçıları bu müzkirəyə qoşulmağa dəvət edir.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər