29 Mart 2018 13:13
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “1918-ci il - azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Teleqraf.com-un xəbərinə görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və DTX-nın İctimai əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Türkiyə, Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Almaniya, İrlandiya, Gürcüstan, Rusiyadan olan alimlər iştirak edirlər.

Konfrans iştirakçıları foto-sənədlər və Dövlət Komissiyası tərəfindən nəşr edilmiş kitablardan ibarət sərgiyə baxış keçiriliblər.

Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri İsmayıl Axundov bildirib ki, 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib: “Həmin günlərdə Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. 1918-ci il Azərbaycan-türk əhalisinə qarşı soyqırım hadisələri yalnız Azərbaycan ərazisi ilə məhdudlaşmayıb, ümumilikdə Cənubi Qafqaz, Türkiyə və İranda yaşayan dinc müsəlman xalqlarını da əhatə edib”.

İ.Axundov qeyd edib ki, baş vermiş hadisələrdən 80 il sonra - 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib: "Ermənistan hərbçiləri tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırım siyasəti davam edib. Nəticədə Azərbaycanın 20 faiz ərazisi işğal edilib, 1 milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrilib, 20 min insan qətlə yetirilib, 50 min insan əlil olub, 3875 nəfər itkin düşüb".

Türkiyənin Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kamal Çiçək deyib ki, bu gün Türkiyə, Gürcüstan və Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri yaşasa da, Ermənistanda ermənilərdən başqa heç kim yaşamır: "Ermənistan soyqırım siyasətini davam etdirməkdədir. Xocalıda baş vermiş qırğın buna nümunədir. Azərbaycanlılar Xocalıda türk, müsəlman olduğu üçün qətlə yetiriliblər".

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi Azərbaycan Xalq Cümhuriyyəti dövründə də 31 mart qırğınlarına qiymət verildiyini vurğulayıb: "Məhəmməd Əmin Rəsulzadə mart-aprel qırğınlarında öldürülən insanları "Azadlıq yolunun qurbanları" adlandırıb. Lakin 1920-ci il aprel çevrilişindən sonra mart-aprel qırğınları "vətəndaş müharibəsi" kimi qələmə verilib”.

Konfrans bölmə çıxışları ilə davam edəcək. (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər