4 Aprel 2018 16:27
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim müraciətimiz əsasında AMEA-da toplantı keçirildi və həmin professor ciddi tənbeh edildi. Ramiz Məmmədov özü də bizdən üzr istədi, sadəcə, biz yazılı şəkildə üzrxahlıq məktubu gözləyirik.

Teleqraf.com xəbər verir ki, bunu Kult.az-a açıqlamasında Modern.az saytının rəhbəri Elşad Eyvazlı deyib. Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun sözügedən saytın əməkdaşını təhqir etməsinə görə AMEA-ya göndərdikləri müraciətin nəticəsi ilə bağlı danışan Elşad Eyvazlı bildirib ki, qurum müraciəti cavablandırıb:

“AMEA-dan istəyimizi yerinə yetirəcəkləri barədə bizə söz verdilər və xahiş etdilər ki, məhkəməyə müraciət etməyək. İstənilən halda həm jurnalistlər, həm AMEA, həm millət vəkilləri bu məsələyə çox həssaslıqla yanaşdılar. Həmin şəxsin vəzifədə qalıb-qalmayacağı barədə məlumatım yoxdur. Bu artıq Akademiyanın öz işidir.

Ramiz Məmmədov jurnalistlərə qarşı təhqiramiz ifadə işlədibsə, AMEA qərar verməlidir. Akademiya həmin şəxsi işində saxlayacaqsa, deməli, bu qurum özü imkan verir ki, hansısa direktor jurnalistlərlə bu şəkildə danışsın. Əksi olsa, biləcəyik ki, bu qurum da hüquqlarımızın pozulmasının tərəfdarı deyil. Əgər rəsmi şəkildə üzrxahlıq məktubu gəlsə, məsələni böyütməməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov hava şəraiti ilə bağlı məlumat almaq istəyən jurnalistə açıqlama vermək əvəzinə, ölkə mediasında çalışan jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlədib. Təhqirin ünvanlandığı Modern.az saytı sözügedən xoşagəlməz olaya görə AMEA-nın prezidenti Akif Əlizadəyə müraciət etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər