Bakıda turistlərə satılan suvenirdə Azərbaycanın xəritəsi Dağlıq Qarabağsız həkk edilib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə məlumat verən jurnalist Sənan Nəcəfov ehtimal edir ki, suveniri ermənilər hazırladıblar:
“Bizim insanlar da sadəcə Azərbaycanın, Bakının rəsmini görüb alıb gətiriblər. Təəssüf ki, bu nəfis tərtibatdakı suvenirə bura gələn xaricilər maraq göstrirlər. Subliminal mesaj öz işindədir... Ya da bəlkə işğal olunmuş əraziləri göstərmək istəyiblər, rəng fərqini alındıra bilməyiblər. Mümkün versiyalardan biridir. Hər halda dəqiqləşdirmək lazımdır”.
Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Azadgil Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə turistlər üçün satılan suvenir məhsullarının birində Azərbaycanın xəritəsi Dağlıq Qarabağsız həkk edilməsi barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi monitorinq aparıb:
“Bu məsələ ilə bağlı bir ay əvvəl sosial şəbəkələrdə məlumat yayıldı. Faktla bağlı idarə tərəfindən dərhal qoruq ərazisində yerləşən ticarət obyektlərində monitorinq aparıldı. Belə bir boşqabın eynisi və ya oxşarı tapılmadı. Onun İçərişəhərdə çəkilməsini təsdqiləyən foto da yoxdur. Sadəcə, boşqab çəkilib, göndərilib. Amma biz bütün ərazidə monitorinq apardıq”.
Nərmin Azadgil qeyd edib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində satılan suvenirlərə nəzarət olunur:
“İçərişəhərdə Ənənəvi İncəsənət Mərkəzi və ABAD fəaliyyət göstərir. Orada yerli sənətkarların hazırladığı əl işləri təqdim olunur. Biz məhsulların üzərindəki hər naşıxışa diqqət edirik. İçərişəhərdə xaricdən, ya başqa yedə istehsal olunan suvenirlərin satışı da var. Onlara da nəzarət edilir. Ancaq ola bilər ki, 3-5 min boşqabın birində belə rəsm olsun.
Bu məsələ ilə bağlı həm idarənin müvafiq qurumlarına, həm də İçərişəhərdə fəaliyyət göstərən fərdi ticarət obyektlərinin sahiblərinə aidiyyəti üzrə göstərişlər verilib. Dövlətimizin mənafelərinə toxuna bilən məhsulların satılması və nümayiş etdirilməsinin yolverilməz olduğu qeyd edilib”.