Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin Ankarada Mustafa Kamal Atatürkün dəfn edildiyi Anıtməzarın kitabxanasında bir neçə əsəri saxlanılır. Kitabxananın elektron kataloquna baxdığımızda orada Rəsulzadənin üç əsərinin qorunduğu görünür: “Milliyyət və bolşevizm” (İstanbul, 1928, 144 səhifə), “Rusiyada siyasi vəziyyət” (İstanbul, 1926, 45 səhifə), “Azərbaycan Cümhuriyyəti” (İstanbul, 1923, 167 səhifə).
Bu kitablar arasında ən maraqlısı “Azərbaycan Cümhuriyyəti” əsəridir. Çünki kitabın üzərində Rəsulzadənin orijinal imzası var. Məhəmmədəmin bəy bu kitabı Osmanlı xəlifəsinə imzalayıb. İthafda yazılıb: “Halife-i müslimin efendimiz hazretlerine takdimi acizane. 10 mayıs, 1339, İstanbul”.
Təəssüf ki, Rəsulzadənin bu kitabı hansı məkanda, hansı şəraitdə imzalaması haqqında məlumat yoxdur.
Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabının bir neçə imzalı nüsxəsi bəllidir. Bu kitablardan biri kolleksioner Ruslan Rəhimovun arxivindədir. Həmin kitab türk şairi Yəhya Kamala imzalanıb. İthafda yazılıb: “Türk şair-i muhteremi Yahya Kemal Beye takdim”.
Digər imzalı nüsxə Türk Ocaqlarının kolleksiyasında saxlanılır. Həmin nüsxədəki ithafda yazılıb: “Türk edib-i muhteremi Ahmed Hikmet Efendi hazretlerine nişane-i ihtiram. 16 mayıs, 1339, İstanbul”.
İslam Konfransı Təşkilatının kitabxanasında qorunan nüsxənin üzərində isə belə yazılıb: “Üstad-ı muhterem-i Ahmet Bey Efendi hazretlerine takdim. 23 Nisan 1339 İstanbul”.
Başqa bir nüsxə isə Türkiyədə bir kolleksionerin arxivindədir. Həmin nüsxə Ədəbiyyat Fakultəsinin müdiri Behcət bəyə imzalanıb.