14 Aprel 2018 08:45
2 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazda-yayda heyvanların “görüşünə” gedən insanların sayı çoxalır. Havalar isinib deyə təbiət qoynuna, yaşıllığa üz tutmaq adi hala çevrilir. Zoopark da belə yerlərdən hesab olunur.

Biz də yolumuzu Bakı Zooloji Parkından saldıq. Elə girişdən görünürdü ki, içəridə xeyli insan var. Əvvəlcədən xəbər verdiyimizə görə bizi zooloji şöbənin müdiri Pərvanə Səfərova qarşıladı. Zooparkı gəzə-gəzə söhbətə başladıq.

Pərvanə xanım deyir ki, Bakı Zooloji Parkında hazırda 154 növ, baş sayı olaraq isə 1240-dan çox heyvan var:

“Onlar şöbələrdə qruplaşdırılıb. Zooloji, teriologiya, ornitologiya, akvanarium və terrarium şöbələri var.

Şöbənin işçiləri heyvanları hər gün yemləyir, altını təmizləyir və onlara nəzarət edir. Gördüyünüz kimi, hazırda zooparkda rekonstruksiya işləri gedir. Gələcəkdə zooparkın ərazisini genişləndirmək nəzərdə tutulur. Yer genişlənəndən sonra, çox güman ki, Bakı zooparkına daha çox sayda və yeni növdə heyvanlar gətiriləcək”.

Ələtə köçmək gündəmdə deyil

Pərvanə xanım bildirir ki, bir ara zoopark ərazisinin Ələtə köçürüləcəyi barədə məlumatlar gedirdi:

“İndi o məsələ gündəmdə deyil. Sadəcə olaraq parkın istifadə olunmayan ərazisi var, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə orada təmir işləri gedir. Təmir bitdikdən sonra ərazi xeyli genişlənəcək”.

Filə böyük ərazi lazımdır

Zoopark ziyarətçiləri burada fil, kenquru, zürafənin olmamasından gileylənirlər. Pərvanə xanımın sözlərinə görə, vaxtilə zooparkda kenquru varmış, sonra xəstəlik üzündən tələf olub:

“Bəzi heyvanların saxlanması üçün burada elə şərait yoxdur. Filə çox böyük ərazi lazımdır. İndiki şəraitdə elə yer yaratmaq mümkün deyil. Fili deyə bilmərəm, amma gələcəkdə zooparka başqa heyvanlar gətirəcəyik.

Hazirda parkda Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, qırmızı canavar, Arktika canavarı, şotland ponisi, yallı qoyun, Avropa cüyürü, tirəndaz, adi iriburun yenot kimi heyvanlar var. “Qırmızı kitab”a düşən quşlardan qartal, qu, qutan, qırqovul da parkımızda saxlanılır.

Mütəmadi olaraq başqa ölkələrin zooparkları ilə müqavilələr bağlanır, bir-birimizdə olmayan heyvanların mübadiləsini aparırıq. Ən çox Özbəkistan, Dağıstan zooparkları ilə müqavilələr bağlayırıq.

Ən son mübadiləmiz ötən il sentyabrda oldu. Zooparka lama, yallı qoyun, quzğun gətirdik. Düzdü, həmin heyvanlardan bizdə var idi, amma tək idilər - ya dişi, ya da erkək... Ək-cinsi gətirtdik ki, cütləşsinlər, nəsil artımı olsun. Bizdən də onlar ayı, sultan toyuqları aldılar.

Moskva zooparkından bizə 2 baş - biri erkək, biri dişi Dağıstan turu, qırmızıqulaq qırqovullar, xalçavari piton və mandarin ördəkləri gətirilib. Bizdə başqa növdə də pitonlar, məsələn, piton albinos, burma piton vardı. Amma xalçavari cins yox idi, onu gətirdik.

Moldova, Çexiya, Gürcüstan kimi ölkələrdən də müqavilə əsasında heyvanlar ya mübadilə olunur, ya da yeniləri gətirilir”.

Zooparkda heyvanlarla təmas mümkün olacaq

Pərvanə Səfərovanın dediyinə görə, zooparkın bəzi yerlərindən dəmir sədləri götürməyi planlaşdırırlar:

“Girişdə ev heyvanları güşəsində təmas indi də var. Yaxın gələcəkdə bir çox heyvanlarla belə təmas mümkün olacaq”.

…Bu vaxt ayılar gərnəşir, qəribə səslər çıxarır, sanki aclıqlarını bildirirlər. Buna görə heyvanların qidalanması ilə də maraqlanırıq. Görəsən, nəhəng ayının qarnını nə qədər ət doyurar?

Pərvanə xanım bildirir ki, hər şöbənin heyvanlarının ayrıca gündəlik qida rasionu var:

“Məsələn, yırtıcılardan aslan, şir, pələng və yırtıcı quşlar ətlə təmin olunmalıdır. Dırnaqlılar xüsusi ot və dənli bitkilərlə qidalanır. Qida rasionu da iki formada olur: qış və yay rasionu. Qış rasionunda qidaların miqdarı bir az artırılır. Bu, havaların soyuması ilə əlaqədardır.

Yayda bir baş pələngə gündə 8 kiloqram ət düşürsə, qışda 10 kiloqram olur. Zoopark qidanı ya alır, ya da Dövlət Baytarlıq İdarəsi tərəfindən gömrükdə və kəsim yerlərində müsadirə olunmuş ət heyvanlara verilir. İnsan qidasına yaramayan ət kütlələri var ki, Baytarlıq İdarəsində nəzarətdən keçirilir, əgər uyğundursa, zooparka gətirilir. Heyvanlara lazım olan gündəlik ərzaqlar, meyvə-tərəvəzlər zooparkın anbarlarında saxlaınır. Qidalanmada heç bir çətinlik yoxdur. Heyvanları gündə bir, bəzən də iki dəfə yemləyirik”.

Zooparka pulsuz turlar təşkil edilir

Pərvanə Səfərova hesab edir ki, zooparka giriş üçün biletin qiyməti normaldır:

“Giriş 10 yaşdan yuxarılar üçün 2 manat, 2 yaşından 10 yaşına kimi uşaqlar üçün 1 manatdır. Xüsusi kampaniyalarımız da olur. Əqli və fiziki qüsurlu uşaqlar, körpələr evindəki balacalar üçün pulsuz turlar da təşkil edilir”.

Müsahibimiz bildirir ki, zooparkda iş rejimi səhər 9-dan axşam saat 6-ya kimidir:

“Saat 12-ə kimi heyvanların yemlənməsi bitir. Ümumlikdə 44-45 nəfər işçimiz var. Zooparkın ərazisində kiçik də olsa kafe fəaliyyət göstərir, orada kim istəyir, gedib oturub dincələ bilər. Burda vaxt məhdudiyyəti yoxdur. Bilet almısansa, istəyirsən 10 dəqiqə ol, istəyirsən axşama kimi, fərq etməz. İnsanlar istədiyi qədər dincələ bilər.

Havalar isinib deyə gələnlərin sayında artım var. Amma qışda da gələnlər az olmur. İndi məktəblilər ekskursiyaya, tələbələr praktikaya gəlir. Tətil günləri bura adamla dolu olur”.

Qurbağa, balıq, dovşan üzərində təcrübə aparırıq

Biz zooparkda olanda bir qrup tələbə heyvanları müzakirə edə-edə gəzişirdi. Onlara yaxınlaşıb, hardan gəldikləri ilə maraqlandıq. Tibb Universitetinin ikinci kurs tələbələri olan xanımlar zooparka ilk dəfə gəldiklərini bildirdilər. Mehriban adlı tələbə deyir ki, tülkünü yaxından görmək istəyirmiş: “Nağıllarda tülkünü niyə hiyləgər kimi təqdim edirlər, bilmirəm. Mənim burda gördüyüm tülkü heç də hiyləgərə oxşamırdı. Bizim universitetdə meyitlərdən əlavə qurbağa, balıq, dovşan üzərində də təcrübələrimiz olur. Vəhşi heyvanları yaxından görməmişdim. Gəzib, hamısına baxdıq”.

Fatimə adlı tələbə deyir ki, İranda zooparkda olub: “İstəyirdim fil görüm, amma zooparkda yoxdur. Zürafəni İran zooparkında görmüşəm. İranla bizim zooparkın böyük fərqi yoxdur. Sadəcə, onlarda balıq növləri çox, heyvanlar saxlanılan yer daha geniş və sahmanlı idi”.

Pərvanə xanımdan öyrəndik ki, zooparkda dəvə təzəlikcə bala verib:

“Təkcə dəvə yox, bir neçə heyvan bu il balalayıb. Heyvanlar balalarına çox həssadır. Bir dəqiqə gözlərindən kənar qoymurlar. Dəvə elə yatır ki, kimsə onun balasına yaxın gələ bilməsin”.


Müəllif: Şəfiqə Nazimqızı, Foto: Elnur Muxtar

Oxşar xəbərlər