Bu gün Mətbuat Şurasında İdarə Heyətinin növbəti iclası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, qurultaydan sonra qurumun ilk iclası üçün toplandıqlarını xatırladan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, toplantıda komissiyalar və onların tərkibi müəyyən ediləcək: “Bildiyiniz kimi, bu gün həm də Prezidentin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Mətbuat Şurası adından bir daha cənab Prezidentə təbriklərimizi çatdırırıq. Bugünkü iclasda təşkilati məsələləri müzakirə edəcəyik. Bilirsiniz ki, İdarə Heyəti sədrin iki müavinini seçir, onlardan biri ictimaiyyət, biri jurnalist üzvlər arasından olmalıdır. Bundan əvvəl ictimaiyyətdən Müşfiq Ələsgərli, jurnalistlər arasından isə Umud Rəhimoğlu müavin seçilib”.
Daha sonra iclasda əvvəlki müavinlər səsə qoyularaq yenidən təsdiqlənib. Şuranın icraçı katibi vəzifəsinə uzun müddət Mətbuat Şurasının hüquqşünası kimi çalışmış Şəmsəddin Əliyev təsdiq edilib.
Ə.Amaşov bildirib ki, Şura sədrinin hər iki müavini şikayətlər üzrə komissiyanın tərkibində təmsil ediləcək.
Şuranın iclasında Şikayətlərlə iş üzrə, Beynəlxalq Əlaqələr, Mətbuatla dövlət qurumları arasında əlaqələr, Reket jurnalistikaya qarşı mübarizə, İnternet medianın inkişafı üzrə və Dil komissiyalarnın sədrləri seçilib. Daha sonra hər bir komissiyanın tərkibi müəyyən edilib.
Ə.Amaşov bildirib ki, Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlanması istiqamətində iş aparılır. Sonra İdarə Heyətinin üzvləri təkliflərini səsləndirib.
Tədbirdə çıxış edən Azər Həsrət Mətbuat Şurasının saytının yenidən qurulmasına ehtiyac olduğunu bildirib: “Hesab edirəm ki, saytda onlayn müraciət olmalıdır. Bundan başqa, vahid vəsiqənin tətbiqi məsələsini aktuallaşmalıdır. Hətta Mətbuat Şurası haqqında qanuna daxil edilməlidir”.
“Teleqraf Holdinq”in media qrupunun direktoru Aynur Camalqızı Kütləvi İnformasiya Vasitələri haqqında qanunda dəyişiklik edilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb: “Mətbuat Şurası haqqında qanunun hazırlanmasını alqışlayıram, hesab edirəm ki, bu qanuna ciddi ehtiyac var. Bununla yanaşı, Kütləvi İnformasiya Vasitələri haqqında qanuna da əlavələr olunmasını istərdim. Bildiyiniz kimi, Media qurumları olaraq hər birimiz MMC yaratmışıq. Lakin bu gün media da digər sahələr kimi kommersiya qurumu kimi fəaliyyət göstərir. Hesab edirəm ki, media ilə digər MMC-lərin statusu fərqləndirilməlidir. Bu məsələnin müvafiq qanun layihəsinə əlavə edilməsi istiqamətində İdarə Heyətində təmsil olunan millət vəkilləri dəstək ola bilər”.
Ə.Amaşov bildirib ki, bu məsələnin müzakirə edilməsinə ehtiyac var: “Bu məsələni necə görmək istədiyimiz barədə təkliflərimizi müəyyən edib, daha sonra məsələni Milli Məclisdə qaldıra bilərik”.
Millət vəkili, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas vahid vəsiqə məsələsinin qısa zamanda həll edilməsinə ehtiyac olduğunu deyib.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Mətbuat Şurasının İdarə Heyətinin hər bir üzvünün reket jurnalistika ilə mübarizəyə dəstək verməyə çağırıb: “Bu gün müxtəlif güclərə, xarici qüvvələrə bağlı olan reketlər var. Bəzən bizi də haqsız yerə ittiham edirlər. Reket jurnalistlər bəzən Şura üzvlərini danışdırır, fərqli mövqeləri, ya da çıxışdan müəyyən hissəni çıxararaq Mətbuat Şurasında parçalanma kimi təqdim edirlər. Şuranın İdarə Heyətinin hər bir üzvü reket jurnalistika ilə qarşı mübarizədə bizə dəstək olmalıdır”.