20 Aprel 2018 08:44
3 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtaşırı həyatda çətinlik çəkən, şiddət görən, öz doğmalarının işgəncələrinə məruz qalan qadınlar barədə yazıram. Amma bu dəfəki qəhrəmanımın həyatı tamam başqadı – dəfələrlə doğmaları onun ölümünə çalışıblar. Amma o, sağ qalmağı bacarıb.

O qadın bu gün öz ayaqları üzərindədir, işləyir, yaşamağa səbəb axtarır... Şərti ad-soyadı Səidə Rəhimova olan bir qadından danışacağıq.

“Və günlərin bir günü...”

Səidənin bir səhvi sonradan onun bu həyatını alt-üst edib, xoşbəxt ailə həyatı qurmasına mane olub. Hamıdan, hər kəsdən çox sevdiyi, güvəndiyi insan onu tərk edib. Hər şey bundan sonra başlayıb:

“Mən ali təhsilliyəm. Sevdiyim oğlanla elə oxuduğum unveristetin yaxınlığında tanış olmuşdum. Uzun müddət sevgili olduq. Münasibətlərimiz çox yaxşı davam edirdi. Onunla hər şey gözəl idi. Ona inanırdım. Demişdi, evdəkilər elçi gəlməyə hazırlaşır. Evlənəcəyimizə və xoşbəxt ailə quracağımıza o qədər inanırdım ki... Nə bilim, necə izah edim... Və bir gün biz yaxın münasibətdə olduq. Yəqin, məni başa düşürsüz.

hadisədən sonra Allahın hər həftəsi məni aldadırdı ki, ailəsi bu gün-sabah bizə elçi gələcək. Nəhayət, bir gün dedi ki, gəl görüşək. Sevinmişdim, sanki ürəyimə su sərpildi. Əmin idim ki, hər şeyi yanlış anlamışam. İnanırdım ki, evlənmək təklif edəcək. Sevinə-sevinə onunla görüşə hazırlaşdım. Həmin saatlarda keçirtdiyim həyəcanı, xoşbəxtliyi bir də heç vaxt yaşamayacağımı sonradan anladım. Onunla görüşdük, bir sakit yerdə oturduq ki, söhbət edək. İlk cümləsi bu oldu ki, mən başqasıyla evlənirəm..."

“Mən nə edəcəm?”

Səidə bu sözləri deməyə çox çətinlik çəkirdi. Özünü dəyərsiz hesab etdiyini bildirirdi. Bir az toxdayıb söhbətə davam etdi: “Mənə “başqasıyla evlənirəm” deyəndə, bir an dondum qaldım. Eşitdiyimə inanmadım. Dedim, yəqin zarafat edir. Sonra gördüm, zarafat deyil... Həmin vaxt dünya sanki başıma uçdu. Bir neçə dəqiqə qulaqlarım tutuldu. Ailəmə nə deyəcəm, mən nə edəcəm sualları məni boğurdu. Heç özümü toplayıb ona cavab verməyə bir kəlmə söz də tapa bilmədim...”.

Həmsöhbətim deyir ki, yaşadığı çətinlik ayrılıqdan sonra da davam edib. Hamilə olduğunu öyrənəndə isə hər şey bir amansız qayğıya çevrilib: “Çətin günlər keçirdim. Səhv etdiyimi bilirdim və o oğlana inandığım üçün günlərlə özümü qınayırdım, danlayırdım.

Amma səhvlərimdən dərs çıxarıb, yenidən həyata davam etməyi qərara aldım.

Düzü, hamilə olduğumu biləndə donub qaldım. Nə edəcəyimi bilmədim. Gecələr saatlar keçmirdi. Dəfələrlə uşağı abort etməyi fikirləşdim. Hətta oğlana məktub yazıb uşaq barədə xəbər vermək istədim. Amma artıq nişanlanmışdı. Başqa bır qızı da bədbəxt etmək istəmədim.

Uşaq iki aylıq olanda işlədiyim yerdə bir oğlan məndən xoşu gəldiyini dilə gətirdi. Ona sevdiyim oğlandan hamilə olduğumu və məni atdığını dedim. Oğlan dedi ki, səni sevirəm və səni də, uşağını da qəbul edirəm”.

Səidə Rəhimova deyir ki, çarəsiz qalıb qarşısına çıxan adamla ailə həyatı qurub: “Oğlan mənim keçmişimdə baş verənləri bilirdi, amma bu barədə ailəsinə bir kəlmə də demədi. Mənim keçmişimi bütün ailəsindən gizlətdi. Əvvəlcə kəbin kəsildi. Sonra rəsmi nikah və nəhayət, toyumuz oldu. Hər ikimiz xoşbəxt idik. Ən azından ilk aylarda elə idi.

O, səhərlər işə gedir, axşam 6-dan sonra işdən qayıdırdı. Gözəl günlər keçirirdik. Beləcə xoşbəxt və mehriban yeddi ay yaşadıq. Həyat yodaşım uşağı öz uşağı kimi qəbul etmişdi. Birlikdə həkimə gedirdik, uşağın dünyaya gəlişini gözləyirdik.

Hamiləliyin doqquz ayı tamamlandı, uşaq dünyaya gəldi. Onu qucağıma aldığım ilk an dünyanın ən xoşbəxt insanıydım. Oğlan öz qohumlarına uşağın tez doğulduğunu demişdi. Hamı elə bilirdi ki, övladımız yeddi aylıq doğulub. Qardaşımın həyat yoldaşı xəstəxanaya uşağı görməyə gəlmişdi. Orda dedi ki, uşaq doqquz aydan tez anadan olan körpəyə oxşamır... "

Ölənə qədər saxlanacaq sirr...

Həmsöhbətim deyir ki, gəlinin bu sözü bütün qohum-əqrabanın ürəyinə şübhə toxumu səpib: “Heç bilmirdim necə edim ki, ölənə qədər özümüzlə aparacağımız sirri heç kim bilməsin. Dediyim kimi, gəlinimiz uşağı görən kimi qayıtdı ki, maşallah, tam vaxtında anadan olan uşaqdı. Siz yalan deyirsiz, tez doğulmayıb. Bir demədi, iki demədi. Beləcə hər kəsin yanında danışdı. O, hər kəsin yanında bu cür danışmağa davam etdikcə, ürəyim üzülürdü. Nəhayət, bu söz-söhbət valideynlərimlə aramda ciddi problem yaratdı.

Söhbət böyüməyə başladı və oğlanın ailəsinin də qulağına çatdı. Onlar hər şeyi bildilər. Mənə aydın idi ki, onlar heç vaxt bu halda məni qəbul etməyəcəklər. Elə də oldu... Yoldaşımı məcbur edirdilər ki, məni boşasın. Oğlan bir müddət onlara müqavimət göstərsə də, çox davam gətirə bilmədi. Nəhayət, boşandıq”.

“Uşağı kimsəsiz bir yerdə öldürəcəm”

Qəhramanım boşandıqdan sonra başına gələnləri danışdıqca, yerimdə dondum qaldım. Hər cümlə məni dəhşətə gətirirdi. İnana bilmirdim ki, həyatda belə talelər var. Yəni, bir insanı səhvinə görə öldürmək bu qədərmi asandı? Bəli, düz başa düşdüz, Səidəni bu səhvinə görə, dəfələrlə öldürməyə cəhd ediblər.

Mən bunu fikirləşdikcə dəli olurdum, o isə sözünə belə davam etdi: "Həmin səhv tək mənim yox, uşağımın da həyatını məhv elədi. Heç istəməzdim belə olsun, amma əlimdən nə gəlir... Mən heç vaxt etdiyim səhvə haqq qazandırmamışam. Amma səhvimlə məni kənar adam qəbul edib evlənirdisə, doğmalarım da məni körpəmə görə bağışlaya bilərdi. Onlar isə bunu etmədilər... Ailəm mənə yad oğlanın göstərdiyi qayğını, anlayışı göstərmədi. Dəstək olmağa çalışmadı. Heç olmasa təzyiq etməyəydilər, buna da razı idim.

Amma doğma ailəm mənə sahib çıxmadı. Atam, anam, qardaşlarım, hətta bacılarım da məndən üz döndərdilər. Hamısı məni döyüb, təhqir etməyə başladılar. Dəfələrlə qardaşım mənə “səni də, uşağını da aparıb kimsəsiz bir yerdə öldürəcəm, elə orada göməcəm, qoy, hamı sənin kimi əxlaqsızın varlığını unutsun” deyirdi. Mənə məsləhət görürdü ki, onu əziyyətə salmayım, gedim özüm intihar edim ki, əlini mənim kimi əxlaqsızın qanına bulamasın. Çox çətin, stresli günlər keçirirdim. Onlar mənə inəklərə verilən dərmandan verdilər ki, zəhərlənim ölüm..."

Səidə Rəhimova bu yerdə susdu... Mən isə qulaqlarıma inanmadım. Sözlər dəfələrlə qulağımda təkrarlandı... Səidə isə davamlı tüpürməyə başladı. Sanki bu dəqiqə ona zəhər verdilər kimi təəssürat yaratdı. Öncə qorxdum, sonra başa düşdüm ki, ona heç xoş olmayan xatirələrin təsirindəndi.

Özünü toplayıb ölümdən necə qurtulduğunu danışdı: "Dərmandan sonra sanki dəli olmuşdum. Bütün bədənim səpdi, çox dəhşətli ağrılar hiss edirdim. Ailəmə yalvarırdım ki, məni öldürmək istəyirsizsə, öldürün. Amma elə edin ki, bu qədər ağrı çəkməyim. Mənə zorla hansısa kağızlara imza atdırdılar ki, guya mən öz uşağımı internat məktəbinə vermək istəyirəm. Uşağımı əlimdən aldılar. Ondan sonra evdə yas etdilər ki, guya mənim uşağım ölüb və uşağımın ölümünə görə dəli olmuşam. Heç bilmirdim hansı halıma yanım.

Bundan sonra qardaşım iş yerimə gedib, dəli olduğum üçün işləməyəcəyimi dedi. Mənə uşağımın hansı internatda olduğunu da demirdilər. Səhər açılandan axşam düşənə qədər işim-gücüm onlara yalvarmaq idi. Hər gün ağlayırdım, özümü öldürürdüm ki, uşağımın yerini mənə desinlər. Amma heç bir söz deyən olmurdu. Qardaşım deyirdi ki, bunun çıxışı yoxdu. Uşağının yasını bitirək, növbəti yas mərasimi sənindi. Səni də sağ qoymayacam. Hamı məni öldürməklə hədələyirdi.

Bir gün evdə başları qarışıq olan zaman şəxsiyyət vəsiqəmi cibimə qoydum və qaçdım rəfiqəmin evinə. O qədər qorxurdum ki, elə hey rəfiqəmə “qardaşım hasardan tullanacaq, məni öldürəcək” deyirdim. Onun qorxduğunu hiss edirdim. Amma məni təsəlli verirdi. Rəfiqəmin də öz ailəsi, öz güzaranı var idi. Narahat idim ki, ona kimsə nəsə deyər. Amma özüm də çarəsiz idim. Düşündüm ki, qardaşım onlara ziyan vurar. Ondan xahiş etdim ki, mənə başımı soxmağa yüngül bir ev tapsın. Bir də iş tapıb öz həyatımı yoluna qoymaq istəyirdim.

Yeni həyata başlamalıydım, amma heç bilmirdim uşağım olmadan səhərlərim necə açılır, gecələrim necə düşür. Bir müddət belə ruh kimi yaşadım..."

Uşağın olduğu internat evini tapır, amma...

Səidə Rəhimova danışdıqca öz-özümə düşünürdüm ki, görən, digər həmsöhbətlərim kimi, o da ailəsini bütün baş verənlərə rəğmən bağışlayacaqmı?

Elə bu düşüncələrimi sanki eşidib tez-tələsik cavab verdi: "Mən heç vaxt ailəmi bağışlamayacam. O dünyada belə, iki əlim onların yaxasında olacaq. Onlar məni uşağımdan ayırıb bu dünyada mənə cəhənnəm yaşatdılar. Səhvlərim çox böyükdür. Ailəmin məni bağışlamasını istərdim, amma bağışlamasa da, ən azından uşağıma dəyməzdilər.

Çətinliklə uşağımın olduğu internatı tapmağa nail oldum. Öyrəndim ki, uşağımı başqa bir ailəyə övladlığa veriblər. İndiyə qədər bilmirəm həmin ailə hardadır və uşağım necədir...

Hazırda işləyirəm. Hər dəfə uşağımdan yeni bir məlumat ala bilərəm deyə internat evinə gedib-gəlirəm. Hələ bir yeni xəbər yoxdur. Yenidən öz ayaqlarım üstündə durmağa çalışıram. Bir qadını, bir insanı ailəsinin öldürməyə çalışmasını, bu vəziyyətdə keçirdiyim hissləri ifadə edə bilmirəm. Məni bu həyatda daha heç nə qorxuda bilməz. İtirəcəyim heç nə qalmayıb, başa düşürsüz?... Sadəcə övladımı istəyirəm.

Onu tapacam və kölgəmə belə bel bağlamadan həyatımı uşağımla birlikdə yenidən quracam. Mən xeyli çətinlikləri aşmışam. Artıq həyatdan daha bərk yapışmışam".

Qadın olsun, kişi olsun, bir səhvə görə ailələr, doğmalar yığışıb ona əzab-əziyyət verməlidirlərmi? Bir ananın övladını kim əlindən ala bilər? Kimin buna haqqı çatır? Axı, məsələnin hüquqi tərəfi də var...

Mövzunu diqqətdə saxlayacağıq.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər