20 Aprel 2018 13:30
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-dən Teleqraf.com-a verilən məlumata görə, General-polkovnik Z.Həsənov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Nazir bildirib ki, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin müxtəlif xarici dövlətlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfərləri və həmin ölkələrdə onların qəbul edilməsi münaqişənin nizamlanmasında ikili standartların tətbiq edilməsinə gətirib çıxarır ki, bu da yolverilməzdir.

NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən nazir Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Müdafiə naziri Ermənistandan nüvə komponentləri qaçaqmalçılığının həyata keçirildiyini qeyd edərək bunun təkcə regionun deyil, eyni zamanda daha geniş miqyasda təhlükəsizliyə ciddi təhdid təşkil etdiyini vurğulayıb.

Ölkəmizin sülhsevər siyasət yürütdüyünü və beynəlxalq terrorizmə qarşı daim mübarizə apardığını bildirən Müdafiə naziri bəzi xarici ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulduğunu da qonağın diqqətinə çatdırıb.

Öz növbəsində general K.Skaparotti Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

Qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün Bakıda keçirilməsi üçün göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər