21 Aprel 2018 09:11
16 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə peşələr var, xanımların onunla məşğul olması cəmiyyətdə ciddi təəccüb doğurmur. Dərzi, müəllimə, aşpaz, tibb bacısı... Qızlar ixtisas seçimi edərkən öz istəkləri ilə bərabər dövrün, insanların, mühitin rəyini də nəzərə alırlar.

Amma bu sindromu dağıdanlar da var. Budəfəki həmsöhbətim məhz öz istəklərinin ardınca gedən Cəmilə Məmmədovadır.

Yeganə xanım tələbənin tərəddüdləri

Cəmilə Məmmədova bu il Azərbaycan Dövlət Dəniz Akademiyasında əyani bölməni bitirəcək yeganə xanım tələbədir.

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi sürücülüyü” fakültəsində əyani təhsil alır. İxtisasının adı belədir: “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi”. Deyir, ixtisas seçimi zamanı elə insan tapılmayıb ki, ona təəccüblənməsin: “1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Gəmiçilik sahəsinə həmişə maraq göstərmişəm. Dəniz Akademiyası haqqında məlumatım vardı. Yəni, burada təhsil almaq üçün xüsusi araşdırma aparmamışam. Ailəmizdə dənizçi vardı deyə, bu sahə mənə həmişə maraqlı gəlirdi.

Orta məktəbi bitirəndə seçimimdə Dəniz Akademiyası da vardı. Sonda orada təhsil almaq üçün qərar verdim və müraciət etdim. Mənimçün əsas məqam qərar veməkdir. Həmin yerdə qız, yaxud oğlanın çox və ya az olmasının heç bir fərqi yoxdur.

2014-cü ildə Akademiyaya əyani qəbul oldum. Çox sevinirdim. Düzdü, oxumağın çətinliyi baxımından tərəddüdüm vardı, ancaq ailəmizdə də mənə dəstək verdilər. Amma ətrafımdan, qohumlardan seçimimə ağız büzənlər, narazı qalanlar da oldu. Düşünürdülər ki, iş tapmaq, xanım tələbə kimi təhsil almaqda çətinliyə düşərəm.

Amma ailəm mənim yanımda oldu... Ürək-dirək verdidlər. İndi artıq tələbəliyin son günlərinə gəlib çatmışam və Akademiyanın əyani bölməsi üzrə yeganə xanım məzun mən olacam”.

Düşündüm, tələbəlik həyatım olmayacaq

Cəmilə deyir ki, Akademiyada oxumağa başlayanda çətinliklərlə üzləşəcəyini düşünsə də, əksinə olub:

“Düzdü, ilk vaxtlar, yəni birinci kursda çətinliklərlə qarşılaşırdım. İlk dərslərdə xanım kimi təkliyim məni qorxudurdu. Buna diskomfort şərait desək, yerinə düşər. Fikirləşdim ki, sıxılacam, tələbəlik həyatım olmayacaq.

Amma düşündüklərimin tamam əksinə, çox gözəl tələbə kollektivi ilə oxudum. Akademiyaya, dərslərə uyğunlaşmağımda müəllimlərimin, qrup yoldaşlarımın böyük rolu oldu. Onlar mənə xüsusi qayğı, dəstək göstərdilər.

İlk vaxtlar dərs danışmağa utanırdım. Müəllimlər mənə güzəşt edirdilər. Getdikcə öyrəşdim. Bizə dərs deyən müəllimlər birinci kursda tələbələrin adını öyrənəndə hamı mənim adımı əzbər bilirdi. Cəmilə xanım deyə müraciət edirdilər...” (Gülür).

Kapitan olmaq istərdim, amma...

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi sürücülüyü” fakültəsinin “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisası üzrə 26 tələbə təhsil alır.

Cəmilə Məmmədova deyir ki, onun qəbul olduğu il Akademiyanın “Gəmi naviqasiyası” ixtisasına qızlar sənəd verə bilməzdi:

“Bu ixtisas üzrə gəmi kapitanı hazırlanırdı. Mən ixtisas seçimi edəndə həmin ixtisas üzrə qızların qəbulu mümkün deyildi. Amma bu ildən belə bir qayda var və qızların da qəbulu həyata keçirilir. Həmin vaxt seçim şansım olsaydı, kapitan olmaq üçün o ixtisası seçərdim. Dənizçiliyi seçirəmsə, kapitan olmağı da arzulamalısan. Bu, qürürverici olardı.

Amma öz ixtisasımı çox bəyənirəm. Mənim işim tam olaraq dənizdə deyil, sahildədir. Gəmiçilik şirkətlərinin əsas gəliri daşımalarla bağlı olduğu üçün ixtisasımın vacibliyini düşünürəm. Fikrimcə, dənizçiliyin inkişafına müəyyən bir töhfəm olacaq. Çünki Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirən tələbələrin işlə təmin olunması ehtimalı çox yüksəkdir.

İşə qəbul prsosesi şəffafdı. Yeni sistem var. İşə qəbul test vasitəsilə həyata keçirilir. Hər il Akademiyanı əla qiymətlərlə bitirən tələbələrə zəmanət məktubu verilir. Bu məktub bir növ təyinat kimidir. Bunun üçün bizdən yalnız dərsləri mükəmməl şəkildə oxumaq tələb olunur”.

“Gəmi sürücülüyü” fakultəsinin “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisasını bitirənlər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin müxtəlif idarələrində, Bakı Beynəlxalq dəniz limanında, Dövlət Dəniz Agentliyində, dünyanın bir çox yük daşıma müəssisələrində, dənizçilik şirkətlərində işləyə bilər.

İsveçə gedə bilsəm...

Akademiyanın əyani bölməsindən tək məzun olacaq xanımın çoxlu arzuları var. Ən böyük arzularından biri isə Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirdikdən sonra ixtisası üzrə xaricdə təhsil almaqdır:

"Akademiya məzunları üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin təsis etdiyi Təqaüd Proqramı hesabına İsveçdə magistr təhsili almaq şansı olur. Hədəfim Akademiyanı fərqlənmə ilə bitirmək və xaricdə təhsil üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin təsis etdiyi Təqaüd Proqramına müraciət etməkdir. Arzum İsveçdə təhsil alan tələbələrdən biri omaqdır. Təqaüdə seçilsəm, hislərimi ifadə edə bilmərəm.

Hədəfimə çatmaq üçün çox çalışıram. Mən öz ixtisasım üzrə magistr təhsili almaq, İsveçdə təcrübə öyrənmək istərdim. Vətənə qayıdıb öz ölkəmdə işləməyi düşünürəm. Arzuma çatmaq üçün çalışıram. Hazırda İsveçdə mənim ixtisasım üzrə təhsil alan Nərminə Cabbarova ilə ünsiyyətdə oluram. Mənə məsləhətlər verir. Ümid edirəm ki, arzuma çatacam”.

Cəmilə Məmmədova deyir ki, hazırda aldığı ixtisas üzrə təcrübə keçir:

“Bakı Dəniz Limanında təcrübədə olmuşam. Hazırda Xəzər Dəniz Gəmiçiliyində təcrübə keçirəm. Burada hər kəs bizimlə şəxsi təcrübələrini bölüşür. Artıq tələbəlik illərimin, eləcə də, təcrübə proqramının son günləridir. Çox həyəcanlıyam..."

Müsahibim deyir ki, Akademiyaya qəbul olduqdan sonra gəmiçiliklə bağlı ona çoxsaylı sual verən xanımlar da az olmayıb:

"İxtisasımla bağlı xanımlar mənə çoxlu suallar verir. Akademiyada təhsil alan xanım tələbələr az olduğu üçün bu, onlara maraqlı gəlir. Burada tədris prosesi həqiqətən çətindir. Uğur əldə etmək üçün yorğun olduğunu unudub dərslərə uyğunlaşmalı və çox oxumalısan. Mən qızlara, xanımlara, ətrafımdakı insanlara dəzinçilik üzrə təhsil almağı məsləhət görərdim. Mən belə bir seçim etmişəm və peşman deyiləm”.

Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" təsis etdiyi Təqaüd Proqramı nəticəsində hər il Dövlət Dəniz Akademiyasının iki tələbəsi İsveçdə magistr təhsili almaq üçün göndərilir. Bundan başqa, Dəniz Akademiyasının 15-dən çox tələbəsi yalnız Xəzər dənizində deyil, xaricdə də təcrübə keçmək üçün ölkədən kənara göndərilir...

FOTO: Elnur Muxtar


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər