Bu dəfə yenə həmkara – özümüzdən olanlarla söhbətləşməyə qərar verdik. Azadinform-un qonağı isə özü də, sözü də bizlərə - tamaşaçılara və oxuculara tanış olan əməkdar jurnalist, “Lider” televiziyasının aparıcısı Mətanət Ağamirlidir.
Teleqraf.com müsahibəni oxuculara təqdim edir:
Mətanət xanım, sizi tanıyaqmı?
- Məncə hər kəs öz ömrünü də həyatı dərk etdiyi kimi, formalaşdığı mühitin dəyərlərinə uyğun formada, kimi yaşamaq üçün, kimi yaşatmaq üçün, kimi əzizlərinin-ətrafının, geniş anlamda mənsub olduğu toplumun firavanlığı-xoşbəxtliyi üçün yaşayır. Bütün hallarda düşünürəm ki, insan olan kəs mütləq ömrünü mənalı işə, xeyirxah əməllərə sərf etməlidir. Çünki yaradılan canlıların hər birinin müəyyən missiyası var. İnsan ən ali varlıqdır. Bu baxımdan insan olan kəslərin məsuliyyəti, imtahanı daha ağırdır. Mənə düşən ömür payını bacardığım qədər şərəfli, məzmunlu, kimsəyə zərər vermədən, ətrafa faydalı olaraq yaşamağa çalışan bəşər övladıyam. 25 ildən bəri erməni işğalında dağıdılıb talan edilən bir məmləkətdə, Ağdamda mühafizəkar bir ailədə dünyaya göz açan uşağın ömür yolu elə burdan başlayıb. Qayğısız uşaqlıq illərim olub. Yeniyetməlik illərimizdə başlayan Qarabağ savaşı isə bizi böyütdü. Ömür yolum heç rahat, hamar olmadı. Uşaqlıq illərindən ayrılar-ayrılmaz bütün həmyaşıdlarımla bərabər həyatın sərt üzünü gördüm. Orta məktəbin son siniflərini, daha sonra gəncliyimizi, savaş illəri ilə xatırlayıram: köçkünlük həyatı, şəhid verən bir ailənin iztirabları... Bu ağrılı xatirələrin içərisində işıqlı anlar da var: tələbəlik, jurnalistikaya gəlişim, dövri mətbuatdakı fəaliyyətim, televiziya sahəsinə keçidim və s. Ömür yolum, bu gün isə bildiyiniz kimi sıralarınızda davam edir. Televiziya sahəsindəyəm. Sadəcə jurnalist kimi yox, başqa amplualarda da davam edirəm. İlahi qüvvəyə, İlahi ədalətə bütün varlığımla inanıram. Hər bir hadisənin müsbət tərəflərini görməyə çalışan, pozitivə köklənən, mənəvi keyfiyyətləri üstün tutan biriyəm.
Sizin üçün əsl jurnalist olmağın kriteriyası nədir?
- Mənə görə istənilən peşə sahibinin əsas kriteriyası milli-mənəvi dəyərlərinə sahib çıxmaq, torpağına - toplumuna bağlılıqdır. Kreativlik xarici dilləri bilmək, özünü avropalı kimi hiss etmək, özünü son dərəcə müasir düşüncəli kimi təqdim etmək deyil, ölkənə-vətənə, milli-mənəvi dəyərlərinə bağlı olmaq, xalqın, mənsub olduğun toplumun təəssübünü çəkməyi bacarmaq, öz insanına – səni sən edən ortama faydalı olmaqdır. Əlbəttə bir neçə dil bilmək də üstünlükdür, müasir tendensiyaları təqib edib ona uyğunlaşmaq da həmçinin. Amma mənim millətimin maraqlarına, dəyərlərimə zərbə vuran müasirliyi, kreativliyi qəbul etmirəm. O ki qaldı, jurnalist kriteriyalarına, Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları var. Hamımızın bildiyi kimi: operativlik, dəqiqlik, həqiqəti yaymaq jurnalistin ilk vəzifə borcudur. Amma obyektivlik peşəkarlıq meyarıdır. Mənə görə jurnalist olmağın ilk kriteriyası fikir plüralizminə hörmət etməyi bacarmaqdır. Yəni tərəflərə neytral mövqedən yanaşmağı bacarmalıdır. Məncə belə olarsa obyektivlik də qorunar, çəkişmələrə də səbəb olmaz. Və ya başqa nüanslar da var: jurnalistikadan şəxsi mənafe və başqa məqsədlər naminə istifadə edilməsi jurnalistika kriteriyalarına tamamilə ziddir. Həmçinin bilirsiniz ki, şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarında əks olunub. Bu qaydaya nə qədər əməl olunur? Mənim üçün maraqlıdır əslində, görəsən başqasının həyat yoldaşını və ya ailə üzvünü sosial mediada, portallarda gündəmə çıxararaq hər hansı məqsəd güdən, özünü jurnalist sayan kəs öz qızını, bacısını, həyat yoldaşını, ailə üzvünü də eyni yerdə görə bilirmi? Burda yenə də şəxsiyyət, insan amili önə çıxır. İnsan hər şeydən əvvəl gözəl şəxsiyyət, gözəl vətəndaş, bir az öncə qeyd etdiyim kimi, keçmişinə-toplumuna bağlı övlad olmalıdır. Dediklərimi özündə cəmləşdirən insan çalışdığı sahənin kriteriyalarına mütləq əməl edəcəkdir. Düşünün ki, peşə kriteriyalarına əməl etməyən bir həmkarımızın “peşəkarlığı” bizə düşmən mövqe tutanların dəyirmanına su tökür. Yəqin mənimlə razılaşarsınız ki, gerisi ilə bağlı heç danışmağa dəyməz... Qısacası, bütün dünyada jurnalistikanın prinsipləri, məqsədi cəmiyyətə xidmətdən ibarətdir. Nə qədər xidmət edə bilirik, artıq bu da başqa bir mövzudur.
Efir qarşısında olmağın məsuliyyət hissi ağır deyil ki? Neçə ildir efirdəsiniz?
- 8 il oldu, üstəgəl eyni qurumda, eyni proqramlarda, eyni kollektivdə. Daha öncəki fəaliyyətim çap mediasına aiddir. Əlbəttə efir çox məsuliyyətlidir. Amma bu gün efirlərə elə primitiv mövzu və insanlar çıxır ki, bəzən bu məsuliyyətə özün də şübhə ilə yanaşırsan. Günümüzün reallıqları var, onlardan danışmamaq mümkün deyil...
O zaman belə bir sual: TV proqramlar niyə gündəmə xidmət etmir?
- Əvvəla ona görə ki, TV məkanda çalışan bir çoxlarının efir məsuliyyətindən ya xəbərləri yoxdur, ya dərk etmirlər, ya da şəxsi maraq hər şeyi üstələyib. Əslində isə efir məsuliyyəti teleradio sahəsində işləyən hər kəsə aiddir. Təəssüf, bunu unudanlar az deyil. Bu gün tamaşaçıya təqdim edilən proqramların əksəriyyəti maarifləndirmədən, ictimai maraqlardan, mədəniyyətdən uzaqdır. Efir mədəniyyəti bir çox hallarda ədəbsizliklə əvəz edilir. Bu istər ifadələrdə, istərsə də davranış-hərəkətlərdə müşahidə olunur. Maarifləndirmə ilə bağlı proqramlar minimum səviyyədədir. Bir çoxları özünü şouda, yüngül proqramlarda, ya da çəkişməli, bəsit mövzularla gündəmdə saxlamağa iddialıdır. Açığı, bəzən uzun illər jurnalistikada fəaliyyəti olan insanların da seçimi məni təəccübləndirir. Doğrudanmı, şəxsi mənafe peşə mənafeyini bu qədər geridə qoyub?! Doğrudanmı, qazanc, mənfəət yalnız bəsit və ədəbsiz mövzularla əldə oluna bilər? TV məkandakı mövcud vəziyyətin təəssübünü biz çəkməsək kim çəkməlidir?! Soruşursunuz ki, televiziyalar niyə gündəmə xidmət etmir, əgər ki, gündəmə xidmət etməyən proqramlar biznes sferasında fəaliyyət göstərən şəxsləri daha çox cəlb edirsə, səbəbi axtarmağa burdan başlamaq lazımdır. Yanaşmalardakı boşluq haradan və nədən qaynaqlanır? İş adamları öz reklamlarını niyə qeyri-ciddi proqramlarda daha çox görürlər?! Olmazmı ki, bu reklamlar ciddi, maarifləndirici, intellektual səviyyə aşılayan, tamaşaçını öz səviyyəsinə qaldıran proqramlara transfer edilsin?! Demək ki, vətəndaş məsuliyyəti deyilən anlayışa ciddi əhəmiyyət vermək lazımdır. Vətəndaş məsuliyyəti ilə bağlı cəmiyyətin bütün sferalarında təbliğatı gücləndirməklə və ictimai qınaqla müşahidə olunan deqradasiyaya dur deməyin vaxtı çoxdan çatıb. Televiziya, radio həm də xalqın tribunasıdır. Tribunadan bugünkü istifadə sanki məqsədyönlü şəkildə bəsitləşdirilir, toplumu doğru olmayan istiqamətə yönəldir.
Çox maraqlıdır, verilişə necə hazırlaşırsınız? Aparıcıların özünəməxsus ədaları olur. Sizdə də varmı?
- Ədasız olarmı? (gülür). Əlbəttə, bu bir zarafatdır. İş prosesi, yaradıcılıq, müsahibə, montaj, operator-rejissor, canlı yayın – bütün bu proseslərə hazırlıqda hansı ədadan söhbət gedə bilər? Əda göstərənlərə isə bu cür ədaların çox çəkməyəcəyini dostcasına anlatmağa çalışıram. Yenə emosionallıqdan, səbirsizlikdən bəhs etsəniz deyərəm, hə, mənə aiddir. TV proqramlar kollektiv zəhmətin bəhrəsidir. Bu prosesdə onlarla insan əməkdaşlıq edir. Redaktordan tutmuş saç ustasına qədər. Hərə bir ailədən-evdən gəlir, hər kəsin bir xarakteri, şıltaqlığı, əhval-ruhiyyəsi, öz bacardığı qədər bacarığı var. Təbii ki, həm iş prosesində, həm qarşılıqlı münasibətlərdə bəzən ürəyimcə olmayan, razılaşmadığım məqamlar, bəyənmədiyim nüanslar, hallar ola bilər. Amma mənim üçün iş elə işdir. İş prosesindəki anlaşılmazlıq şəxsi müstəviyə keçməməlidir. Bu baxımdan böyük kollektivdə işləməklə bağlı mənim heç vaxt problemim olmayıb. Bir də xırda söz-söhbətləri böyütmək, kin saxlamaq xarakterimə xas olmadığı üçün mənə daha rahatdır. Əksər vaxtlarda efirlərə tələsirəm. Nədən desəniz, zaman azlığından şikayət etməsəm də, zamanın çoxluğundan da razılıq etmərəm. Bu, mənim məsuliyyət hissimlə bağlıdır. Çox nadir hallarda müsahibim studiyada məni gözləyə bilər. Günümüzdə sosial mediadan istifadə, internet mediası xüsusilə də biz jurnalistlərin yetərincə vaxtını alır. Mövzuya mütləq hazırlaşmalısan. Efirin tələbinə görə geyim, saç düzümü, makiyaj, səliqə-sahman hamısı qaydasında olmalıdır. Efirlərə də bax belə sadaladığım kimi tələsə-tələsə hazırlaşıram.
Aparıcıların dili, leksikonu bəzən tənqid hədəfinə çevrilir. Azərbaycanda bu sahədə təhsil yetərincə deyilmi?
- Çox aktual bir məsələdən danışırıq. Zaman-zaman müzakirəyə çıxarılan bu məsələ haqlı olaraq bir çox hallarda narazılıq və narahatlıq yaradır. Təbii ki, ziyalılarımız, aydınlarımız təhlükəli tendensiyalara laqeyd qalmayacaq. Mən də fikirləşirəm ki, dilimizi qorumaq bütün müasirlərimizin üzərinə düşən ən böyük vəzifədir. Əgər dövlət dilimiz Azərbaycan dilidirsə, aparıcı, diktor və jurnalist bu qaydalara əməl etməyə borcludur. Sözsüz ki, universitetlərdə müvafiq fakültələr və müvafiq dərslərdə dilimiz müəllimlər, alimlər tərəfindən tədris olunur. Və öyrənməyi qarşıya məqsəd qoymuş tələbələr dilimizi mənimsəyir. Amma biz televiziyalarda dilimizə olan münasibətdən danışırıqsa, televiziyalarda bu baxımdan nəzarət minimumdur, yalnız ictimai-siyasi proqramlarda bu qaydalara az-çox əməl olunur. TV məkanlarda proqramların böyük əksəriyyəti əyləncələrdən ibarətdir və kommersiya marağı daşıyır. Problemin kökü məhz budur. Bəzən reklam və biznes marağı mənəvi-milli maraqları üstələyir. Əslində dövrümüz belədir. Maddiyyatın mənəviyyatı üstələdiyi bir zamanın insanlarıyıq. Amma bütün dönəmlərdə ziyalılar, mütəfəkkirlər, ictimai çəkisi olan insanlar, bir sözlə aparıcı qüvvələr bu kimi fəsadların qarşısında dayanıblar. Düşünürəm ki, müəyyən bir keçid dövrünün qüsurları müvəqqətidir. Zamanla məhz intellektual, layiqli jurnalist və aparıcılar televiziyaların maarifləndirici missiyalarını davam etdirəcəklər. Həmçinin dilimizə xor baxan, onun qaydalarına əməl etməyi belə düşünməyib öz üzərində işləmək istəməyənlər də bu müvəqqəti keçid dövründə qalacaqlar. Böyük Həsən bəy Zərdabi “dili və mədəniyyəti gedənin özü məhv olur” deyib. Əminəm ki, toplum olaraq dil və mədəniyyətimizi qorumaq üçün gücümüz, ziyamız, intellektimiz yetərincədir.
Tamaşaçı ilə televiziyalar arasındakı uçurum nə vaxt aradan qalxacaq?
- Ümumi toplumun səviyyəsi yüksəldikcə, müxtəlif sahələrdə müşahidə etdiyimiz problemlər azaldıqca... Böyük Zərdabi demişkən, mətbuat cəmiyyətin aynasıdır.
Niyə məhz “Lider”?! Və niyə məhz “Sədadan sonra?!”
- Lider TV mənə çox doğmadır. Bu da təbiidir. Çünki ömrümün 20 ilə yaxını bu kanalda keçib. Proqramlar dəyişib, iş yoldaşlarım dəyişib, kollektiv dəyişib, zaman-zaman vəzifəm də dəyişib, amma iş yerim eyni məkan olub. Xaraktercə stabil insanam, dəyişkənliyi sevmirəm. Tez-tez iş yerini dəyişməyi də sevmirəm. TV məkanda reallaşdırmaq istədiyim layihələri burda həyata keçirmək üçün həmişə normal şərait yaradılıb. Ümumilikdə kollektivlə, rəhbərliklə münasibətlərdən razıyam. O zaman başqa TV məkana keçidə nə ehtiyac var ki?
Nə vaxtsa şou proqram aparıcısı olmağı heç düşünmüsünüzmü? Ya da nə vaxtsa sizə belə bir sual ünvanlanacağını?
- Ağlımdan belə keçməyib, nə şou aparıcısı olmaq, nə də belə bir sual ünvanlanacağı. Şou proqramlar hara, mən hara? Bu kimi proqramları ən yaxşı halda kənardan seyr edə bilərəm. Belə bir transfer bir şou adamının “Sədadan sonra” proqramında aparıcılıq etməyinə bənzər. Məncə hər kəs öz ampluasında, mövqeyinə - xarakterinə aid proqramlarda effektlidir.
Niyə belə sakitsiniz? Həm də hüznlü...
- Birinci dəfədir ki, sakit olduğumu eşidirəm. Lap mənə kompliment dediniz vallah. Əslində heç də sakit deyiləm. Emosional olduğum üçün az danışıram ki, sakit görünüm (gülür). Əslində məni yaxından tanımadığınız üçün sizə sakit görünürəm. Həmkarlarımızdan maraqlanın bir, görün nələr deyirlər (yenə gülür).
Hüznlü ifadə görünürsə, demək ki, dərinlikdə səbəblər var. Göz qəlbin aynasıdır, deyiblər. Gizlətmək mümkün deyil. Müsahibənin başlanğıcında dedim ki, ömür yolum heç rahat, hamar olmadı. Amma rahat olduğum, məni xoşbəxt eləyən bir məqam var, mən şərəfli ömür yaşamaqdayam. Bir tərəfdə olan qazanclar, digər tərəfdə olan uğursuzluqları kompensasiya edir. Həyatın gərdişi budur...
Nigarla aranız necədir? Ailəniz, sevdikləriniz...
- Şükürlər olsun Allaha ki, hər şey qaydasındadır. Nigar qızım mənim üçün Tanrının göndərdiyi bir mələkdir. Heç vaxt şəxsi məsələlərlə gündəmə gəlməyi seçmədim. Eyni mövqedə də qalıram. Nigar, ailəm, sevdiklərim, dostlarım, rəfiqələrim, əyləncə, istirahət, geyim... məncə, şəxsi həyatın adından göründüyü kimi şəxsə aid olduğu üçün onu ictimaiyyətə açıqlamaq da lazım deyil.
Azərbaycan...
- VƏTƏN!
Siz həm də əməkdar jurnalistsiniz və biz həm də qonşuyuq.
- Bəli, 2016-cı ildə cənab Prezidentin imzaladığı sərəncamla əməkdar jurnalist adına layiq görüldüm. Ölkə başçısı tərəfindən zəhmətimin qiymətləndirilməsi qürurvericidir. Mən jurnalistika sahəsini seçəndə nə zamansa mənə ad veriləcəyini, hətta maddi qazanclar əldə edəcəyimi heç düşünməmişdim. Yəni təmənnasız, peşəmi sevərək gəldim media aləminə. Öz həyatıma nəzər salanda İlahi gücün ədalətli və comərd olduğunu görürəm. Zəhmət heç vaxt itmir, itirilmir. O ki, qaldı Nigar İsfəndiyarla qonşuluğuma, belə pozitiv, xoş məramlı insanla tez-tez rastlaşacağımdan məmnun olacağam. Yəqin sən də peşman olmazsan (gülür).