Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 171 nömrəli tam orta məktəbdə Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş “Danışan ilmələr” adlı ədəbi-bədii gecə keçirilib.
İdarədən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin əməkdaşları, müəllim, valideyn, şagirdlər və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri M.Vəliyeva görkəmli alim Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb. İdarə müdiri qeyd edib ki, görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayev Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük bir şəxsiyyətdir.
Tədbirdə çıxış edənlər həyatını elmimizin və ədəbiyyatımızın inkişafina sərf edən böyük şəxsiyyətin xeyirxah əməlləri ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıb.
Yubiley tədbirində şagirdlər Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanından “İtə ataram, yada satmaram” adlı hissəni səhnələşdirib, şeirlər və mahnılar ifa ediblər.
Sonda Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş edilib.