12 Avqust 2014 16:34
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Publika.az” saytının sosial şöbəsinin redaktoru Könül Zərbəliyeva: “1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm, ixtisasca hüquqşünasam. Öz ixtisasınız üzrə işləməmişəm. Mən ali məktəbi bitirən vaxt hüquq sahəsinə işə girmək çətin idi. Yəni pul və tanışlıq amili mühüm rol oynayırdı. Bu səbəbdən də hüquq sahəsi üzrə iş tapa bilmədim.

Jurnalist olmağım təsadüflə bağlıdır. 2001-ci ildə jurnalist kimi fəaliyyətə başlamışam. “Olaylar” qəzeti və eyniadlı agentlikdə hüquq və kriminal sahə üzrə işə başlamışam. Məni ora həmin agentliyin direktoru Fatma Abbasquliyeva dəvət edib. 2006-cı ilədək orada çalışmışam. Sonra APA və “Trend” informasiya agentliklərində işləmişəm. Bir müddət Bakı Hüquq Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə koordinator kimi çalışmışam. Bu ilin mayından “Publika”da sosial şöbənin redaktoruyam.

Jurnalistikada olduğuma görə peşman deyiləm. Jurnalistika çox maraqlı, hərəkətli, dinamik sahədir. Bu sahədə fəaliyyət göstərmək maraqlıdır”.

“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Nemət Orucov düşünür ki, jurnalist özünü ovçu, qarşısındakını isə ov hesab etməlidir: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişəm. Öz sahəm üzrə fəaliyyət göstərməmişəm. Universiteti bitirən kimi hərbi xidmətə getmişəm. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət başqa sahədə çalışmışam. Sonradan jurnalistikaya gəlmişəm. Jurnalist icması ilə əlaqələrim var idi. Sonra bu sahəyə marağım yarandı. Beləcə bir də baxdım ki, artıq jurnalistikanın içindəyəm. Mən bu sahəyə gələndə çox maraqlı idi. O dövr qızğın ictimai-siyasi dövr hesab olunurdu. Biz də gənc jurnalistlər kimi daim hərəkətdə idik, redaksiyaya saat 17.00-dan sonra qayıdırdıq.

2002-ci ildə artıq jurnalistika ilə məşğul olurdum. Həmin vaxt daha çox Güney Azərbaycan mövzusunda yazırdım. Sonradan siyasi mövzular mənə tapşırıldı.

Jurnalist təcrübə qazanandan sonra həm yaxşı jurnalist, həm də yaxşı psixoloq olur. Jurnalist özünü ovçu, qarşısındakını isə ov hesab etməlidir.

Jurnalistikaya gəldiyimə görə peşman deyiləm, amma tam razı da deyiləm. Çünki bizdə jurnalistikanın nüfuzu getdikcə ölür. Bizimlə yanaşı jurnalist olmayan, amma jurnalist kimi fəaliyyət göstərən “reketlər” var. Onlar hər yerdə bizim adımızı batırır. Bu səbəbdən də jurnalistika ölür. Təəssüf ki, belələrinə kimlərsə dəstək verirlər”.

“Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev: “Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə işləmək deyəndə bizim Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyimiz var. Mən onun təsisçisiyəm və bir müddət də sədr olmuşam. Həm də tarix üzrə fəlsəfə doktoruyam, yəni elmi araşdırmalarım politologiya olaraq davam edir.

İkinci dəfə İqtisad Universitetində maliyyə və bank işi ixtisası üzrə təhsil almışam.

Jurnalistikaya gəlişim 1995-ci ilə təsadüf edir. Tələbə ikən Bahəddin Həziyevin “Çağ” qəzetində ştartdankənar müxbir kimi fəaliyyətə başladım.

Jurnalistikaya əvvəldən həvəsim olub. Əslində mənim birinci ixtisasımla jurnalistika bir-birinə çox yaxındır.

Jurnalistikaya gəldiyimə görə qətiyyən peşman deyiləm. Jurnalistika insanlarla ünsiyyət qurmaq, onlarla işləmək bacarığını formalaşdırır, bizə çox yaxşı dostlarımızı qazandırır, cəmiyyətdə tanınmaq, imzamızı tanıtmaq imkanı verir, sözlə işləmək, sözün çəkisini bilmək imkanı yaradır. Mən sevinirəm ki, jurnalistikaya gəlmişəm”.

ANS TV-nin “Hesab vaxtı” verilişinin aparıcısı Vəfa Şəhlayi üçün ixtisası üzrə işləmək asan olmayıb: “İxtisasca gömrükçüyəm. İqtisad Universitetini və Neft Akademiyasını bitirmişəm. İxtisasım üzrə işləmək o qədər də asan deyildi. Elə indi də asan deyil. Bu səbəbdən alternativlər axtarışında uşaqlıq arzularımın dalınca jurnalistikaya gəldim. Bir tanışım məni özünün yeni yaratdığı sayta stajçı kimi dəvət etmişdi. Amma orda sadəcə xarici xəbərlərin tərcüməsi ilə məşğul olurdum. Buna görə də o saytda jurnalistika öyrəndim deyə bilmərəm. Sonradan ANS və ABŞ səfirliyinin birgə layihəsi olan Media Akademiya layihəsinə müraciət etdim və seçildim. 2011-ci ildən “Xəbərçi”də müxbir kimi işə başladım. Hazırda “Hesab vaxtı” verilişinin aparıcısı və layihə rəhbəriyəm. İqtisadiyyat xəbərləri ilə bağlı olduğuna görə ixtisasımdan o qədər də uzaq deyiləm. Jurnalistikaya gəldiyimə görə peşman olmamışam. Düzdür, hərdən bəzi məmurların kobudluğu ilə qarşılaşanda “bu mənə lazım idimi” sualı yaranır, amma sonda cavab “bəli, lazımdır” olur”.


Müəllif: