4 İyun 2018 14:57
2 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, öncə tədbir iştirakçıları və qonaqlar Akademiyanın həyətində Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.

FHN Akademiyasının binası və tarixini əks etdirən guşələrlə tanışlıqdan sonra Akademiyanın əsas sıra meydanında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov məzun və kursantları salamlayıb, dövlət himni səslənib, məzun və kursantların iştirakı ilə təntənəli keçid olub.

FHN Akademiyasının akt zalında keçirilən mərasim dövlət himninin oxunması ilə başlayıb.

Akademiyanın rəisi Pənah Süleymanov "Akademiyamız 10 ildə" mövzusunda məruzə ilə çıxış edib. P. Süleymanov deyib ki, FHN Akademiyasının ötən 10 il ərzində bakalavr səviyyəsi üzrə 592, magistratura səviyyəsi üzrə 7 məzunu olub. Hazırda Akademiyada iki ixtisas üzrə 391 bakalavr, 26 magistr təhsilini davam etdirir: "Ümid edirəm ki, gələcəkdə Akademiyanın bazasında Beynəlxalq Tədris və Təlim Mərkəzi yaradılacaq".

Akademiyanın kursantı Ülvi Şəkizadə onlara bəslənən etimadı doğruldacaqlarını vurğulayıb.

Sonra qonaqların təbrik və çıxışları olub.

BMT-nin Fəlakətlərin azaldılması üzrə Avropa ofisinin rəhbəri Paola Albrito BMT-nin insanların təhlükəsiz dünyada yaşamasına çalışdığını söyləyib: "Təbii və texnogen fəlakətlər baş verdikdə ön cərgədə məhz xilasedicilər fəaliyyət göstərir. Biz təbii fəlakətlərin qarşısının alınması istiqamətində çalışmalıyıq. Çalışmalıyıq ki, tikilən binalar yanğına davamlı olsun, dağılmasın. Biz ilk növbədə riskləri azaltmalıyıq. Ətrafdakı risklər öyrənilməli, əhali bu risklərlə tanış edilməlidir. İnsanlar risklərin qarşısının alınması barədə məlumatlı olmalıdır. Azərbaycanda fəlakət risklərin qarşısını almaq üçün milli strategiya hazırlanacaq. Bu, çox vacibdir. Gələn il biz Cenevrədə beynəlxalq tədbir keçirəcəyik. Həmin tədbirdə fəlakət risklərinin azaldılması üzrə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın təcrübəsi müzakirə olunacaq. Bir daha FHN-nin Akademiyasını təbrik edirəm. Siz təhsil sahəsində mühüm işlər görürsünüz".

Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Vladimir Kuvşinov deyib ki, FHN Akademiyasının mülki müdafiə sahəsində bacarıqlı kadrlar hazırladığına əmindirlər: "FHN Akademiyasına təhsildə uğurlar arzulayıram".

Belarus fövqəladə hallar nazirinin birinci müavini Aleksandr Xudaleyev, Rusiya fövqəladə hallar nazirinin Mülki Müdafiə Akademiyasının rəisi Viktor Pançenkov da təbriklərini çatdırıblar.

Təhsil nazirinin müavini Firudin Qurbanov isə təhsil naziri Ceyhun Bayramovun təbrikini oxuyub. C. Bayramov təbrik məktubunda yüksək ixtisaslı kadrların hazırlanması üçün FHN Akademiyasında lazımi şərait yaradıldığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Kəmaləddin Heydərov FHN Akademiyasının kollektivini təbrik edib, tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib: "Ümummilli lider Heydər Əliyev elm və təhsilin inkişafı istiqamətində mühüm addımlar atıb. Bu gün bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarla son 15 ildə təhsilin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ciddi işlər görülüb. Təhsilin inkişafında birinci vitse-prezident Mehriban Əliyevanın da mühüm rolu var".

Təbii sərvətlərlə müqayisədə insan kapitalının cəmiyyətin inkişafında daha əhəmiyyətli və əsas rol oynadığını vurğulayan fövqəladə hallar naziri qeyd edib ki, xüsusi təhsilli kadrlara ehtiyac nəzərə alınaraq, prezident İlham Əliyevin 2 iyun 2008-ci il tarixli sərəncamı ilə FHN Akademiyası yaradılıb: "10 il ərzində Akademiyanın tam formalaşması başa çatıb. 2013-cü il dekabrında prezident İlham Əliyev Akademiyanın binasının açılışında iştirak edib, Akademiyanın qarşısında duran vəzifələri müəyyənləşdirib. İnanıram ki, Akademiya bundan sonra da prezident və nazirliyin qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirəcək. Dövlət başçısı FHN yaradılarkən nazirlik qarşısında ilk növbədə vətəndaşların təhlükəsiz şəkildə yaşaması, işləməsi və istirahətinin təmin edilməsi vəzifəsini qoyub. Bu ali təhsil ocağında yetişən hərbi mühəndislər praktiki və elmi nailiyyətlərə əzmlə yiyələnmək niyyətindədirlər. Prezidentimizi əmin etmək istəyirəm ki, bu təhsil ocağının yetişdirdiyi məzunlar risklərin, fəlakətlərin qarşısının alınmasına öz mühüm töhfəsini verəcəklər".

Sonra FHN Akademiyasına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Ardınca fövqəladə hallar nazirinin FHN Akademiyasının kollektivi ilə bağlı təltif və mükafatlarla əlaqədar əmrləri elan edilib.

Sonda təntənəli yığıncaq iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul edilib.

Müraciətdə qeyd edilir ki, Heydər Əliyevin layiqli davamçısı kimi prezident İlham Əliyev ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində yorulmaz fəaliyyət göstərir: "Fövqəladə Hallar Nazirliyi yaradılandan 3 il sonra FHN Akademiyasının yaradılması bu diqqət və qayğının təzahürüdür. Görülmüş işlərin nəticəsi olaraq bu gün Akademiyanı bitirmiş məzunlar nazirlikdə uğurla fəaliyyət göstərir. Qazanılan uğurların əsasında prezident İlham Əliyevin diqqət və qayğısı dayanır. Cənab prezident, Sizin yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycan bu gün dünyada ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Sizi əmin edirik ki, yüksək ixtisaslı kadrlar hazırlanması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər