Məlumdur ki, dedi-qodunu, qeybəti qadınlar daha çox edirlər, hətta, bir çoxları özləri haqqında söhbətlərin yayılmasında maraqlı olurlar. Yəni, digər həmcinslərinə göstərmək üçün ki, “baxın, mən heç də elə-belə, adi qadın deyiləm”. Ona görə də son dərəcə məsuliyyətli olmalısan ki, adının hallanmasına səbəb yaratmayasan. Məsələn, ilk gündən mənə məsləhət edildi ki, məhkum qadın qəbuluna gələndə otağının qapısını örtmə, qapın həmişə açıq olsun. Bu şərtlər, baxımından qadınlarla işləmək daha çətindir.
Yazıçı Rövşən Yerfi belə düşünür.
Qeyd edək ki, müsahibimiz Pentensiar Xidmətdə işləmiş ilk yazıçıdır. İstefada olan ədliyyə mayorudur.
Rövşən Yerfinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ədliyyədə işlədiyiniz dönəmdən başlayağın. Həbsxana həyatı və orada həyatın necı keçdiyi ilə tanışsınız. Həyat şərtləri baxımından kənar dünya ilə həbsxana arasındakı əsas fərq orada azadlıqlarından məhrum edilmiş insanların çox olması idimi? Bu iki fərqli həyat məkanı arasındakı özəlliyi izah edərdiniz…
- Fərq kəmiyyətdə deyil, cinayətkar hesab edilən, oxşar psixologiyaya malik insanların müəyyən ərazi daxilində - cəzaçəkmə müəssisəsində bir yerə toplanılmasındadır. Bu insanlar azadlıqda kütləyə qarışıb öz xislətlərini, qüsurlarını gizləyə bilirlər. Ancaq həbsxanada uzun dövr özlərinin dili ilə desək “maskalanmaq” mümkün deyil. Bir misal var, dinsizin öhdəsindən imansız gələr. Az vaxt ərzində kimin kim olduğu bütün çılpaqlığı ilə üzə çıxır. Hərə öz yerini görür və bilir.
- Bəs qadın düşərgəsiylə kişi düşərgələri arasındakı əsas fərqlər nədən ibarətdir? Hansında şərtlər daha ağırdır?
- Qadın düşərgəsi, yəni, qadın cəza evi ölkəmizdə şükür ki, çox deyil, cəmi bir müəssisədir. Rejim qarışıqdır, yəni ik dəfə həbs edilən də, dəfələrlə həbsə düşən də, az ağır, ağır, xüsusilə ağır cinayət törədənlər də - hamısı bir müəssisədədir. Fərqlər çoxdur. Məhkum heyəti ilə yanaşı, işçi heyətinin də əksər hissəsi qadınlar olur. Münasibət, ünsiyyət zamanı istər məhkum olsun, istər işçi olsun, sən bir an da unutmamalısan ki, qarşında duran qadındır. Bütün davranışında, danışığında, hətta, baxışında belə bunu nəzərə almalısan. Nəzərə almasan, işləyə bilməzsən, az keçməz bir ayama, ya bir macəra “qazanıb”, hörmətini və işini itirməli olacaqsan.
Məlumdur ki, dedi-qodunu, qeybəti qadınlar daha çox edirlər, hətta, bir çoxları özləri haqqında söhbətlərin yayılmasında maraqlı olurlar. Yəni, digər həmcinslərinə göstərmək üçün ki, “baxın, mən heç də elə-belə, adi qadın deyiləm”. Ona görə də son dərəcə məsuliyyətli olmalısan ki, adının hallanmasına səbəb yaratmayasan. Məsələn, ilk gündən mənə məsləhət edildi ki, məhkum qadın qəbuluna gələndə otağının qapısını örtmə, qapın həmişə açıq olsun. Bu şərtlər, baxımından qadınlarla işləmək daha çətindir.
- Məhbusların baxışları sizi narahat edirdimi? Nə qədər də olmasa, polis və ədliyyə işçilərinə məhbusların münasibətləri birmənalı olmur.
- Mən bu halı hər dəfə yeni müəssisədə işləməyə başlayanda hiss edirdim. O baxışları, toplu mənfi auranı “Üzdəniraq ada”da təsvir etmişəm. Xüsusilə, adbaad yoxlama zamanı minlərlə acıqlı gözlər sənə dikilir və sən bu baxışlara mütəq tab gətirməli, sınmamalısan. Şübhəsiz, bu, bir müddət olur, sonra sənin kimliyini, necə adam olduğunu öyrənirlər, gəldikləri nəticəyə uyğun layiq olduğun münasibəti, hörməti edirlər. Cinayətkar olsalar belə, kimə necə yanaşmağı yaxşı bilirlər.
- Həbsxanalar o insanları islah edirdimi, ya vəhşiləşdirirdi? Nəzərə alsaq ki, şərtlər çöldəki kimi deyil, demək ki, travmaların olması qaçılmazdır…
- Yox, ümumən islah etmirdi. O insanlar islah olunurdu ki, ailəsinə sıx bağlıdır, qəsdən deyil, ehtiyatsızlıqdan cinayət törədib, ya da hansısa səbəbdən şərlənib həbsə düşüb. Qalanı isə vəhşiləşmək deməzdim, mənəvi-əxlaqi baxımdan tam pozulmuş olurdular. Bunun da səbəbləri tamam başqadır.
- Zinyət kimi bir obraz (“Qadın düşərgəsi” və “Üzdəniraq ada”) yaratmısınız. Bu obrazı sizin müşahidələriniz ortaya çıxarmışdımı? Bizə oradakı qadınlardan və Zinyətdən danışardız...
- Zinyəti mən qadın cəza evində görmüşəm, haqqında çıxarılan məhkəmə hökmü ilə bağlı suallar vermişəm. Doğrudur, həmin prototip obrazın tam eynisi deyil, fərqli cəhətləri çoxdur. Surətlərimin əksəriyyətini orada müşahidə etmişəm. O cümlədən “Lənətə gələnlər”dəki Olyanı da. Soruşa bilərlər ki, bəs niyə bu qəhrəmanlarının çoxunun sonu faciə ilə bitir? Yazmağa başlayanda mən onları elə həbsxanada da saxlamaq istəyirdim. Mənə bir yazıçı dostum buyurdu ki, onların qanunun yox, Allahın və ya vicdanının iradəsi ilə ölümlə, xəstəliklə, intiharla cəzalandırılması daha təsirli olar.
Qadın cəza evindən bəhs edən “Qadın düşərgəsi” povestimdən başqa “Həbsxana bənövşəsi” adlı pyes də yazmışam. Bilirsiz, qadın mövzusu elə bir cəlbedici, qurtarmaq bilməyən mövzudur ki, bütün ömrünü ona həsr etsən azdır. İllah da kədərli talelərlə dolu həbsxana həyatı. Mən bir neçə dəfə demişəm, o cəza evindən qismət olarsa, yenə yazmaq istəyirəm, sadəcə, hələ ki, özümü toparlaya bilmirəm.
- Həbsxananın ağır şərtləri qadınları öz qadınlıq hissiyyatlarından məhrum edirdimi?
- Elə bir hal yoxdur ki, orada istisna olmasın, amma ümümən şərtlər öz ağır təsirini göstərirdi. Bir misal çəkim, onlar üçün azadlığa çıxanda arayışları da mən hazırlayırdım. Dəfələrlə olub ki, həmin arayışı məndən götürmək üçün otağıma gələndə heyrətimdən donmuşam. Bir-birilərindən seçilməyən, məhkum paltarında, daim kədərli gəzən bir qadın azadlığa çıxan günü elə gözəlləşir, sevincdən gözləri elə parıldayır, tanıya bilmirsən...
- Mərhəmətli idinizmi o insanlara qarşı, ya onların hər biri sizin üçün günahkar, ya cinayətkar idi?
- Onların bir neçə faizini günahsız taleyin qəzəbinə tuş gələn saymaq olardı, qalan hamısı günahkar və cinayətkar idi. Əzazillik mənim təbiətimdə yoxdur. Çox da mərhəmət göstərəndə adamdan istifadə etmək istəyirdilər. Ona görə də artıq yox, qanunun tələb etdiyi səviyyədə davranmağa çalışırdım.
- O dönəmlərdə həbsxanalarda üzləşdiyiniz ən maraqlı hadisə nə idi ki, bu gün də onu xatırlayırsınız?
- Üç açıq tipli, dörd isə müxtəlif rejimli qapalı çəzaçəkmə müəssisəsində işləmişəm. Bunların hər birinə daxil olan, azad olan günlərim var. Hər birinin rəisi ilə, işçiləri ilə, məhkumları ilə o qədər maraqlı anlarım olub ki... Kədərli, dəhşətli məqamlar da olub. Günlərlə evə icazə verilməyib, işdə qalan günlərim də olub. Düzü, heç vaxt ayırd etməmişəm, hərəsinin öz yeri var. Bir çoxunu “Üzdəniraq ada”da, “Qazamat sanitarlar”ında, “Residivist” də, “Penitensiar lövhələr”də təsvir etmişəm. Yazdıqlarımda uydurma yoxdur, hamısı bədiiləşdirilmiş reallıqlardır. Xatırladıqlarımın hamısı mənə əzizdir.
- Həbsxanalarda ən yadınızda qalan məhkum kimdir? Bizə onun taleyi haqda danışardınız…
- İşlədiyim yerlərdə müəyyən hadisələrlə bağlı yadımda qalan xeyli məhkum var. Ancaq indi tamam fərqli bir məhkum haqqında danışım. Demək bu insan həbsdən əvvəl zavod direktoru işləmişdi. Özü də mədəni, imkanlı adam idi. İçəridə çöldəki sayaq yaşayırdı. Hər bir şəraiti, xidmətçisi olan ayrıca otağı vardı. İstisna vəziyyətlərdən başqa heç bir rejim qaydasının ona aidiyyatı yox idi. Bütün günü otağında istirahət edir, gündəlik mətbuatı izləyir, kitab oxuyur, arabir darıxanda həyətə çıxıb digər “burjuy”larla söhbət edirdi. Və zonun qayda-qanunları onun qarşısında sustalan sayaq, işçi heyəti də onu görəndə “əriyirdilər”. Anındaca gülümsər, ədalətli, insanpərvər olurdular. Hamı bilirdi ki, sıxmaqla ondan heç nə qoparmaq olmaz, xoşuna gəlməklə isə nəsə “hörmət” almaq olar. Həmkarlarımın bu sahədəki yaradıcılığı, istedadı hər dəfə məni heyrətləndirirdi. Mənsə orada işlədiyim müddətdə onunla salamlaşmaqdan qeyri heç bir yaxınlıq etmədim. Özümə yaraşdırmadım, dedim, düşünər ki, mənim də nəsə umacağım var. Cəzasının yarısında onu əfvə saldılar. İndi çox güman Avropaya köçmüş olar.
- Rövşən bəy, bəs yeni dövrün ədəbiyyatı haqda fikriniz nədir, vəziyyəti qənaətbəxş hesab etmək olarmı?
- Mənə görə, ədəbiyyat dövrün güzgüsüdür. Hazırkı həyatımızı necə qiymətləndiririksə, ədəbiyyatımız da həmin səviyyədədir.
- Tərcümə edilən kitablardan razısınızmı, yoxsa ki, tərcümələr əsərləri tamamilə mahiyyətindən uzaqlaşdırıb keyfiyyətlərini aşağı salır?
- Elə də yox. Sovet dövründəki tərcümələrin yerini vermir indiki tərcümələrin çoxusu. Əksəri ədəbiyyat üçün deyil, pul qazanmaq xatirinə edilir.
- Sanki ədəbiyyat, bədii mətnlər və şeirlər dəbdəymiş kimi görünür, amma elə bil həm də insanları ədəbiyyat o qədər də maraqlandırmır, heç əksəriyyət yazarın özünü də…
- Dəb həmişə var, müxtəlif formalarda, variantlarda. Eyni zamanda kirimişcə kənarda durub, özünü gözə soxmağa çalışmayan əsl ədəbiyyat da var. Zaman özü tədricən hamısını yerbəyer edir.
- Bu gün belə bir qənaət var ki, Türkiyə ədəbiyyatı bizim ədəbiyyatdan üstündür və bizdə yeni yaranan ədəbiyyat Türkiyə ədəbiyyatının leytmotivində ortaya çıxır. Sizcə, türk ədəbiyyatının populyarlığı bizim ədəbiyyatı əzmədimi?
- Mən buna müvəqqəti hal kimi baxıram. Türk ədəbiyyatına ölkələrində
olan qayğı, diqqət bizdə də olsa, inanıram ki, onlardan çox uğur qazanarıq. Bir də ki, daim kənarı əzizləmək bizim milli xasiyyətimizdir.
- Kitab oxumaq erası başa çatdımı? Kitabların az oxunduğu bir vaxtda sözləri bu qəlibə salmaq məyusedici olmalıdı…
- Kitab oxumaq erası başa çatmayıb, əksinə yeni bir dövr – elektron kitab mərhələsi başlanıb. Şəxsən mən oxucularımı elektron kitablarımın oxunması hesabına qazanmışam. Beş yüz tirajdan artq kitab çap etdirə bilməsəm də, elə elektron kitablarım var ki, müxtəlif saytlardan üst-üstə beş min dəfəyə yaxın yüklənilib. Hal-hazırda Kitabyurdu.org saytında “Günahsız qatil” və “Müqəssir” adlı elektron kitablarım gənc oxucular tərəfindən hər gün 5-10 arası yüklənilir. Az da olsa, oxucu var. Doğrudur, Sovet dönəmi ilə müqayisədə mütaliə səviyyəsi kütləvilikdən düşüb. Bunun da səbəblərini yaradan amillər çoxdur, təkcə yazıçının və oxucunun günahı deyil. Oxumaq vərdişini yaratmaq üçün ədəbiyyata edilməli diqqəti və təbliğatı artırmaq gərəkdir.
- Yazıçı Kəramət Böyükçöl öz kitablarını 100 manata satır. Onu qınayanlar da var, haqq qazandıranlar da. Sizin bir yazıçı olaraq fikriniz nədir, bu ədəbiyyat adına edilən xidmətdirmi? Onu da deyim ki, Çingiz Abdullayev ona haqq qazandırdı…
- Mən bunu nə dəstəkləmirəm, nə də pisləməyə haqqım yoxdur. Kəramət sata bilirsə, lap yaxşı, necə deyərlər, bacarana can qurban. Ancaq mənlik deyil. Mən maddiyyat baxımından həmişə aza qane olan adamam. Özümə kitabımın 100 manata satılmasını yox, hədiyyə verdiyim kitabımın əldən-ələ ötürülüb onlarla oxucusunun olmasını arzulayıram.
- O hansı yazıçı, yaxud, şairdir ki, yaddaşlarda oturub, sevilir, amma o yerə layiq deyil? İndi tez-tez buna görə tənqid olunan yazarlar var. Məsələn, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Xəlil Rza və s…
- Yəqin ki, kommunist ideologiyasına xidmət etmiş keçmiş xalq şairlərini nəzərdə tutursuz. Nəsil dəyişdikcə, onlar da tutduğu yerlərdən enəcəklər. Amma ideologiyadan kənar yaratdıqları sənət nümunələri ədəbiyyatda qalacaq. Tənqid məsələsinə gəldikdə isə baxır, kim tənqid edir. Belə insanları haqqı çatan kəslər tənqid edə bilər. Yoxsa şairəm, nasirəm deyən hər yetənin onlara daş atması gündəmdə qalmaq üçün olan şoudan başqa bir şey deyildir.
- Sizi ya çox az tənqid edirlər, ya da etmirlər. Bu sizi düşündürürmü?
- Son beş ildə üç tənqidçinin, ədəbiyyatşünas alimin müstəqillik dövründə Azərbaycan ədəbiyyatı ilə bağlı xülasə məzmunlu məqalələrində adım və kitablarımın adı çəkilib, vəssalam. Sanki məni görmürlər ya da buna lüzum bilmirlər. Bir neçə il əvvəl bir tənqidçiyə təkid etdim ki, “Lənətə gələnlər”i oxusun. Müəyyən vaxtdan sonra fikrini soruşanda bildirdi ki, oxuya bilmədim, orada ədəbiyyat duymadım. Gəl ki, internetdə o kitab üç min dəfədən çox “skaçat” edilib. Belə çıxır ki, o üç min oxucu ədəbiyyatdan xəbəri olmayanlardır. Bir fakt deyim, mənim imzamı Google-də axtarışa yazanda dörd elektron kitabımın adı görsənir. Bunun üçün onlara nə pul ödəməmişəm, nə kimdənsə xahiş etməmişəm – bizdə adətdir axı, birinin azca uğuru olan kimi belə düşünürlər. O dörd kitab oxucunun marağı, axtarışı nəticəsində önə çıxıb. Oxucularımın belə diqqətindən sonra tənqidçilərin mənə nəzər yetirib-yetirməmələrinin elə də əhəmiyyəti qalmır.
- Son dövrlərdə yazılan şeirlər və bədii mətnlər qadın-qız mövzuları, erotik hallarla zəngindir. Bu, nədən irəli gəlir?
- Bu, sözü qurtarmaqdan, istedadsızlıqdan irəli gəlir. Diqqətdə qalmaq, aşağı səviyyəli oxucunu çəlb etmək üçün düşünülmüş ucuz vasitədir, yoldur. Erotika mənim nəzərimdə ədviyyatdır. Onu gərək normal və münasib yeməyə qatasan ki, dadlı olsun. Əks halda əhəmiyyətini itirir.
- Rövşən bəy, nə düşünürsünüz, Azərbaycan ədəbiyyatı pilləkənin neçənci pilləsində ayaq saxlayıb?
- Müasir dövrün Azərbaycan ədəbiyyatının uğurlarını ətraf ölkələrin ədəbi nəticələri ilə müqayisədə ürəkaçan saymaq düz olmaz. Əlbəttə, söhbət Türkmənistandan yox, Gürcüstan, Türkiyə və Rusiyadakı bizim üçün örnək ola biləsi ədəbi proseslərdən gedir. Yenə deyirəm, mən bunu müvəqqəti, müəyyən dövrlə bağlı hal hesab edirəm. Xalqımız daim güçlü ədəbi potensiala malik olub və gələcəkdə də yüksək ədəbi nümunələrlə onun bu xüsusiyyəti özünü təsdiq edəcək. Mən gələcəyə ümidliyəm.
Fürsətdən istifadə edərək müğənnilərin sözü olmasın, “ekskluziv olaraq” ilk dəfə sizə bidirmək istəyirəm ki, payızın əvvəlində yeni kitabımın çapı nəzərdə tutulur. Bu kitabımda oxucularıma əllidən artıq kiçik esselərimi təqdim etmək istəyirəm, sağlıq olsun…