"Get-gedə Azərbaycanda da boşanmaların səbəbləri Qərb cəmiyyətlərindəki boşanmaların səbəbləri ilə uyğun gəlir".
Teleqraf.com xəbər verir ki, bu barədə sosioloq Cavid İmamoğlu bildirib.
Onun sözlərinə görə, əvvəllər boşanmanın kökündə əksər hallarda sonsuzluq dururdusa, hazırda ailədaxili şiddətə görə ayrılmalar sürətlə artır. Əgər əvvəllər iqtisadi çətinlik boşanma ilə nəticələnmirdisə, hazırda iqtisadi faktor burada çox mühüm yol oynayır. Öncələr ailə daxili ünsiyyətsizlik boşanma üçün heç bir halda əsas sayılmırdı, indi isə bu məsələ ciddiləşib. Ailədaxili mübahisələrə görə boşananların sayı hazırda sürətlə artır. Əgər əvvəllər ailə daxili intim əlaqələrdəki disfunksionallıq qəti şəkildə boşanmaya səbəb olmazdısa, hazırda ayrılan cütlüklərin arasında bu faktor xüsusi qabarmaqdadır. Partnyorların baxımsızlığı, artıq çəkisinə görə əvvəllər boşanma olmayıb, hazırda bu kimi amillər ailənin dağılması ilə nəticələnir. Qabaqlar “mən hələ ailəyə hazır deyilmişəm” deyib qapını çırpıb gedənlərə rast gəlməzdik, indi belə sözləri tez-tez eşidirik. Nəhayət, əgər əvvəllər ailə daxili yalnız fiziki istismar boşanmaya gətirib çıxarardısa, hazırda emosional zorakılıq belə nikaha son vermə ilə nəticələnə bilər".
Ekspertə görə, boşanma səbəblərinin dəyişməsinin müsbət və ya mənfi hal olduğunu söyləmək çətindir: "Hazırda əsas məsələ ailə planlaşdırılması məsələsində evlənəcək cütlüklərə dəstək olmaq, onları lazımı psixoloji-sosial-tibbi konsultasiyalar ilə təmin etməkdir ki, boşanma ilə nəticələnəcək evliliklər baş tutmasın".