28 İyun 2018 19:39
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolu təmir olunmasaydı, asfalt örtüyünün alt qatında daha ciddi problemlər yaranacaqdı.

Teleqraf.com xəbər verir ki, bunu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Bakı-Sumqayıt yolunda gedən təmir işlərilə əlaqədar yaranan narazılıqlara münasibət bildirərkən qeyd edib.

O bildirib ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci km-lik hissəsi 2008-ci ildə istifadəyə verilib və bu günə qədər, yəni 10 ildir təmir olunmayıb: "Normativə əsasən hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir. Hazırda da bu işlər görülür. Sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii amillərin təsiri ilə artıq aşınmalar yaranmışdı. Təmir işləri aparılmasaydı, 1-2 ildən sonra asfalt örtüyünün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı. Bu səbəbdən yolun hazırda qısamüddətli təmiri daha məqsədəuyğun idi".

A. Nəcəflinin sözlərinə görə, bu cür işlər Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib razılaşdırıldıqdan sonra aparılır:

"Orta məktəb və ali təhsil müəssisələri tətilə çıxdıqdan sonra, sözügedən yolda hərəkət intensivliyi azalandan sonra işlərə başlanıldı. Hətta bayram günləri də nəzərə alındı ki, birdən kimsə istirahətə rayona gedər deyə, maneəçilik yaşatmayaq.

Hazırda tunelin çıxışından Biləcəri yolu ilə əsas yolun kəsişdiyi nöqtəyədək qızğın iş gedir: "Bu səbəbdən 20 Yanvar körpüsü və tunellə hərəkət məhdudlaşdırılıb. Nəqliyyat axını 20 Yanvar dairəsi və Şamaxı yolu (Şamaxinka) adlanan əraziyə yönəldiyindən orada sıxlıq yaşanır. 2-3 günə dediyim ərazilərdə işlər bitən kimi körpü və tunellə hərəkət bərpa olunacaq və Şamaxı yolu ərazisində yaşanan sıxlıq aradan qalxacaq".

Qurum rəsmisi bildirib ki, ötən günlə müqayisədə hazırda ərazidə sıxlıq azalıb: "Hətta ötən gün Sumqayıt istiqamətindən Bakıya girişdə xaos yaşanırdı. Hazırda isə yol boşdur. Çünki sürücülər alternativ yollara (Bakı Dairəvi-1 - Lökbatan-Xocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat və Sumqayıt-Pirşağı avtomobil yolları) üstünlük veriblər. Təmir işləri sonrakı mərhələlərdə hissə-hissə Xırdalan dairəsinə qədər davam etdiriləcək. Bu zaman hərəkət zolaqlarının yarısında təmir aparılacaqsa, yarısı ilə hərəkət davam etdiriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər