2 İyul 2018 09:00
14 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Musa Uruddur. Onunla müsahibəni təqdim edirik:

Siyasət bədii yaradıcılığa imkan vermir

Qurban Yaquboğlu: – Şair Musa Urudun yaradıcılığınızda hansı yeniliklər var?

– Bildiyiniz kimi mən 2005-ci ildən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Təşkilatda 12 dövlət təmsil olunur. Düşünürəm ki, sərbəst, qısa şeirlərimi erməni dili istisna olmaqla təşkilatda təmsil olunan digər bütün dövlətlərin dilinə tərcümə etdirib çapa verim. Sonra isə təşkilatdakı həmkarlarma da həmin kitabdan verməyi düşünürəm. Ancaq ictimai-siyasi fəaliyyət bədii yaradıcılıqla məşğul olmağa vaxt baxımından imkan vermir. Bal arısı paklığı sevdiyi kimi şeir də başqa nələrinsə ona qarışmasını xoşlamır. Siyasətdə, ictimai həyatda istər-istəməz yalan da olur, istər-istəməz içindən gəlməyən fikirlər də deməli, yazmalı olursan. Hansı ki, bu həmin vaxt cəmiyyətə lazımdır. Ancaq şeir bunları qəbul etmir. Şeir belədir ki, müəyyən bir səviyyə var, o səviyyəyədək qalxmısansa, gərək o səviyyədə dayanasan. Ordan aşağı düşməyəsən. Yoxsa ki, mən deyim, bu gün oturub bir şeir yazacam, belə olmur. Yaza da bilərik. Qafiyə də, fikir də yerindədir. Amma içində ruh, enerji yoxdursa, bu şeir olmur, həm özünü, həm də oxucunu aldatmaq olur.

– Sonuncu dəfə nə vaxt şeir yazmısınız?

– Sonuncu şeirim çox yaxşı bir şeir oldu. Prezident seçkiləri kampaniyası zamanı bizim şüarımız “İlhamla irəli” idi. Mən “İlhamla irəliyə” adlı bir şeir yazdım. Deyim ki, bu şeir bizim seçki kampaniyamızda ən aparıcı şüarlardan biri oldu. Gəncə Dövlət Dram Teatrının aktyoru olan əməkdar artist Yusif Cəfərov də həmin şeiri çox yaxşı səsləndirdi. Təntənəli himn kimi bir şeir idi. Axırıncı yazdığım hələlik odur.

Sena çayı üzərindəki körpüdə yuva qurmuş göyərçinə yazılan şeir

Bəs sonuncu lirik şeirlər nə vaxt yazılıb?

– Təxminən 5-6 ay bundan qabaq yazılmış olar. Yazıram, üzə çıxarmıram, çap etmirəm. Yəni, yaradıcılığı tam buraxmamışam. İstəyirəm ki, 30-40 yeni şeirimi mətbuatda toplu kimi çap etdirim. Hələlik bu sayda şeir yoxdur.

Onsuz da yaradıcılığı tam buraxmaq mümkün deyil. Sən onu buraxsan da, o səni buraxmır. Birdən elə əhval-ruhiyyə yaranır ki, qələmə sarılırsan. Bir neçə il bundan qabaq Parisdə idik. Orda Sena çayı, çayın üzərində “Röyal” deyilən məşhur körpü var. Bizi körpünün yanına aparanda gördüm ki, orda bir ağ göyərçin var. Fransız bələdçi həmin göyərçini bizə böyük həvəslə göstərdi ki, baxın, sülh quşudur, orda yuva qurub. Elə orda beynimə bir şeir gəldi, yazdım;

Senanın “Röyal”ında yuva quran göyərçin

Görən bilirmi dünyada Araz çayı var,

üstündə də Xudafərin.

Yəni, Xudafərinin üstündə göyərçin yuva qura bilmir. Niyə yuva qura bilmədiyini biz bilirik. Belə bədahətən yazdıqlarım olur. Ancaq 2000-ci illərdə sistemli şəkildə siyasətlə məşğul olmağa başlayandan sonra mənim yaradıcılığımda poeziya yavaş-yavaş arxa plana keçdi. Bu da qəsdən, özüm istəyərək olmadı, gördüm ki, sadəcə alınmır. Həm də o illərdə daha çox Zəngəzur bölgəsinin tədqiqi ilə məşğul oldum, iri həcmli “Zəngəzur” (2005), “Zəngəzur toponimləri” (2010) əsərlərini və “Zəngəzur, uzaq keçmişdən bu günümüzədək” (2016) monoqrafiyasını yazdım.

Rəhmətlik xalq şairi Söhrab Tahir bir dəfə mənə dedi: “Bu sözü Bəxtiyar (Vahabzadə) Nəbiyə (Xəzri) deyib, mən də sənə deyirəm. Siyasət şeiri qurudur. İstər-istəməz siyasi publisistikaya keçirsən. Şairin siyasi publisistikasının altında da bir şeir var. Dedim, qurutdu-qurutmadı, indi iş belə gətirib, nə edək”.

Nə ev verdilər, nə də partiyaya keçirdilər

– Bəs o zaman siyasətə niyə gəldiniz?

– Bu günlərdə deputat həmkarım və qələm dostum İmamverdi İsmayılovun 60 yaşı tamam oldu. Mən bu münasibətlə yazdığım yazıda da göstərdim ki, əgər Qarabağ müharibəsi olmasaydı, torpaqlarımız işğal edilməsəydi, mən və mənim kimi bir çox ziyalılar ümumiyyətlə, siyasət haqqında düşünməyəcəkdik. Olan bir faktı danışım. Bilirsiniz ki, hazırda Gəncədə iki rayon var; Kəpəz və Nizami rayonları. Həmin vaxt isə şəhər Kirovabad, iki rayonun biri Nizami, digəri Gəncə adlanırdı. Təxminən 1986-cı ildə Gəncə rayon partiya komitəsinin I katibinin bir yaxın qohumu mənim pasientim idi. Yaxşı müalicə olunmuşdu, gedib qohumu olan katibin yanında məni xeyli tərifləyib. Bir dəfə həmin I katib bizim xəstəxanaya gəldi, həkimlərlə, o cümlədən mənimlə görüşdü. Dedi ki, sağ ol, xəstələr hamısı səndən razıdır. Daha demədi ki, razılıq edən öz qohumumdur (gülür). Sonra baş həkimdən soruşdu ki, doktor partiyanın üzvüdürmü? Dedim, xeyr. Çevrilib yanındakı təlimatçıya tapşırıq verdi ki, “doktorun sənədlərini hazırlayın, onu partiyaya keçirək”. Mən nə desəm, yaxşıdır? Dedim, gənc mütəxəssisəm, evim yoxdur, kirayədə qalıram, mənə ev verin. Katib gözləmədiyi cavabdan bərk əsəbiləşsə də, hirsini büruzə vermədi, amma acıqlı halda dedi ki, partiyamız üzvlərinin qayğısına qalır, partiyaya keçsən, hər şey olacaq. Ancaq nə ev verdilər, nə də partiyaya keçirdilər.

Yəni, o illərdə biz yaradıcı adamlar məqsədli şəkildə siyasətlə məşğul olmaq barədə düşünmürdük. Ancaq 80-ci illərin sonunda baş verən hadisələrdən heç kim kənarda qalmalı deyildi və qalmadı. Təbii ki, bu hadisələrin axarında ziyalılar önə düşdülər. Bunu demək lazımdır. Allah Xudu Məmmədova, Bəxtiyar Vahabzadəyə, Xəlil Rzaya, Əbülfəz Elçibəyə, Ziya Bünyadova, Qabilə və başqalarına rəhmət eləsin.

Sonra qaçqınlıq başladı. Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı dövlət səviyyəsində etnik təmizləmə əməliyyatı həyata keçirildi. Ermənistandakı 23 rayonun 260 yaşayış məntəqəsində tarixən yaşamış 250 min soydaşımız zorla köçürüldü. Mənim ulu babalarımın məskən saldığı, doğulub böyüdüyüm, adını təxəllüs götürdüyüm Urud kəndi də beləcə dağıldı, xaraba qaldı, qohumlarım, kəndlilərim didərgin düşdü.

Bundan sonra Dağlıq Qarabağ və onun ətraf rayonlarında bir-birinin ardınca məlum faciəvi hadisələr baş verdi. O illərdə çoxları kimi mən də düşünürdüm ki, ölkəni və xalqı bu vəziyyətdən ancaq ulu öndər Heydər Əliyev çıxara bilər. Ona görə də biz Heydər Əliyevin partiyasına qoşulduq. Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən I qurultayında partiyanın Siyasi Şurasının üzvü seçildim. 2000-ci ildə də ümummilli liderin tövsiyəsi ilə adım partiyanın proporsional siyahısına daxil edildi. Siyahıda 13-cü adam kimi parlamentə gəldim. O vaxtdan belə bir yol gəlirəm. Ancaq mən əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyəndən partiya fəaliyyəti ilə məşğul olmağa başlamışdım. Yəni, siyasətə gəlməyim bu cür olub.

Ancaq ölkəmizin taleyi ilə bağlı bu qanlı-qadalı hadisələr baş verməsəydi, biz sabit bir həyat sürsəydik, çoxumuz siyasətə qoşulmayacaqdıq, hərə öz peşəsini davam etdirəcəkdi. Hansı ölkələrdə sabitlk, arxayınlıq, sabaha inam var, orada siyasətlə az bir qrup, peşəkarlar məşğul olur, cəmiyyət siyasiləşmir. İndi bizim ölkəmizdə də bu meyil ildən ilə güclənməkdədir və bu, yaxşı əlamətdir. Görürsünüz, ziyalıların bir çoxu, xüsusən gənclər son vaxtlar siyasətə getmirlər. Çox da doğru edirlər. Siyasət də bir peşədir, onunla peşəkarlar məşğul olmalıdır!

Mən o qədər də romantik deyiləm

Mənsur Rəğbətoğlu: – İctimai-siyasi fəaliyyəti atıb özünüzü sırf ədəbiyyata həsr etmək üçün nə qədər romantiksiniz?

– Mən o qədər də romantik deyiləm. Ümumiyyətlə, heç vaxt güclü romantik olmamışam. Uşaqlıq, gənclik dövründə hər bir kəsin müəyyən romantikası olur. Mənim ilk yazılarım IV-V siniflərdə oxuyanda çap olunub. O vaxt “Azərbaycan pioneri” qəzeti, “Pioner” jurnalı çıxırdı. Onlarda bir-iki şeirim çap olunub. Bir də məktəbin divar qəzetini buraxırdıq. Orda hər məktəblinin yazısı gedirdi.

Əmim həkim olmağım üçün 3 arqument gətirdi

Q.Yaquboğlu: – Gəncədə?

– Yox, mən o zaman Sisyanda – Urudda yaşayırdım. Gəncəyə 1984-cü ildə təyinatla göndərilmişəm. Ondan sonra bu şəhərdə yaşamağa başlamışam.

Uşaq vaxtı şair olacağımı düşünürdüm. Hətta, elə bilirdim ki, şairlik institutu da var, gedib şairlik fakültəsində oxuyacam və şair olacam. Təbii ki, yuxarı siniflərdə şairlik institutu olmadığını anladım. Ancaq jurnalist olmaq haqqında düşünməyə başladım və bu fakültəyə qəbul olunmaq üçün imtahan vermək istəydim.

Onu da deyim ki, orta məktəbi qızıl medalla bitirmişəm. Bizim məktəbdə 1978-ci ildə azərbaycanlılar arasında sonuncu qızıl medalı mən aldım. Sisyan rayonu üzrə isə məndən sonra cəmi bir qızıl medal alan olub.

Ancaq valideynlərim, əmim və digər yaxın qohumlar VIII sinfin sonunda peşə seçimi ilə bağlı Tibb İnstitutunu mənə məsləhət gördülər. Ailənin düşüncəsi belə idi ki, mən ali məktəbi bitirdikdən sonra kəndə qayıdıb gəlməli və orda da həkim işləməliyəm. Bütün rayonda da azərbaycanlı həkim yox idi. Uruda qonşu olan Vağudi kəndində də 25 çarpayılıq bir xəstəxana açılmışdı. Deyirdilər ki, gəlib Vağudidə işləyərsən, kəndimizlə 3 kilometr arası var, gedib-gəlməyə maşın da mövcuddur. Evimiz, təsərrüfatımız, bağımız var. Yəni, mən evin tək oğlu idim, ona görə də düşüncə bundan ibarət idi.

1970-ci illərdə bütün azərbaycanlıları vəzifədən çıxardılar

Səxavət Həmid: – Həkimlər hamısı erməni idi?

– Hamısı. Sisyanda müəllimlərdən başqa vəzifə tutan ali təhsilli azərbaycanlı yox idi. Təxminən 1970-ci illərin əvvəllərində bütün azərbaycanlıları vəzifədən çıxarmışdılar. Yalnız rayon partiya komitəsinin III katibi azərbaycanlı idi. O da Mərkəzi Komitədən gələn təlimat idi ki, katiblərdən biri azərbaycanlı olmalıdır.

Valideynlərim də deyirdilər ki, azərbaycanlı xəstələr nə vaxtadək dərdini gedib ermənicə danışacaq? Əmim həkim olmağım üçün 3 arqument gətirdi. Birinci arqument bundan ibarət idi ki, əgər istedadın varsa, hansı sahə üzrə təhsil almağından asılı olmayaraq, şeir yaza biləcəksən. Ancaq jurnalistikanı, yaxud filologiyanı bitirsən, heç vaxt həkim ola bilməyəcəksən. Sonra dedi, bu elə bir sənətdir ki, müharibədə, hətta həbsə düşsən orda da insanlara fayda gətirəcək. İkinci arqumenti bundan ibarət idi. O vaxtlar biz ermənilərlə müharibə gözləmirdik. Dedi, sabah almanlarla yenidən müharibə olsa, sən əsir düşsən belə əsirlikdə həkimlərə fərqli yanaşılır. Üçüncü arqumenti isə bundan ibarət idi ki, birdən sabah bu quruluş dağıldı, kapitalist bir hökumət quruldu. Sən də jurnalist, şair kimi həmişə bu hökuməti təbliğ edirsən. Dönüb o hökumətdə, o cəmiyyətdə nə deyəcəksən? Deyəcəksən, filan quruluşu təbliğ etmişəm?! Əmim də, atam da kommunist idi və bu fikri söyləyəndə 1975-76-cı illər idi. İndi o fikirləri xatırlayanda dəhşətə gəlirəm. Həm də düşünürəm ki, ciblərində partiya biletləri gəzdirsələr belə, bizim insanların çoxunun kommunistliyi yalançı, candərdi olub. Ancaq bunlar heç biri əsas deyildi. Əsas odur ki, atam da, anam da mənim qayıdıb kənddə yaşayıb işləməyimi istəyirdilər. Kəndə qayıtmaq üçün də iki yol var idi; ya müəllim, ya da həkim olmalı idin. Ona görə də həkimliyi seçdim.

Dedilər, bu uşağı ikinci sinfə də qəbul etmək olar

S.Həmid: – Qızıl medal almağınız necə baş verdi? Yəqin ki, məhdudiyyət yaradılıb...

– Bu, çox çətinliklə baş verib. Onu deyim ki, məktəbə 6 yaşımda getmişəm. O vaxtlar 7 yaşı tamam olmayan uşaqları məktəbə götürmək üçün rayon təhsil şöbəsində uşağın həm fiziki, həm də intellektual imkanlarını araşdırırdılar. Ondan sonra icazə verirdilər. Bir ay məktəbə gedəndən sonra məni çıxardılar ki, sənin 7 yaşın tamam olmayıb. Bir az ağlayıb-sızladım. Çünki qonşuluqda oynadığım uşaqların yaşları çatmışdı və onlar artıq məktəbə gedirdilər. Sonra atam məni rayona apardı. Rayonda məni imtahan etdilər. Bir neçə sual verdilər. Onlardan biri yadımdadır. Erməni mənə sual verdi ki, 5x4 neçə edir? Dedim, 20. Bu, birinci sinif uşağına veriləcək sual deyildi. Vurma cədvəli III sinifdə keçilirdi. Sonra dedi ki, bəs Ağudidə (Uruda qonşu kənd-S.Həmid) neçə edər? Dedim, 20 edər. Dedi, bəs Vağudidə (o da qonşu kənddir) neçə eləyər? Dözmədim, elə bildim, məni dolayır. Atama tərəf dönüb dedim ki, bunun başı xarabdı, hər yerdə 20 edir də. Bunlar da azərbaycanca bilirdilər, gülüşdülər. Dedilər, bu uşağı II sinfə də qəbul etmək olar. Beləcə məktəbə bir il tez getdim.

Yeri gəlmişkən, deyim ki, bizim rayonda yaşayan ermənilərin böyük əksəriyyəti Azərbaycan dilində bilirdilər. Çünki onların əksəriyyəti Türkiyədən, İrandan gəlmə idilər.

Erməni nazir dedi, sənə bir təklifimiz var

Birinci sinifdən əlaçı olmuşam. X sinifdə oxuyanda qızıl medal söhbəti ortaya çıxdı. Sinif rəhbərimiz Fərrux müəllim dedi ki, sənin namizədliyini qızıl medal üçün təqdim etmək istəyirik. Riyaziyyat və Azərbaycan dilindən yazılı imtahan verdim. İmtahan nəticələri əvvəlcə rayonda, sonra İrəvanda yoxlandı. Hər iki imtahandan 5 aldım. Mən də imtahanları verib Gəncəyə – bacımgilə gəlmişdim. Orta məktəbi qızıl medalla bitirmişəm, bacımgil Leninqrada gedirlər. Məni də ora gəzməyə aparırlar. Mən də çox sevinirəm. O vaxtlar Leninqrad kimi şəhəri gedib gəzmək, təyyarəyə minmək bir kənd uşağı üçün əlçatmaz idi. Biletlərimiz alınıb, 2 gündən sonra Leninqrada uçmalıyıq. Gecə atam Gəncəyə gəldi ki, Musanı İrəvana riyaziyyatdan şifahi imtahana çağırıblar. O dövrədək belə bir şey görünməmişdi. Dedim, getmirəm, Leninqrada gedirəm. O dediyiniz romantika hələ o vaxtlar var idi. Dedi, Leninqrada həmişə gedə bilərsən. Bu bütün taleyində bir dəfə olan işdir. Nə isə, Kirovabad-İrəvan avtobusuna oturub yola düşdük. Mənim riyaziyyat müəllimim də gəlmişdi. Çünki müəllimləri də dəvət etmişdilər. Bu imtahanları artıq Ermənistan SSR-in təhsil naziri, onun müavinlərinin də daxil olduğu komissiya götürürdü. Məndən qabaq Qafandan olan bir azərbaycanlı oğlanı lövhəyə çağırdılar. Ona bir inteqral tənlik verdilər, başladı yazmağa. Biz də müəllimimlə arxada oturmuşuq, nə yazdığını görürük. Yarıya çatanda səhv istiqamət götürdü və tənliyi həll edə bilmədi. Bu vaxt müəllimim dönüb mənə baxdı, mən də başımla onun səhv yazdığı reaksiyasını verdim. Ancaq heç cür işarə edə bilmirik. Həmin qafanlı oğlan 4 qiymət aldı, qızıl medaldan düşdü. Sonra mən gəldim. Həmin misalı mənə verdilər. Başladım yazmağa. Onun səhv yazdığı yerə çatanda mən də mexaniki olaraq onun kimi yazmağa başladım. Bu vaxt müəllimim, rəhmətlik Mirseyib Həsənov dözmədi və arxadan “ə, yox” dedi. Sanki tormozlanmışdım, ayıldım. Tez qaraladım və düz yazmağa başladım. Dedilər, yox, müəllim dedi, o sayılmır. Mənə o tipli 6-7 sual verdilər və hamısını da düz yazdım. Sonra başqa bir neçə sual verdilər. Nəhayət, erməni nazir dedi ki, sənə 5 veririk, qızıl medal alacaqsan, amma bir təklifimiz var. Gəl səni imtahansız İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili fakültəsinə götürək. Dedim, yox, mənim məqsədim həkim olmaqdır. Sonradan bildik ki, 36 nəfər çağırıblar, onlardan 6-ı azərbaycanlı, 30-u erməni olub. Ermənilərin hamısına, azərbaycanlılardan isə yalnız mənə 5 veriblər. Məqsəd də bundan ibarət olub ki, 6 azərbaycanlıya niyə birdən qızıl medal verilsin? Ona görə də şifahi imtahan salmışdılar.

Çəkdin, gəlmədisə, burax getsin!

– Bəs tələbəlik illəriniz necə başladı?

– Qeyd etdiyim kimi, instituta qızıl medalla, bir imtahan verib qəbul olunmuşdum. İlk iki aydan sonra düşündüm ki, mən Tibb İnstitutundan çıxmalı, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə getməliyəm. Hətta, dərslərə getməməyə başladım. Evə xəbər çatdı. Atam Bakıya gəldi, söhbət etdik, dedim ki, Şəhriyar, Bəxtiyar Vahabzadə, İsa Muğanna əvvəl Tibb İnstitutuna daxil olublar, sonra çıxıb başqa sahədə oxuyublar və necə böyük uğur qazanıblar. Atam güldü, dedi ki, elə bilirsən hər institutdan çıxan Şəhriyar, Bəxtiyar olur? Lakin qərar verməyə tələsməməyimi məsləhət gördü. Onun da öz arqumentləri var idi. Dedi, sən I kursu oxuyub bitirməlisən. Sən indi çıxsan, biz kənddə, rayonda biabır olacağıq. Biz heç kimə izah edə bilməyəcəyik ki, sən özün burada oxumaq istəmirsən. Deyəcəklər, qızıl medal aldı, ancaq getdi, oxuya bilmədi, onu qovdular. Dedim, razıyam. Dedi, bu azdır. Sən həqiqi medalçı kimi birinci və ikinci semestri əla qiymətlərlə bitirməlisən ki, gələn yayda universitetə imtahan verəndə problemin olmasın. Beləliklə, iki semestri əlaçı kimi başa vurdum. Onu da deyim ki, bizim ailədə həmişə seçim azadlığı olub, tövsiyyə olub, ancaq məcburiyyət olmayıb. Rəhmətlik Əli babamın sevdiyi bir sözü var idi: Çəkdin, gəlmədisə, burax getsin! Görünür, atam həm də problemi vaxtın axarına buraxmaq istəyirdi ki, fikrimin nə qədər ciddi və ardıcıl olduğunu qətiləşdirib qərar versin.

Sonra Tibb İnstitutunda yaradıcılıq fakültəsi açdılar. Mən I kursun axırında jurnalistika ixtisasına yazıldım. Dərslərdən əlavə ora getməyə başladım. Sonradan düşündüm ki, daha jurnalistikanı da oxuyuram. Üç il də yaradıcılıq fakültəsində oxudum, onun da diplomunu aldım. Tibb İnstitutunu da əla qiymətlərlə bitirdim.

Nərgiz Cavadzadə: – Musa müəllim, dediniz ki, əhali həkimə dərdini ermənicə danışırdı. Yəqin, siz də o dili bilirsiniz...

– O vaxtlar bilirdik. Yazmağı da öyrənmişdik. Düzdür, biz erməni dili dərsi keçmirdik. Bizdən sonrakı illərdə oxuyan azərbaycanlı uşaqlara məcburi şəkildə erməni dili keçilirdi. Bilirsiniz ki, mən 2006-cı və 2012-ci ildə mən iki dəfə Ermənistanda – İrəvanda olmuşam. Bir dəfə hətta, öz kəndimizə getmək imkanım yarandı. Bir gün orda qalandan sonra demək olar ki, yaddaşım bərpa olundu. Hətta, onların danışdıqlarını da başa düşürdüm, ara-sıra özüm də onlara ermənicə cavab verirdim. Amma üstündən gör neçə il keçib, mən 1978-ci ildə ordan çıxmışam. O vaxtdan indiyədək adamın yadında dil qalar? Atam isə təmiz bilirdi. O, İrəvanda institutu ermənicə oxumuşdu.

Daha Ermənistana getmək həvəsim yoxdur

S.Həmid: – Son vaxtlar Ermənistana səfərləriniz olmur...

– Artıq qeyd etdiyim kimi, İrəvanda 2 dəfə QDİƏT Parlament Məclisinin iclasında iştirak etmişik. Növbəti iclas bu ilin noyabrında keçiriləcək. Əgər dövlətin tapşırığı olsa, təbii ki gedəcəm. Ancaq öz istəyimlə ora getmək həvəsim yoxdur. Bunun psixoloji-şəxsi səbəbləri var. Əvvəla 2006-cı ildə gedib kəndimizi tar-mar edilmiş, qəbiristanlığımızı dağılmış görəndən sonra özümə gələ bilmirəm. İndiyədək elə bilirəm ki, o ruhlar məni hələ də qınayır. İkinci səbəb daha ağırdır. Bilirsiniz, uşaqlar, düşmənin içərisinə getmək və onların orda qalib ədasını görmək, qalib olduğunu sənə hiss etdirməsini duymaq çox ağır hissdir. Bu hiss insanı çox əzir. Bir də insanı o əzir ki, sən istər şəxsi müstəvidə, istərsə də dövlət müstəvisində ondan qat-qat güclü olduğun halda ona bir şey edə bilmirsən. Bilirsən ki, qarşındakı faşistdir, başkəsəndir, Xocalıdakı uşaqların qatilidir. Amma ona heç nə eləyə bilmirsən, hətta üzünə də tüpürə bilmirsən. Əksinə, bir iclasda, bir masada oturub diplomatik qaydalara uyğun müzakirə aparmalısan. Bu zaman insan içindən əzilir və sıxılır.

Tək Rusiya faktoru olsaydı, bəlkə də məsələni həll etmişdik

M.Rəğbətoğlu: – Niyə edə bilmirik? Rusiya faktoruna görə?

– Tək Rusiya faktoru deyil. Bu, beynəlxalq bir məsələdir. Qafqazda marağı olan bir çox qüvvələr var. Cənab Prezidentin Azərbaycanın maraqlarına xidmət edən müstəqil siyasətini çoxları həzm edə bilmir. Bizi özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Neft və qazımızın, digər təbii sərvətlərimizin olmasının bizə xeyri olduğu qədər də yaratdığı problemlər var. Biz bunu bilməliyik. Ölkəmiz regionun ən qüdrətli dövlətidir. Azərbaycan elə bir qymətli diyardır ki, burada hamının gözü, tamahı, iştahı, gözləntiləri var. Tək Rusiya faktoru olsaydı, bəlkə də məsələni çoxdan həll etmiş olardıq.

Erməni deputat dedi, özümüz də bilmədik, Paşinyan necə baş nazir oldu

Ermənistandakı son hadisələri götürək. Bu, faktiki olaraq dinc dövlət çevrilişi oldu. Biz bu yaxınlarda QDİƏT Parlament Məclisinin Albaniyanın paytaxtı Tiranada keçirilən plenar sessiyasında iştirak edirdik. Orda Ermənistanın Respublika Partiyasının üzvü olan erməni nümayəndələr də var. Mən onların birindən soruşdum ki, necə oldu Paşinyan birdən-birə gəlib baş nazir oldu? Dedi, biz özümüz də təəccüb qaldıq. Rayonlara çıxdı, hər rayonda toplantılara 25-30, bəzən maksimum 50 nəfər gəlirdi. Dedi ki, onun 100 nəfərlə toplantı keçirdiyini görən olmadı. Elə ki, İrəvana gəldi, bir gün çağırış etdi, ikinci gün meydana 100 min adam çıxdı. Biz 100 min nəfərin meydana çıxdığını gördükdə artıq bunun böyük bir qüvvə olduğunu gördük və istefaya getməyə məcbur olduq. Yəni, bu, Paşinyanın gücündə olan bir məsələ deyildi. Bunun adına Soros da, Qərb də deyə bilərik. Ancaq onlar bunu erməni xalqına canları yandığı üçün hazırlamadılar. Bunu erməni-rus yaxınlığını qırmaq, Rusiyanın Cənubi Qafqazda təsirini azaltmaq üçün həyata keçirdilər.

Gürcüstanda da Mixail Saakaşvilidən sonra sabitlik yoxdur. Bu gün turizm-filan sektorunda görünən bir inkişaf var, amma daxildə çox ciddi, gərgin proseslər gedir. Hələ bilinmir ki, növbəti seçkidə orda nə olacaq. Mən Albaniyadan Türkiyədə keçirilən seçkini müşahidə etmək üçün Ankaraya gəldim. Türkiyənin də həm ziyalıları, həm də siyasi elitası seçkinin nəticələrinin fərqli olacağından çox narahat idi. Çünki sabitlik tamam pozula bilərdi. Bəzi qüvvələr Ərdoğanın seçilməməsində maraqlı idilər. Bundan sonra Türkiyənin başına nə oyun gələcəyini bilmirdik. Ölkə parçalana, müflis halına da gəlib düşə bilərdi.

Bu gün biz elə düşünməyək ki, Azərbaycan yalnız Ermənistanla üz-üzədir və məsələyə son qoymur. Son vaxtlar xristian-müsəlman faktoru çox ciddi şəkildə aktivləşib. Qərbdə süni şəkildə körüklənən islamofobiya dalğası, xristian həmrəyliyi var. Suriya kimi qaz ehtiyatlarının həcminə görə dünyada ikinci yeri tutan zəngin bir ölkəni bədbəxt günə qoydular.

Biz güclü dövlətik, daha da güclü olacağıq. Bu günlərdə hərbi paradda nümayiş olunan silahlar bir gün mütləq bizə lazım olacaq. Dünyanın, həyatın gedişatını bilmək olmur. Mıxı mismar edən Allah var.

Amerika müsəlman dövləti olmayacaq, amma...

– Zamanı gözləməklə nə dəyişəcək? ABŞ çevrilib müsəlman dövləti olacaq?

– Mən düşünmürəm ki, ABŞ çevrilib müsəlman dövləti olacaq. Buna ehtiyac da yoxdur. Ancaq Amerikanın da maraqları dəyişə, yaxud bu bölgə ümumiyyətlə, onun maraq dairəsindən çıxa bilər. Rusiyada müəyyən hadisələr baş verə bilər ki, onların Qafqaza iddia etməyə marağı, yaxud gücü olmaz. İranda müəyyən proseslər gedə bilər ki, bunun bizə çox köməyi ola bilər. Yəni, zamanı gözləməliyik. Tarix üçün 30, 50, yaxud 100 il böyük zaman deyil. Amma insan üçün ağırdır. Məsələn, mən 2006-cı ildə öz kəndimizə getdim. İlk məqsədim qəbiristanlığı ziyarət etmək idi. Getdim ki, qəbiristanlıq yoxdur. Bütün qəbir daşlarını dağıdıblar, üstünü də iki metr hündürlüyündə torpaqla örtüblər. Kənardan gələn adama nə qədər desən ki, burda qəbiristanlıq var, sənə inanmaz. Üstünü də kol-kos basıb. Yüzlərlə belə kəndimiz var. Yəni, bu, bizim nəsil üçün böyük ağrıdır, istəyirik ki, torpaqlarımız tez azad olunsun. Hər kəs bunu istəyir, hamıdan da çox cənab Prezident bunu istəyir. Amma o məqamın yetişməsini gözləmək lazımdır. Biz o anı gözləməliyik. Müdrik siyasətçi üçün tələb olunan ən vacib keyfiyyət zamanında düzgün qərar verməkdir. Bu mənada hesab edirəm ki, tutduğumuz yol doğru yoldur.

Paşinyanın ağlı olsa...

Q.Yaquboğlu: – Siz münaqişənin bizim xeyrimizə həll ilə bağlı nə dərəcədə nikbinsiz?

– Mən nikbinəm. Bizim xeyrimizə deməzdim, ədalətli həll deyərdim. Bizim üçün yalnız mərhələli həll məqbuldur. Levon Ter-Petrosyan dövründə müəyyən razılıq əldə olunacaqdı, onu dəyişdilər. Yəni, əslində erməni siyasətində olan insanlar da bilirlər ki, bu məsələnin başqa cür həlli yolu yoxdur. Əgər Paşinyan iqtidarının müəyyən siyasi ağlı, konstruktivliyi, iradəsi olsa, ən azı Ermənistan dövlətinin sabahkı mövcudluğu naminə ağıllı addım atmalıdırlar. Ermənistan doğrudan da çox böyük səfalət içindədir və ildən-ilə ölkədən gedənləri sayı artır. İqtisadi dalan vəziyyətinə düşmüş, bədbəxt, gələcəyi olmayan bir ölkədir.

Bayaq bəhs etdiyim QDİƏT Parlament Məclisinin iclasında sədrlik Ermənistana keçirdi. Ermənistan parlamentinin vitse-spikeri Artur Şahnazarov çıxış edirdi. O çıxışında Türkiyəni ittiham etdi. Biz də ona cavab verdik ki, sizin gerbinizdə Türkiyə ərazisində yerləşən dağın fotosu əks olunub. Bu, birbaşa Türkiyəyə ərazi iddiası deməkdir. Siz Azərbaycan torpaqlarını işğal etmisiz, qonşu Gürcüstana da ərazi iddialarınız var. Siz bütün qonşularla özünüzü düşmən etmisiz. Bu mənada artıq onlar da başa düşürlər ki, bu vəziyyət çox davam edə bilməz. Xaricdəki diasporun ianəsi ilə nə qədər dolanmaq olar?

Artıq bunları düşünənlər də var. Hətta, 2002-ci ildə rəhmətlik Murtuz Ələsgərov, Nizami Cəfərov və mən Fransaya getmişdik, Ermənistan parlamentinin o vaxt Artur Bağdasaryan ad-soyadlı spikeri var idi. O gənc idi və başqa partiyanı təmsil edirdi. Təxminən 1-1,5 il Ermənistan parlamentinin spikeri oldu. Murtuz müəllim onları bərk tənqid etdi, elə Nizami müəllim də, mən də çıxışlarımızda işğal faktına toxunduq. Fasiləyə çıxanda Fransa Senatının sədri Kristian Ponsele Murtuz müəllimlə Artur Bağdasaryanı görüşdürmək üçün gəldi. Murtuz müəllim ona dedi ki, siz gəlin, bu işğalçılıq siyasətindən əl çəkin, biz sizi regional iqtisadi layihələrə qoşa bilərik, yollarınız da açılar. Həmişə Azərbaycanın dəstəyi sayəsində yaşamısız, yenə də yaşaya bilərsiz. Artur Bağdasaryan bilirsinizmi, nə dedi? Dedi ki, siz bizə kömək edin, bu Qarabağ eşşəklərini hakimiyyətdən birlikdə qovaq, sonra nə desəniz, razılaşa bilərik. Yəni, artıq o dövrdə yerli ermənilər arasında belə bir fikir var idi ki, Ermənistanın bu vəziyyətə düşməsinə səbəb Qarabağda separatçılıq hərəkatını başlayan və o dalğanın üstündə Ermənistanda hakimiyyətə gələn Köçəryan-Sərkisyan qüvvələridir. Ancaq Ermənistanda hakimiyyətdə kimin olmasından, erməni hökumətinin nə düşünməsindən asılı olmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcəkdir, biz nəinki Qarabağa, İrəvana, Göyçəyə, Zəngəzura da qayıdacağıq. Mən buna inanıram. O gün uzaqda deyil.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər