Xalq şairi Səməd Vurğunun Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə əleyhinə yazdığı daha bir şeiri məlum olub.
Teleqraf.com xəbər verir ki, bu şeir şairin “Fanar” kitabında yayımlanıb. Şeir 1931-ci ildə Bakıda yazılıb.
Şeiri təqdim edirik
Torpağın
yerin
damarlarını sökən
Hər traktor köməyidir elin.
Lakin mənim el dediyim
Bu pərdəli söz
Bir az köhnə gəldi
Qulaqlarıma
Duyan bir qəlb
Görən bir göz
Deməlidir:
El bölündü
İki düşmən və barışmaz səngərə
Ağ və qızıl əsgərə
Dəqiqələri belində
Daş kimi daşıyanlar
Nəmli torpaqların alt qatında
İlan kimi yaşayanlar
Bağrını dəldi yerin
Sürətimiz
Keçsin gərək sürətini Freyzerin
"Yad ölkələrə verilməsin torpağımız bir qarış"
Bu hücum, bu yarış
Düşmən ürəklərə qan qusduracaq.
Və ölən kapitalı
Birdəfəlik susduracaq.
Cərgəmizdə yeri yoxdur
"Qəlbi sadələrin"
Bu hücum son günüdür
Rəsulzadələrin.
Qolumuz
Qırılmaq bilməyən
Polad bir naldır
Fikrimiz və yolumuz
Sinifsiz gələcəyə siqnaldır.
Qeyd edək ki, Vurğunun bu şeiri Rəsulzadənin mühacirətdə çap etdiyi "İstiqlal" qəzetində tənqid edilib.