Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) meyitlərin qaytarılması üçün Azərbaycan və Ermənistan tərəfi ilə dialoq aparır.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, meyitlərin qaytarılması üçün tərəflərin razılığı olmalıdır, BQXK neytral vasitəçiliyi həyata keçirir.
Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürüldüyü barədə məlumat yayılıb
.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə isə, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.
Avqustun 8-də səhər saatlarında Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.
İlkin ehtimala görə, K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub.
/trend/