Qlobal dünyanın çağırışlarına cavab verən, müasir təhsil sisteminin qurulması Azərbaycan dövlətinin başlıca hədəflərindəndir. Sürətli inkişaf yolunda olan Azərbaycanda təhsilin maddi-texniki bazası möhkəmləndirilir, dünyanın qabaqcıl ölkələrinin bu sahədəki təcrübələri öyrənilir və tətbiq edilir. Xalqımız hər zaman təhsilə, elmə, maariflənməyə xüsusi maraq göstərib. Bu gün hər bir azərbaycanlı ailəsi övladlarının təhsil alması, cəmiyyətə yararlı, savadlı bir şəxsiyyət kimi formalaşmasına çalışır. Əlbəttə ki, sağlam təfəkkürlü gənc nəslin yetişməsində fədakar, savadlı, təcrübəli müəllimlərin, təhsil işçilərinin rolu əvəzsizdir.
Avropa Azərbaycan Cəmiyyətinin təhsil məsələləri üzrə müşaviri, Əməkdar Müəllim, təcrübəli pedaqoq, bu yaxınlarda 70 illik yubileyini qeyd edən Asif Cahangirov AZƏRTAC-a müsahibəsində təhsil sahəsindəki 40 illik fəaliyyətindən danışıb, ölkəmizdə təhsilin inkişafı ilə bağlı görülən işləri dəyərləndirib.
- Asif müəllim, əvvəla sizi yubileyiniz münasibətilə təbrik edirik. Siz 70 illik həyat yolunun böyük bir hissəsini pedaqoji fəaliyyətlə məşğul olmusunuz. İstərdik bir az bu barədə danışasınız.
- Çox sağ olun, ilk növbədə, bu müsahibəyə görə AZƏRTAC-a minnətdarlığımı bildirirəm. Doğru qeyd etdiniz, 40 ildən çox müddətdə təhsil sahəsində çalışmışam və hazırda da elə bu istiqamətdə fəaliyyətimi davam etdirirəm. Pedaqoji fəaliyyətə 1971-1972-ci tədris ilində təyinat üzrə Xaçmaz rayonunun Yergüc kənd orta məktəbində müəllim vəzifəsindən başlamışam. 1972-1975-ci illərdə Sumqayıt şəhərinin 18 və 22 nömrəli məktəblərində müəllim, 1975-1976-cı tədris ilində isə 17 nömrəli orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişəm. Həmçinin 1972-ci ildə Azərbaycanda ilk Gənc Müəllimlər Şurasının yaradıcısı olmuşam və 5 il ona sədrlik etmişəm. Hesab edirəm ki, bu, pedaqoji fəaliyyətimin ilk uğurlarından idi. Hələ Sumqayıtda işləyərkən belə qənaətə gəldim ki, təlim-tərbiyə prosesində ən vacibi şagirdlərdə müstəqil düşünmə, təhliletmə, ümumiləşdirmə, aparıcı ideyanı müəyyənetmə və bu kimi digər bacarıq və qabiliyyətlərin formalaşdırılmasıdır. Əlbəttə ki, fənlər bu işə təkan verən əsas vasitədir. Mən kimya fənninin imkanlarını araşdırdım, dərslərimi şagirdlərin idraki qabiliyyəti, məntiqi və tənqidi təfəkkürünün inkişafı üzərində qurmağa çalışdım. O zamanlar “tənqidi təfəkkür” anlayışı yox idi, lakin sinifdaxili təcrübəm əsasında bu sahəyə xüsusi diqqət yetirirdim. Dərslərdə sağlam emosional mühitdə müxtəlif fikirlərin toqquşmasına, diskussiyaların aparılmasına imkan yaradırdım. Əlbəttə, 1970-ci illər üçün yenilik olan bu yanaşma qısa müddət ərzində öz müsbət nəticələrini göstərdi.
Sonradan bilavasitə müəllim fəaliyyətindən bir qədər uzaqlaşdım. Daha çox təhsilin idarə olunması sahəsində çalışdım. Belə ki, 1976-1980-ci illərdə Sumqayıt Şəhər Maarif Şöbəsinin müdiri, 1980-ci ilin noyabrından 1983-cü ilin aprelinədək Azərbaycan Respublikasının Maarif Nazirliyində əmək təlimi və peşəyönümü şöbəsinin müdiri, 1983-1985-ci illərdə isə nazirliyin Baş Məktəblər İdarəsinin rəisi vəzifələrində çalışmışam. 1985-ci ilin iyunundan 2005-ci ilin aprelinədək Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi olmuşam, eyni zamanda, 2001-2005-ci illərdə Azərbaycan Hökuməti və Dünya Bankı arasında imzalanmış kredit sazişi əsasında Təhsil İslahatı Layihəsi üzrə İdarəetmə (sonradan Koordinasiya) Qrupunun direktoru vəzifəsində də fəaliyyət göstərmişəm. 2005-2015-ci illərdə bank sistemində çalışsam da, əsasən təhsil sahəsi ilə əlaqəsi olan maarifləndirmə, əməkdaşların peşəkar inkişafı, fəaliyyətin motivasiyası və sair bu kimi məsələlərlə məşğul olmuşam. Hazırda Avropa Azərbaycan Cəmiyyəti ilə əməkdaşlıq edirəm, burada təhsil məsələləri üzrə müşavir kimi fəaliyyət göstərirəm.
Hesab edirəm ki, hər bir insan həyatının istənilən dövründə təhsilə, maariflənməyə açıq olmalıdır. İnsan gördüyü işdən, fəaliyyət göstərdiyi sahədən zövq almalı, öz sahəsinin peşəkarı olmağa çalışmalıdır.
Mən müstəqil Azərbaycanın “Təhsil haqqında” ilk Qanununun layihəsinin işlənib hazırlanmasında yaxından iştirak etmişəm. Xatirimdədir, o zaman dünyanın əksər qabaqcıl ölkələrinin təhsil qanunvericiliyini öyrənirdim, müxtəlif araşdırmalar aparırdım. O dövrdə öyrəndiklərim mənə gələcək fəaliyyətimdə xeyli kömək etdi. Həmçinin mən ölkənin təhsil siyasətinin müxtəlif aktual məsələləri üzrə normativ hüquqi aktların, təhsil islahatı layihələri və onları müşayiət edən sənəd və materialların, habelə 2013-cü ildə ölkə Prezidenti tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının layihəsinin hazırlanmasında yaxından iştirak etmişəm.
- Bildiyiniz kimi, son illər Azərbaycan dövləti təhsilin daha da inkişafı istiqamətində mühüm addımlar atır. Həmin sahədə kifayət qədər zəngin təcrübəyə malik şəxs kimi, ölkəmizdə bu istiqamətdə aparılan işləri necə dəyərləndirirsiniz?
- Bilirsiniz, öz gələcəyini düşünən hər bir cəmiyyət, xalq, dövlət birinci növbədə öz məktəbinə, öz təhsil sisteminə böyük diqqət yetirməlidir. Azərbaycan xalqı həmişə elmə, təhsilə, maariflənməyə həvəsli olub. Cəmiyyətdə savadlı, təhsilli insanların xüsusi çəkisi olub. Azərbaycan dövləti də təhsilin inkişafına hər zaman xüsusi diqqət ayırır.
Əlbəttə ki, Azərbaycanda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışarkən əvvəlcə xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin ölkəmizdə bu sahənin tərəqqisi istiqamətindəki əvəzsiz xidmətlərini qeyd etmək lazımdır. Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb, bilikli cəmiyyət naminə bütün imkanların səfərbər edilməsinə çalışıb. Heydər Əliyevin respublikaya rəhbərliyə gəldiyi 1969-cu ildən sonra ölkəmizdə təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və onların zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcəkdə müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da Heydər Əliyev ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət göstərib. Onun tez-tez təhsil müəssisələrimizə gəlişini, bizimlə apardığı söhbətlərini, mövcud problemlərin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqları indi də xatırlayıram.
Bəli, Azərbaycanda təhsil sisteminin müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil keyfiyyətinin artırılması istiqamətində işlər bu gün də davam etdirilir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda təhsilin keyfiyyətinin daha da artırılması dövlətin qarşısında duran ən prioritet məsələlərdən biridir. Son illər ərzində paytaxtda və bölgələrdə köhnə məktəb binalarının müasirləşdirilməsi, yeni məktəblərin inşası sahəsində aparılan işlər çox yüksək dəyərləndirilməlidir. Azərbaycanda məktəb tikintisinə, məktəbəqədər təhsilin inkişafına Heydər Əliyev Fondunun verdiyi töhfələri də xüsusi qeyd etmək istərdim. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin başlanması bu işlərə böyük təkan verir.
-Özünüzün də qeyd etdiyiniz kimi, dünyanın əksər qabaqcıl ölkələrinin təhsil təcrübələrini öyrənmisiniz. Sizcə, Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün nə kimi yeniliklərin tətbiqi önəmli olardı?
- Bəli, son illər Azərbaycanın təhsil sistemində müəyyən islahatlar aparılır, yeniliklər tətbiq olunur. Bununla yanaşı, dövlətimizin təhsil strategiyasının dolğun həyata keçirilməsi üçün biz daha çox iş görməliyik. Strategiyaya uyğun olaraq, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin qurulması, 12 illik məktəb təhsilinin təşkili ən mühüm prioritetlərimiz olmalıdır. Ümumi təhsil sistemində ölkəmizin inkişaf strategiyasına əsaslanan, habelə şagirdlərin meyil, maraq və qabiliyyətlərini nəzərə alan yeni təhsil proqramlarının hazırlanması da çox vacibdir. Çalışmalıyıq ki, uşaq və gənclərimiz cəmiyyətdə öz yerlərini və rollarını dəqiq anlasınlar.
Hər bir şagirdin tədris-təlim prosesinin bərabərhüquqlu subyekti kimi qəbul edilməsinə diqqət artırılmalıdır. Biz elə düşünürük ki, şagird müəllim üçün bir növ “xəmir”dir, onu necə istəsə yoğura bilər. Əslində isə belə deyil, məktəbə gələn uşaq sanki formalaşmamış bir sütundur, müəllim isə ona yalnız müəyyən naxışlar vura bilər. Yəni, şagirdi “xəmir” kimi hər hansı formaya salmaq mümkün deyil. Məktəbə gələn uşaq artıq şəxsiyyətdir. Şagird şəxsiyyəti təhsil prosesinin mərkəzində dayanmalıdır. Digər tərəfdən, şagirdin meyil və marağını öyrənib müəyyənləşdirmək, tədris-təlim prosesində bunların inkişafına nail olmaq çox vacibdir.
Daim müasirləşən ölkəmiz üçün yeni nəsil müasir müəllimlərin hazırlanması da çox mühüm prioritetlərdən biridir. Sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə bir sıra işlər görülməkdədir.
Əlbəttə, təhsil sahəsində yeniliklərin müsbət nəticələrinin şahidi olmaq üçün müəyyən dövr keçməlidir. İnanıram ki, yaxın gələcəkdə biz bu müsbət dəyişiklərin şahidi olacağıq.
- Maraqlı və məzmunlu müsahibəyə görə sağ olun. Bir daha 70 illik yubileyiniz münasibətilə sizi təbrik edir, uzun ömür və cansağlığı diləyirik.
–Sağ olun.