Avstraliyada yaşayan azərbaycanlılar adından Qarabağdakı gərginliyə görə Azərbaycanı günahlandıran və ölkəmizə qarşı sanksiyalar tələb edən Yeni Cənubi Uels Ştatının parlament üzvü Amanda Fazioya açıq məktub ünvanlanıb.
Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətindən Teleqraf.com-a verilən məlumata görə, cəmiyyətin sədri İmadəddin Qasımovun məktubunda A.Fazionun həqiqətlərə uyğun olmayan açıqlamasından məyusluq ifadə olunub.
İ. Qasımov məktubunda xatırladıb ki, xanım Fazionun iddiaları beynəlxalq təşkilatların da mövqeyi ilə ziddiyyət təşkil edir: “Azərbaycanın ərazi bütövlüyü BMT, Avropa Şurası, Avropa Parlamenti, ATƏT və bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən tanınır. Avstraliya da Azərbaycanın ərazi bütövlüyünü tanımış dövlətlər arasındadır. Sizin mövqeyiniz və səsləndirdiyiniz fikirlər reallığı əks etdirmir. Azərbaycanın əraziləri Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır və Azərbaycan hazırda öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməyə çalışır. 1994-cü ildən bəri Qarabağda atəşkəs hökm sürür və Azərbaycan münaqişənin həllində vasitəçiliyi ATƏT Minsk Qrupuna etibar edib. Ukraynadakı hadisələrdən həvəslənən erməni işğalçıları isə son günlər atəşkəsi pozmağa və Azərbaycana qarşı həqiqətə uyğun olmayan iddialar irəli sürməyə çalışırlar. Sizin də rəsmi Bakının icazəsi olmadan Qarabağa səfər edən şəxslər arasında olmağınız bizi məyus edir və nəzərinizə çatdırmaq istəyirik ki, bu, beynəlxalq hüquqa hörmətsizlikdir”.
Qeyd edək ki, Avstraliyanın Yeni Cənubi Uels Ştatının parlamenti 2012-ci ildə uydurma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanıyıb.