Ötən illərdə müşahidə olunan taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, bir çox torpaq mülkiyyətçisi və fermer sahələrin yandırılmasının torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdirlər. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə və meşə mühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri əhatə edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai biçindən sonra kövşənliyi yandırmasının zərərli olduğu barədə danışarkən deyib.
Onun sözlərinə görə, əksər fermerlər taxıl biçinini başa vurduqdan sonra yerdə qalan samanı yandırmaqla torpağın münbitliyinin artacağını, alaqlara və zərərvericilərə qarşı mübarizənin səmərəli olacağını güman edirlər: “Halbuki kökündən yanılırlar. Əksər kənd təsərrüfatı məhsul istehsalçıları yaşadığımız XXI əsrdə belə, əlavə xərclərin və vaxt itkisinin qarşısını almaq düşüncəsi ilə köhnə üsullarla, “dədə-baba” qaydasında sahələrə od vururlar.
Yanğın öz növbəsində ekoloji problemlərə gətirib çıxarır. Azərbaycanda kənd təsərrüfatı məhsul istehsalçıları bitki qalıqları haqqında “gərəksizdir”, “səmərəsizdir” və hətta “ziyanlıdır” kimi yanlış təsəvvürlərə malikdir. Samanın və eləcə də digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, eləcə də pulların havayı sovrulması deməkdir. Sözün hərfi mənasında, bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir”.
Cavanşir Təlai qeyd edib ki, torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir: “Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır. Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, 1 ton buğda samanında dəyəri 12 manatdan 35 manata qədər olan qida maddələri vardır. Deməli, samanı yandırmayıb, torpaqda saxlamaq iqtisadi baxımdan fermer üçün daha sərfəlidir. Samanın yandırılması qida maddəsi ilə yanaşı, qiymətli torpaq biosenozunu da məhv edir”.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru qeyd edib ki, biçindən sonra əkin sahələrini yandıran fermerlər bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar: “Ötən il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər. Biz fermerlərə tövsiyə edirik ki, taxıl sahələrindən samanı yandırmadan çıxarın, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib, şum və digər torpaq becərmə əməliyyatları aparın”.