Azərbaycanın bir müddət əvvəl ABŞ-ın Əfqanıstandan çıxardığı “Cougar” və HMMWV (Yüksək Hərəkət Qabiliyyətli Çoxtəyinatlı Nəqliyyat Vasitəsi) hərbi nəqliyyat vasitələrinin alınması ilə bağlı müraciətinə ABŞ tərəfindən mənfi cavab verilib.
Adıçəkilən nəqliyyat vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılan sülhməramlı briqadasının inventarına daxil ediləcəyi gözlənilsə də, ABŞ tərəfi bu maşınları Azərbaycana satmaqdan imtina edib. Qarşı tərəf bu addımı münaqişəli ölkələrə silah və hərbi texnika satışına rəsmi Vaşinqtonun embarqosu ilə əlaqələndirib.
Qeyd edək ki, bir il öncə ABŞ-ın Əfqanıstandan çıxardığı qoşunlarının inventarında yer alan hərbi texnikanın böyük qisminin satışa çıxarılacağı və satış zamanı sülhyaratma əməliyyatlarında aktiv iştirak edən dövlətlərə önəm veriləcəyi açıqlanmışdı.
Azərbaycan tərəfi sülhyaratma əməliyyatları üçün nəzərdə tutulan briqadanı yerli istehsal olan “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri və Türkiyə istehsalı olan “Cobra” zirehli maşınları ilə təchiz edəcək.
Məlumat üçün bildirək ki, münaqişələri əsas gətirib münaqişəli ölkələrə silah və hərbi texnika satmayan ABŞ son illərdə Gürcüstana 10-dan artıq “Cougar” və 100-ə yaxın HMMWV tipli maşın bağışlayıb.
/APA/