23 Avqust 2018 00:18
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikamızda ordu quruculuğu prosesinin başlı-başına buraxılması, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düçar edib.

Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına işğalçı Ermənistan öz məkrli planlarını həyata keçirib. 1993-cü il avqustun 23-də Cəbrayılı və Füzulini ələ keçirən ermənilər işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar. BMT Təhlükəsizlik Şurası işğal edilən Füzuli, Cəbrayıl, Qubadlı və digər rayonlardan erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etsə də, bu qətnamə də digərləri kimi icra edilməyib, kağız üzərində qalıb.

Naxçıvan memarlıq məktəbinin inciləri ilə zəngin olan yurd yeri: Füzuli

1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyuldu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin salındı. Qeyd edək ki, 1386 kvadratkilometr ərazisi olan rayonun əhalisi işğala qədər 105 min nəfərdən çox idi.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək ərazini əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Əsası 1827-ci ildə qoyulan, ilkin adı Qarabulaq olan rayon böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılmışdı. Ərazisindəki Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə müxtəlif dövrlərdə aparılan tədqiqatlar nəticəsində Azərbaycan xalqının qədim tarixi köklərə sahib olduğu sübut edilmişdi. 1968-ci ildə aşkar olunmuş Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdı. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə rayon ərazisində vaxtilə qədim Paleolit dövrünün mövcudluğunu təsdiqləməkdədir.

Rayon qədim Naxçıvan memarlıq məktəbinin inciləri ilə də zəngindir. Belə ki, burada Əcəmi məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, tarixi əhəmiyyət daşıyan həmin abidələrimiz erməni vandalizminə məruz qaldı, məhv edildi, yandırıldı. İşğalçı ermənilər bu yolla Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışıblar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin daha bir sübutudur.

Füzuli mərdliyi, igidliyi ilə seçilən Vətən oğullarının diyarıdır. Bu qədim yurd yerimiz Qarabağ müharibəsində ən çox itki və şəhid verən məkandır. Belə ki, döyüşlərdə 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli xəsarət alıb. 1988-ci ildən başlayan erməni təcavüzü nəticəsində 36 min 361 uşaq zərər çəkib, onlardan 155-i atasız-anasız qalıb.

Türk dünyasının böyük oğlu, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra milli ordu quruculuğu prosesinə start verilməsi, nizami ordumuzun yaradılması Füzuli istiqamətində də uğurlu hərbi əməliyyatlara yol açdı. Dahi şəxsiyyətin 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa müraciətindən sonra ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı və Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi.

Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Həmin ərazidə hər cür infrastruktura malik 12 yeni qəsəbə salınıb, məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Bu qəsəbələrdə 51 min məcburi köçkün məskunlaşıb.

Ordumuzun Cəbrayıl istiqamətində zəfər yürüşü

Digər qədim Azərbaycan torpağı olan Cəbrayıl rayonunun ərazisi 1050 kvadratkilometr, əhalisi 60 min nəfərə yaxın idi. -Hazırda rayonun, demək olar ki, bütün ərazisi işğal altındadır. Hələlik 90 kənddən yalnız birini – Cocuq Mərcanlını azad etmək mümkün olub.

Rayonda respublika və yerli əhəmiyyətli 120-dək tarixi-memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus və əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 246 cəbrayıllı şəhid olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfəri ömürlük əlil edilib. Qəhrəmancasına həlak olan 6 rayon sakini “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Hazırda cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonunda 2000-dək yaşayış məntəqəsində məskunlaşıb.

Son illər Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından biri məhz Cəbrayıl rayonu istiqamətində olub. 2016-cı ilin aprel döyüşlərində Silahlı Qüvvələrimizin düşmən üzərində qazandığı parlaq qələbə hər bir azərbaycanlıda fəxarət hissi yaratdı. Həmin döyüşlərdə ordumuz öz gücünün kiçik bir hissəsindən istifadə etməklə düşməni yerində oturtdu və onlara məğlubiyyətin acısını daddırdı. Belə ki, 2016-cı il aprelin 2-də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə Lələtəpə yüksəkliyi, o cümlədən ətraf ərazilər işğalçılardan təmizləndi.

İşğaldan azad etdiyimiz bu ərazilər mühüm hərbi-strateji əhəmiyyətə malikdir. Belə ki, Lələtəpə Füzuli və Cəbrayıl rayonlarını nəzarətdə saxlamağa imkan verən strateji yüksəklikdir. Buradan ətraf ərazilər, necə deyərlər, ovuc içi kimi görünür. Erməni hərbçiləri bu yüksəkliyin verdiyi imkanlardan istifadə edərək ötən illər ərzində Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərini, demək olar ki, daim atəş altında saxlayıblar. Bu illər ərzində erməni gülləsindən ölənlər, yaralanan dinc sakinlər az olmayıb. Ancaq onlar bir addım da olsun, geri çəkilməyiblər. Əksinə, kəndlər bir az da böyüyüb, yeni fərdi və ictimai binalar tikilib.

Bu məqamı da xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ilin yanvar ayında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyində Ermənistan ordusunun mövqe tutması kəndin ərazisini faktiki olaraq təhlükə altında saxlayırdı. Yüksəkliyin azad edilməsi ermənilərin kəndə, oradakı mövqelərimizə yaratdığı təhlükəni aradan qaldırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamından sonra həmin yaşayış məntəqəsi abadlaşıb, gözəlləşib. Artıq kənd sakinləri öz doğma yurd-yuvalarına qayıdıblar. Onların rahat yaşayışı üçün bütün tədbirlər ən yüksək səviyyədə görülüb. Bu, əslində, Azərbaycanda Böyük Qayıdış Proqramının başlanğıcıdır. Cocuq Mərcanlı kəndinin bərpası həm də işğalçı Ermənistana xəbərdarlıqdır. Yəni bu, o deməkdir ki, dövlətimiz təcavüzkar ölkənin işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq, torpaqlarının azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcək. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun may ayında dövlət sərhədi boyunca 26 kilometr məsafəni əhatə edən əməliyyatı nəticəsində 7 kilometrədək dərinlikdə mühüm əhəmiyyətə malik hakim yüksəklikləri ələ keçirməsi, Şərur rayonunun işğal altındakı Günnüt kəndini azad etməsi bunu bir daha təsdiqləyir

\Azərtac\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər