29 Avqust 2018 14:20
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaranmasını Azərbaycan televiziya və radio tarixində çox mühüm hadisə hesab edirəm. Hazırda İctimai Televiziya mühüm mərhələdədir. Tezliklə bu mərhələnin nəticələrini yaxşı mənada görəcəyimizi arzulayıram.

Bu sözləri Teleqraf.com-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov İctimai Televiziyanın yayıma başlamasının 13-cü ildönümü barədə danışarkən deyib.

O bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti adından göründüyü kimi ictimai fikrin müxtəlif yönlərini ifadə edir, Azərbaycan toplumunun ayrı-ayrı təbəqələrinin mövqeyini efirə və səhnəyə gətirir: “Düşünürəm ki, digər televiziyalarla müqayisədə İTV-nin üzərinə çox böyük vəzifələr düşür və telekanal ötən müddətdə bu vəzifələrin yerinə yetirilməsi istiqamətində müsbət işlərə imza atıb”.

Muxtar İmanov qeyd edib ki, milli-mənəvi dəyərlərin təbliği, mədəniyyətimiz və dilimizin tarixi, ictimai həyatımızla bağlı tarixi və müasir aspektdə verilişlərin hazırlanması İTV-nin xidmətləri sırasındadır: “İctimai Televiziya nəinki ictimai fikrin ayrı-ayrı yönlərini əks etdirməlidir, onun ən mühüm vəzifələrindən biri ictimai fikri Azərbaycançılıq, dövlətçilik, xalqın maraqları naminə yönləndirməkdir. Yəni həm ictimai fikri əks etdirməli, həm də gücü çatdığı qədər ictimai fikrə öz təsirini göstərməlidir.

Ötən 13 il ərzində İTV böyük xidmət göstərib. Bu münasibətlə telekanalın rəhbərliyini və sıravi əməkdaşları ürəkdən təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram”.

Yayım Şurasının sədri İctimai Televiziyanın yeni baş direktoru Balakişi Qasımovun da fəaliyyətini dəyərləndirib: “Balakişi Qasımovun fəaliyyətində müşahidə etdiyim ən müsbət cəhətlərdən biri ondan ibarətdir ki, çox böyük cəsarətlə islahatlara başlayıb. Birinci növbədə kadrların səviyyəsi və fəaliyyətinə yenidən baxılması istiqamətində cəsarətli addım atmaqdadır.

Balakişi Qasımov rəhbərliyə gələndən sonra verilişlərdə xeyli dəyişiklik var. O, dərhal işlərin beynəlxalq standartlara uyğun qurulmasına çalışdı. Rəhbərliyə təklif edib gətirdiyi və Yayım Şurasında təsdiq olunan kadrlar fəaliyyətləri ilə öz sahəsinin səriştəli insanları olduqlarını göstərdilər.

Onlar Azərbaycan televiziyasının ayrı-ayrı istiqamətində gördüyü işlərlə tanınmış simalardır, öz sahələrinin professionalı olmaqla yanaşı, Azərbaycançılıq, milli-mənəvi dəyərlərin qorunması istiqamətində iş görən insanlardır. Yayım Şurası təmkinlə şərait yaratmalıdır ki, yeni rəhbərlik özünün islahat işlərini uğurla aparsın, onun nəticələrini həm İctimai Radionun, həm də Televiziyanın fəaliyyətində hiss edək. Sadəcə olaraq onlara dəstək verib təmiz niyyətlə milli-mənəvi amallar ucalığından atdığı addımları dəstəkləməliyik”.

Muxtar İmanov vurğulayıb ki, Yayım Şurasının İTV rəhbərliyinin fəaliyyəti ilə bağlı müzakirə etdiyi ən mühüm məqamlardan birincisi yaradıcılıq məsələləri ilə bağlıdır: “Müxtəlif departamentlərdə hazırlanan verilişlərin səviyyəsi barədə müzakirələr aparmaq Yayım Şurasının bir nömrəli vəzifəsidir. Aparılan islahatların əsas məqsədi ondan ibarətdir ki, kadr dəyişiklikləri verilişlərin istiqamətində müsbət mənada öz təsirini göstərə bilsin. Bu sahədə yeni rəhbərliyə uğurlar arzulayıram”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər