Teleqraf.com-un suallarını şair Şəhriyar Del Gerani cavablandırıb:
- Son günlər Urmiya gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən “Səni deyirlər” mahnısının sözlərinin sizə məxsus olduğunu iddia edirsiniz. Şeirin mahnıya çevrildiyini, populyarlaşdığını bilirdinizmi?
- Sosial medianı izləməkdən çoxdan uzağam. Bu mahnı təsadüfən bu gün rastıma çıxdı. Xatırladım ki, çoxdan belə bir şeir-fason cızma-qara yazmışdım. Biz – şair dostum Fərid Hüseyn və mən o məşum və məşhur olaydan sonra Təbriz həbsxanasında olan vaxtı Urmiya gölünün qurudulması söhbətləri gündəmdəydi. 2012-ci ilin yazında Mərkəzi Təbriz həbsxanasında yüzlərlə aktivist vardı. Bu musiqiyə dustaqlar da qulaq asırdılar.
Mən də yəqin məzə üçün cənublu soydaşlarımızın ləhcəsində musiqinin üstündə belə bir şey yazmışdım. Mahnının məşhur olması isə mətnin deyil, “diringi rakido-çiko”nun kütlənin sümüyünə düşməsinə görədir. Düzü, heç mətndə də ciddi bir poeziya faktı yoxdur.
- Mətndə ciddi poeziya faktı olmadığına görəmi indiyədək onu çap etdirməmisiniz?
- Mənim çap etdirmədiyim 5 minə yaxın şeirim var. Özümə qarşı olduğum qədər heç bir müəllifə qəddar deyiləm.
- Urmiya mövzusu tez-tez gündəmə gəlir. Niyə indiyədək bu şeir barədə heç danışmamısınız?
- Mənim üçün maraqlı deyil. Heç vaxt da maraqlı olmayıb, heç məktəbli vaxtlarımda da... Şimal-cənub mövzusunda yazılan şeirləri qəsdən öyrənmirdim, həmin dərslərdən “2” alırdım. Bizim əslimiz Cənubdandır, babam şeyx olub, ziyalı ailəsində böyümüşəm, yəni məsələnin realist mahiyyəti mənə beşikdən aydındır.
O səbəbdən bu kimi pafoslar məndə həmişə ikrah doğurub. Hər zaman ironiya etmişəm.
- Sizinlə Təbriz məhbəsində olmuş dostunuz Fərid Hüseyn deyir ki, həbsxanada yazdığınız bir çox şeirinizi ona oxumuşunuz, amma “Səni deyirlər” motivli şeiri xatırlamır. Bu şeiri ona oxumuşdunuz?
- Mənim Fəridə oxumadığım 5000-ə yaxın şeirim var.
- Mahnının ifaçısı İbrahim Əlizadə isə şeirin Cənubi Azərbaycanın tanınmış aşığı Mahmudi Sulduza məxsus olduğunu söyləyir...
- Dediyim kimi, mənim babam şeyx olub - Şeyx Abasqulu axund. 25 il Nəcəfdə təhsil alıb. İranda babamı yaxşı tanıyırlar. Aşıq Mahmudi kimi onlarla tələbəsi olub şeyxin.
Yeri gəlmişkən, aşıq Mahmudi də imanlı adam olub, ruhu şad olsun. Bizim İmişlidə də bir neçə dəfə qonağımız olub. Mən indiyədək heç kimin haqqına girməmişəm. O ki qaldı bir haqq aşığının... Rədiflər, nəqəratlar bənzər ola bilər.
Dediyim kimi, mən o mahnı sözlərini şeir adına yazmamışam, cənublu dustaq yoldaşlarım üçün öz ləhcələrində belə deyək, dilxoşluq üçün yazmışdım. Belədə görürəm İbrahim qardaşımız toyxanaya sonsuz meyllidir. Elə buradan söz verirəm ki, sağlıq olsun, onu öz toyuma dəvət edəcəm, birbaşa Kiyevə, gəlsin yaralı Dnepr üçün də bir iki belə duzlu-məzəli söz-söhbət açsın.
Dnepr də yaralıdır axı. 5-6 nəfər adam boğulub Arazda, “Yaralı Araz” deyə adlandırıblar. 1943-də bir gecədə 70 min insan qırılıb Dneprdə...
- Yeri gəlmişkən artıq kəpslərinizi yaradıblar....
- Əladır, xoşuma gəldi. Təki hər zaman gündəm belə ciddi mövzular olsun.