Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva qızı Zəhra ilə birgə ilk dəfə efirdə qonaq olub.
Teleqraf.com-un məlumatına görə, “Bizimləsən” verilişinə qonaq olan aktrisa vəziyyətinin hər keçən gün pisləşdiyini deyib: “Hər gün gecə yatmazdan əvvəl Zəhranın saçını öpürəm ki, birdən səhərə ayılmaram. Düşünürəm ki, gözümü yumaram, səhər dünyadan köçərəm, Zəhramı görmərəm. Səhər onu görəndə deyirəm ki, şükür Allaha, sağam. “Həyat məni çox yordu, yükləndim. Ailədə, işdə yükləndim. Fərda deyir ki, Allah sənə dərd göndərməyib. Mesaj göndərib ki, bəsdir, istirahət et. Bir il çalışmayacam, dincələcəm. Bir həftə xəstəxanada qaldım, çıxan kimi işə getdim. 11 dəfə əməliyyat olundum, 10 gün dincəlmədim. Qarnımda alətlər, milli paltarı geyinib, məclisə aş verirdim. Bir də baxırdım gəlinin yanı sudur. Ətəyimi fırlayıb o biri işə keçirdim. Heç vaxt xoş gündə dincəlmədim. Çox işlədim...”
T.Əliyeva verilişə qatıldığı üçün onu qınayanların da olduğunu deyib: “Məni qınadılar ki, niyə verilişə gəldin, kömək istədin, xınalardan qazanırsan. Mənim pulum olsaydı, evimi nəğd pulla alardım. Hərdən ayaqlarım gedir, yıxılıram, idarə edə bilmirəm. "Qız atası" serialına çəkilirəm, ona görə yox ki, unudularam. İnsanlardan təcrid olsam, ölüb gedərəm”.
Xatırladaq ki, “Bizimləsən” verilişi əməkdar artist Tünzalə Əliyevaya yardım üçün xeyriyyə marafonuna başlayıb. Xalq artisti Mələkxanım Əyyubova, əməkdar artist Dilarə Əliyeva, aparıcı Mətanət Əliverdiyeva və bir çox tanınmış proqramda aktrisaya yardım edib.