Bu gün mən həyatımda bəlkə də ilk dəfə bu qədər qarışıq hisslər yaşadım. Bu hiss qarışıqlığının içində ən əsas dominant duyğu sevinc və sevgidən irəli gəlirdi. Bu gün Bakı Kitab Mərkəzinin qonaqları görmə əngəlli uşaqlar idi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva deyib.
Onun fikrincə, dünyada bütün balalar gözəl və səmimidirlər, amma görmə məhdudiyyətli uşaqlarda diqqətə, qayğıya və sevgiyə ehtiyac tamamilə başqa səviyyədədir: “Onlara sadəcə sizin yanınızda olub, əlinizin hərarətini duymaq, xoş sözünüzü eşitmək, sinənizə sarılıb yaxınlığınızı hiss etmək kifayətdir”.
Sosial şəbəkədə fotoşəkil paylaşan Günel Anarqızının Hüseyn adlı uşağın kitabı əlləri ilə oxuduğunu qeyd edib:
“O, heç nə görmür. Oxuduğu zaman hər şeyi unudur, sadəcə gözləri qarşısında canlandırdığı aləmə dalır. Bu aləmdə anasını görür və gülümsəyir: “Bu nə gözəl kitabdır, - deyir - olar mən onu özümlə götürüm?...” Kitabı Hüseynə hədiyyə etdik. Gedəndə təşəkkürünü bildirdi”.