21 Avqust 2014 13:36
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurası (MŞ) sentyabr ayından başlayaraq internet media təmsilçiləri üçün təlimlər keçəcək, onların iştirakı ilə konfranslar və tədbirlər təşkil edəcək.

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov qeyd edib ki, hazırda Azərbaycanda ictimai fikrin formalaşmasında rol oynayan KİV-lərin sırasında internet media da mühüm yer tutur: "Çünki Azərbaycan əhalisinin 70 faizdən çoxu internetdən istifadə edir, 1,5 milyondan çox insan sosial şəbəkələrdə fikir mübadiləsi aparır, 30 mindən çox bloqer fəaliyyəti göstərir. Yəni Azərbaycan insanı heç bir maneə olmadan öz fikrini, öz ideyasını internet vasitəsilə bölüşə bilir".

O ki qaldı məsuliyyət məsələsinə, Ə.Amaşov bildirib ki, təcrübə göstərir ki, internet media jurnalistləri yazılı mediaya, elektron KİV-lərə nisbətən hadisələrə daha yüngül yanaşır, hadisələrin məğzinə getməkdə çətinlik çəkir, bəzi məqamlarda isə getmək istəmir, əldə etdiyi materialları müzakirə etmədən, dəqiqləşdirmədən xəbər kimi yayırlar: "Lakin bu xəbərin nə dərəcədə faktlara söykənməsi, belə bir hadisənin doğrudan da baş verib-verməməsi onlar üçün ikinci plana keçir. Bu da cəmiyyətdə yanlış əhvali-ruhiyyə yaradır".

MŞ sədri deyib ki, cəbhə xəttində son gərginlik zamanı internet media qurumlarının davranışı bu məsələləri yenidən nəzərdən keçirməyə zərurət yaratdı: "Münaqişə zonasında hadisələr gərginləşən zaman mövcud olan xəbər portalları ilə yanaşı, çoxsaylı xəbər portalları da meydana çıxdı və onlar hadisələrlə bağlı cəmiyyətə kifayət qədər yanlış məlumatlar ötürdü. Azərbaycanda daha əvvəllər yaranmış xəbər portalları var, onlar öz üzərində işləyirlər, çalışırlar ki, cəmiyyətə obyektiv, düzgün məlumat versinlər. Ancaq çox təəssüf ki, etibarlı mənbələrə, faktlara söykənməyən, məsuliyyətsiz xəbər portalları yarandıqca mövcud olan müsbət yönümlü portalların da fəaliyyətinə sanki bir ləkə gətirir".

Ə.Amaşovun sözlərinə görə, bunlar bir daha göstərir ki, bu sahədə nələrinsə edilməsinə ehtiyac var. Onun sözlərinə görə, Mətbuat Şurası bu məsələləri mütəmadi olaraq nəzarətdə saxladı, bir neçə dəfə müraciət etdi, xəbər portallarının monitorinqini keçirdi, onların mənfi və müsbət cəhətlərini ümumiləşdirdi.

Şura sədri hesab edir ki, bu cür hadisələrin baş verməsinin bir səbəbi də internet media jurnalistlərinin Azərbaycan qanunvericiliyi ilə tanış olmamasıdır: "Digər səbəb isə qeyri-ixtisaslı və qeyri-peşəkar jurnalistlərin olmasıdır. Bu ildən etibarən Mətbuat Şurasının təşəbbüsü və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dəstəyi ilə jurnalistika fakültəsinə qəbul üzrə qabiliyyət imtahanları tətbiq olunur və Mətbuat Şurasının üzvləri də bu prosesdə iştirak etdi. İnanırıq ki, əgər jurnalistika fakültəsində bu sənəti sevən, bu sənətin sirlərini həvəslə öyrənən insanlar olsa, Azərbaycan jurnalistikasında da bu cür problemlər tədricən aradan qaldırılacaq".

/trend/


Müəllif:

Oxşar xəbərlər