İsrailin aparıcı KİV-lərinin – “The Jerusalem Post” və “Maariv” qəzetlərinin jurnalist qrupu, habelə “KAN” ictimai televiziya kanalının əməkdaşı Uriya Elkayam Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında olublar və Bakıda, Quba və Oğuz rayonlarında yəhudi icmalarına baş çəkiblər.
Teleqraf.com-un məlumatına görə, bu günlərdə “KAN” televiziya kanalının “Praym-taym” bayram xəbərlərində göstərilən “Biz çox bənzərik: Azərbaycanda yəhudilər və müsəlmanlar arasında qeyri-adi və orijinal dostluq” adlı reportajda jurnalist Uriya Elkayam multikulturalizm və Azərbaycan cəmiyyətinin tolerantlığı mövzularından ətraflı bəhs edib. Jurnalist Azərbaycanda yəhudi icmasının vəziyyətindən, həm Azərbaycan xalqının, həm də respublika rəhbərliyinin ölkədəki milli azlıqlara səmimi və qayğıkeş münasibətindən söz açıb.
“Biz bu gün təxminən 5 mindən çox dağ yəhudisinin yığcam yaşadığı məşhur Qırmızı Qəsəbəyə gəldik. Gəlişimiz bu qəsəbənin hörmətli sakininin yas mərasiminin keçirildiyi kədərli günə təsadüf etmişdi və insanlar yəhudi qəbiristanlığında idilər. Mərhumun xatirəsini yad etmək üçün tərəddüdsüz oraya yollandıq və burada dünyanın hər hansı digər ölkəsində rast gəlinməyən çox maraqlı faktla qarşılaşdıq. Yəhudi qəbiristanlığına mərhumla vidalaşmaq və öz yəhudi qardaşının xatirəsini yad etmək üçün yəhudilərlə yanaşı, azərbaycanlılar da gəlmişdi”, – deyə reportajda vurğulanır.
Qəsəbənin ağsaqqalı Boris Samanduyev deyib:
“Biz azərbaycanlı qardaşlarımıza böyük hörmət və ehtiramla yanaşırıq. Bu gün siz də şahid oldunuz ki, biz burada azərbaycanlılarla sevincli və kədərli günlərdə birlikdəyik”.
İsrailli jurnalist Uriya Elkayam Quba şəhərindəki məscidin imamı, axund Hacı Naiblə görüşüb. Axund bildirib ki, Azərbaycan Respublikasında yəhudilər, müsəlmanlar və xristianlar tam harmoniya şəraitində yaşayırlar:
“Hörmət, səmimilik və tolerantlıq xalqımızın həyat tərzidir və Azərbaycan rəhbərliyinin siyasətidir. Bu gün Azərbaycan bütün dünya ictimaiyyəti üçün tolerantlıq və multikulturalizm nümunəsidir. Azərbaycanlılara tarixən xas olan multikulturalizm və tolerantlıq günümüzdə milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq hər bir azərbaycanlının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib”.
İsrail-Azərbaycan münasibətləri üzrə ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut deyib:
“Yəhudilər qədim zamanlardan Azərbaycanda məskunlaşıblar. Bu torpaqlarda onlar heç vaxt azərbaycanlılar tərəfindən antisemitizm və nifrətlə qarşılaşmayıblar. Onlar heç vaxt Azərbaycanda özlərini yad, yaxud əcnəbi kimi hiss etməyiblər. Qürur hissi ilə söyləmək olar ki, Avropanın bir çox ölkələrindən və xalqlarından fərqli olaraq, azərbaycanlılarla yəhudilər arasında heç zaman bir-birinə xəyanət halları olmayıb. Dost dar gündə tanınar – İkinci Dünya müharibəsi illərində yəhudilər üçün ikinci vətən, faşizmdən qurtulmaqda sığınacaq olmuş Azərbaycanda onlar məhz bu cür münasibət görüblər. Dəhşətli Holokost illərində azərbaycanlılar təqibə məruz qalan və dünyanın hər yerindən qovulan yəhudilərə qucaq açdılar. Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və anlaşma şəraitində yaşayıblar, ölkələrimiz arasında bu dostluq və qardaşlıq əlaqələri bu gün də davam edir. Azərbaycan, bir çoxlarının dediyi kimi, gözəl ölkədir – Qafqazın İtaliyasıdır. Bu ölkəyə gələn hər kəs bunun şahidi olur”.
Süjetdə israilli müxbir 200-dən çox yəhudi uşağı xilas edən azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqovla görüşündən bəhs edir, onun çoxlu maraqlı faktlar danışdığını bildirir. “Sovet hərbi kəşfiyyatçısı Həmzə Sadıqov xüsusi qəddarlığı ilə fərqlənən və yəhudiləri şəxsən məhv edən Hitlerin yaxın silahdaşı general İohann fon Roddenburqu Stalinqrad yaxınlığında əsir götürür. İnsan cildində vəhşi heyvan olan və yəhudi uşaqların üzərində təcrübələr aparan bu generalı Hitlerin “bioloji bombası”nın atası adlandırırdılar. Həmin Roddenburq öz qərargahının yaxınlığında onlarla əsir yəhudi ailəsinin saxlanıldığı xüsusi “Ölüm sarayı” yaratmışdı. Məhz Firdovsinin atası – azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıqov yəhudi uşaqların əsl xilaskarı oldu. Onun cəsarəti və igidliyi sayəsində onlarla yəhudi ailəsi labüd ölümdən qurtardı. Həmzə Sadıqov bu igidliyi və qəhrəmanlığı ilə ona minnətdar olan yəhudi nəsillərinin qəlbində rəşadət və ölümsüzlük abidəsi ucaldıb. Yəhudi uşaqlarını xilas edən əfsanəvi azərbaycanlı kəşfiyyatçının oğlu ilə görüşdə məlum oldu ki, bu müharibə qəhrəmanının həyatı indiyədək geniş araşdırılmayıb və unudulub. Səbəb isə Azərbaycan xalqının xarakterində olan keyfiyyətlə – etdiyi yaxşılıqlar haqqında danışmaq istəməməsi ilə bağlıdır. Hətta xalq arasında deyim də var: “Əgər etdiyin yaxşılıqdan danışırsansa, onda sən heç nə etməmisən”.
Televiziya süjetinin müəllifi qeyd edir ki, Firdovsi Sadıqov 20 ildən artıqdır atasının rəşadəti və igidliyinin tanınması üçün lazım olan materialları toplayır. Firdovsi 200-dən çox yəhudi uşağın xilaskarı olmuş atasının xatirəsinə həsr etdiyi stendi göstərdi. “O, sovet kəşfiyyatının polkovniki olub və Stalinqrad uğrunda döyüşlərdə iştirak edib. Vəfatından əvvəl atam mənə dedi ki, vaxt gələcək yəhudi xalqının nümayəndələri səni axtarıb tapacaq. Hiss edirəm ki, həmin vaxt gəlib. Biz çox inanırıq ki, atama yəhudi xalqı qarşısında xidmətlərinə və igidliyinə görə İsrailin fəlakətlər və qəhrəmanlıq milliMemorialı (Holokost) və “Yad Va-Şem” Qəhrəmanlığı İnstitutunun fəxri adı veriləcək”, – deyə Firdovsi Sadıqov qeyd edir.
Verilişə yekun vuran israilli jurnalist Uriya Elkayam Azərbaycanda gördükləri və eşitdiklərinin təəssüratı altında deyib: “Əziz israillilər, Azərbaycan böyük sevinclə sizi gözləyir, gəlin və bu möhtəşəm, çox gözəl ölkədən zövq alın!”.