13 Oktyabr 2018 22:18
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Frankofoniya Təşkilatının yaradılmasında əsas hədəf Fransanın keçmiş və hazırda mövcud olan müstəmləkələrində “mədəni” nəzarətini qoruyub saxlamaqdan ibarət olub. Fransa bu təşkilata bu gün də eyni kontekstdən yanaşır.

Bunu Teleqraf.com-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu gün dünyanın ən demokratik ölkələrindən biri sayılan Fransanın öz ərazilərindən kənarda Qvadelupa, Qviana, Nayotta, Martinka, Reyunyon adlı subyektlərdən ibarət, ümumilikdə, 92 min 148 kilometr sahəsi olan koloniyası var:

“Çağdaş beynəlxalq münasibətlər sistemi və insan hüquq və azadlıqları baxımından bu, nonsensdir. Özünü demokratik dəyərlərin daşıyıcısı hesab edən bir ölkənin XXI əsrdə koloniyalarının sahəsindən asılı olmayaraq müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının ayaqlar altına atılmasıdır”.

Ekspert qeyd edib ki, Fransanın işğalçı Ermənistanı özünün kiçik bacısı hesab etməsinin səbəbini də elə burada axtarmaq lazımdır:

“Fransa ilə Kanada arasında Beynəlxalq Frankofoniya Təşkilatına sahiblik uğrunda qarşıdurmanın yaranmasını və bunun Ermənistanda baş verməsini də təsadüfi saymaq olmaz. Fransa Beynəlxalq Frankofoniya Təşkilatına ənənəvi olaraq öz ilkin təyinatı – mədəni imperializm aləti kimi yanaşır. Bu, Fransa üçün təbii sərvətləri zəngin olan keçmiş koloniyaları üzərində üstünlüyünü qoruyub saxlamaq, onların təbii sərvətlərini soyub-talamaq, Afrika kimi nəhəng bir bazarda dominant rolunu əldən verməmək üçündür”.

E.Mirzəbəyli əlavə edib ki, son zamanlar Kanadanın Afrika istiqamətində yürütdüyü siyasət, qitə bazarında mövqelərini gücləndirməsi Fransanı ciddi şəkildə narahat edir:

“Kanada Fransanın keçmiş koloniyalarında Paris üçün ənənəvi olan sahəni – avtomobil ixracını də ələ keçirir. Bu baxımdan İrəvanda baş verən qarşıdurmanı daha çox geosiyasi və geoiqtisadi maraqların toqquşması müstəvisindən dəyərləndirmək lazımdır. Frankofoniya təşkilatının baş katibinin “bu təşkilat ölüdür” deməsi də qurumun elan etdiyi prinsiplərdən uzaqlaşdırılması istiqamətində Fransanın göstərdiyi səylərdir”.

Politoloq onu da bildirib ki, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin Ermənistanda keçirilməsi qərarının özü də sadalanan prinsiplərə ironik, aşağılayıcı münasibətin növbəti təzahürüdür.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər