16 Oktyabr 2018 00:44
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC tərəfindən müasir üslubda yeni inşa edilən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasının açılışı olub.

1974-cü ildə tikilən 110/10 kilovoltluq yarımstansiyanın gərginlik sinfi dəyişdirilərək 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, onun gücünün 32 meqavolt amperdən 50 meqavolt amperə çatdırılması böyük əhəmiyyət daşıyır. Yarımstansiyada 35 kilovoltluq gərginlik sinfi yaradılıb ki, bununla Lənkəran, Lerik və Masallı rayonlarının 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub. Bu isə elektrik enerjisinin dayanıqlılığının və etibarlılığının artırılmasına, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə, həmçinin çəltikçiliyin, çayçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün lazım olan elektrik enerji təchizatına müsbət təsir edir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yenidən qurulan “Lənkəran-2” yarımstansiyası Lənkəran şəhəri, 4 kənd və qəsəbə daxil olmaqla 17 min 500 abonenti elektrik enerjisi ilə təchiz edir. Eyni zamanda, bir sıra strateji obyektlər də bu yarımstansiyadan qidalanır.

Qeyd edək ki, Masallıda da yenidən qurulan “Tüklə” yarımstansiyasının gücü 32 meqavolt amperə çatdırılıb. 110 kilovoltluq “Tüklə” və “Lənkəran-1” yarımstansiyaları vasitəsilə Masallı və Lənkəran rayonlararası 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub ki, bu da Lənkəran rayonunda, o cümlədən Liman şəhərində ikinci qida mənbəyinin yaradılması, bununla da hər iki rayonun elektrik təchizatının dayanıqlılığının artırılması deməkdir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yeni yarımstansiya 70 min əhalini və 516 obyekti elektrik enerjisi ilə təchiz edir.

Həmçinin prezidentin səfəri çərçivəsindəistifadəyə verilən müəssisələrdən biri də Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyası olub.

Səkkiz şöbədən ibarət laboratoriyada inzibati və laborator baxış otaqları yaradılıb. Gün ərzində 300 sınaq aparmaq potensialına malik laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri vardır. Burada kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən bioloji tullantıların ozonlaşdırma texnologiyası əsasında zərərsizləşdirilməsi həyata keçirilir.

Nümunə qəbulu, toksikologiya, fiziki-kimyəvi müayinələr, mikrobiologiya, virusologiya, parazitologiya, karantin ekspertiza şöbələrində zəruri laborator müayinələrin aparılması üçün müasir avadanlıq quraşdırılıb, hər cür şərait yaradılıb.

Eləcə də Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi istifadəyə verilib.

Ölkəmizdə əsas kənd təsərrüfatı regionlarından olan Lənkəranda son illərdə bu sahədə görülən işlər əhəmiyyəti ilə seçilir. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti böyük maraq doğurur. Burada Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə 63 növ xidmət göstərilir. Mərkəzdə 58 nəfər çalışır.

Qeyd edək ki, Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Mərkəzlərin təşkili aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşdirilməsini qeyd etmək olar.

Mərkəz Lənkəran şəhərində qeydiyyatda olan vətəndaşlara xidmət göstərəcək. Lənkəran Regional Toxum Sertifikatlaşdırma Mərkəzi Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarını əhatə etməklə bu rayonlarda toxum və ting istehsalçılarının əkinlərinin qeydiyyatının təşkili, kənd təsərrüfatı bitkilərinin toxumluq əkinlərinin və tinglərin sort eyniliyinin və təmizliyinin, xəstəlik və zərərvericilərlə yoluxmanın müəyyənləşdirilməsini, habelə onların sertifikatlaşdırılmasının təşkilini, toxum və ting istehsalı ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərin attestasiyası məqsədilə müvafiq rəy verilməsini təşkil edir.

Lənkəran Regional Aqrokimya Laboratoriyası torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılıb, müasir cihaz və avadanlıqla təchiz edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər